Bu gün Azərbaycanın Özbəkistandakı səfirliyi Daşkənddəki Mərkəzi Asiya Beynəlxalq İnstitutu ilə birgə “Özbəkistan və Azərbaycan: Alyans və regionlararası əməkdaşlığın yeni perspektivləri” mövzusunda dəyirmi masa keçirib.
Tədbir Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin bu il iyulun 2-dən 4-dək Azərbaycana son dövlət səfərinin yekunlarına və səfər zamanı əldə olunan razılaşmaların praktiki həyata keçirilməsinə həsr olunub.
Müzakirələrdə iki ölkənin ekspert və işgüzar dairələrinin nümayəndələri, o cümlədən Azərbaycandan Milli Məclisin deputatı Rasim Musabəyovun rəhbərlik etdiyi nümayəndə heyəti, ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev. politoloq Tofiq Abbasov, ADA Universitetinin ekspertləri iştirak ediblər. Tədbirdə siyasi dialoq, iqtisadi tərəfdaşlıq və regionlararası əlaqələrə həsr olunmuş üç sessiya keçirilib.
Tədbiri açan institut direktorunun müşaviri Səidmuxtar Səidqasımov Özbəkistan-Azərbaycan münasibətlərinin etimad və qarşılıqlı dəstək ruhunda dinamik inkişaf etdiyini vurğuladı. Müttəfiqlik münasibətləri haqqında Müqavilənin bağlanması və Ali Dövlətlərarası Şuranın fəaliyyətə başlaması sayəsində ikitərəfli əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldiyi vurğulanıb.
Azərbaycanlı ekspertlər çıxışlarında iki ölkə liderlərinin güclü siyasi iradəsinin vacibliyinə diqqət çəkiblər.
Hüseyn Quliyev bildirib ki, ölkələrimiz arasında münasibətlər dinamik inkişaf yolunu tutub. Bu il oktyabrın 2-də ölkələrimiz arasında diplomatik münasibətlər yaranmasının 30 ili tamam olur. Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsi əməkdaşlığın inkişafına güclü təkan verib. Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin öz ölkələrində sosial-iqtisadi, humanitar, ekologiya və digər sahələrdə apardıqları islahatlar əhalinin rifah halının yüksəldilməsinə yönəldilib.
Milli Məclisin deputatı Rasim Musabəyov bildirib ki, Özbəkistan və Azərbaycan praktikada etimada və qarşılıqlı faydaya əsaslanan səmərəli müttəfiqlik nümunəsi nümayiş etdirirlər.
Deputat qeyd edib ki, "Türkiyə Qərbdə, Özbəkistan isə Şərqdə ən güclü türk dövlətidir. Ortada yerləşən Azərbaycan türk dünyasının iki qütbü arasında bu əlaqələri gücləndirən bir rabitə mərkəzi rolunu oynayır. Biz bütün beynəlxalq məkanlarda həmrəylik yaratmaq, güclü Türkiyə və Özbəkistan arasında əməkdaşlıq, həm də güclü Azərbaycan deməkdir. Yaranmış etimad münasibətləri tərəflərə gündəlikdəki bütün məsələləri açıq müzakirə etməyə və müasir çağırışlarla birgə mübarizə aparmağa imkan verir.
Müzakirələr zamanı Özbəkistan Prezidentinin Azərbaycanın bu gün “Mərkəzi Asiya ilə Avropanı birləşdirən strateji körpü” rolunu oynaması barədə bəyanatı xüsusilə vurğulanıb. Dəyirmi masa iştirakçılarının fikrincə, tərəfdaşlığa bu regionlararası yanaşma Daşkənd və Bakı arasında regional miqyasda alyansın artan rolunu əks etdirir.
Tofiq Abbasov deyib ki, Bakı və Daşkənd siyasi dialoqu əməli tərzdə davam etdirir və buna böyük ehtiyac var. Qafqazın özünəməxsus riskləri var, Mərkəzi Asiyanın da qarşısında mülayim çağırışlar mövcuddur. Dünya qarşısında da çoxsaylı problemlər və qayğılar var. Bu məsələlərlə bağlı ölkələrimizin liderləri ortaq baxış və yanaşmalar nümayiş etdirir, yeni innovativ qərarlar verir və həmahəng fəaliyyət göstərirlər.
İkinci sessiyada iqtisadi əməkdaşlığın genişləndirilməsi, nəqliyyat və logistika potensialının inkişafı, birgə enerji təşəbbüsləri müzakirə olunub. İştirakçılar qeyd ediblər ki, ən yüksək səviyyədə aktiv təmaslar sayəsində ticarət-iqtisadi tərəfdaşlıq əhəmiyyətli artım nümayiş etdirib. Belə ki, 2025-ci ildə ikitərəfli ticarət dövriyyəsi 25 faiz artaraq, Özbəkistanın Orta Dəhliz vasitəsilə yük daşımaları baxımından 1 milyon tonu ötüb. Özbəkistanda və Azərbaycanda 300-ə yaxın birgə müəssisə uğurla fəaliyyət göstərir. Dövlət başçılarının son ikitərəfli görüşləri zamanı tərəflər 2025-2027-ci illər üçün Sənaye Kooperasiyası Proqramının və 2030-cu ilədək ticarət həcminin 1 milyard dollara çatdırılması üzrə Fəaliyyət Planının həyata keçirilməsi barədə razılığa gəliblər.
Ekspertlər nəqliyyat kommunikasiyalarının inkişafına xüsusi diqqət yetiriblər. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) çərçivəsində əməkdaşlığın hər iki ölkənin və bütün regionun uzunmüddətli maraqlarına cavab verdiyi vurğulanıb.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd