Milli Kitabxanada “Xalq şairi Fikrət Qoca” adlı tədbir keçirilib

post-img

Avqustun 22-də Milli Kitabxanada Azərbaycan Respublikası Prezidentinin “Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qocanın 90 illik yubleyinin qeyd edilməsi haqqında” Sərəncamına müvafiq olaraq Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə  birgə təşkil etdiyi “Xalq şairi Fikrət Qoca” adlı tədbir keçirilib.

XQ xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov  qonaqları salamlayaraq bildirib ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qoca yorulmaq bilmədən ömrünü Azərbaycan ədəbiyyatının inkişafına sərf edib.   Direktor Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  8 may 2025 – ci il tarixində Xalq şairi Fikrət Qocanın 90 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzaladığını qeyd edib. Milli Kitabxana tərəfindən Xalq şairinə həsr olunmuş “Fikrət Qoca. Biblioqrafiya” kitabının  hazırlandığını  vurğulayıb.  

Xatirələrini bölüşən direktor Fikrət Qocanın çox təvazökar insan, nəğməkar şair olduğunu, Azərbaycanın görkəmli bəstəkarlarının onun şeirlərinə musiqi bəstələdiyini  bildirib.  Azərbaycan ədəbiyyatı yaşadıqca  Fikrət Qocanın onu sevənlərin  yaddaşında əbədi yaşayacağını söyləyib.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid Fikrət Qoca ilə bağlı xatirələrindən söz açaraq, onu şəxsən tanımamışdan öncə şeirlərinə heyran olduğunu və bir neçə şeirini əzbər bildiyini söyləyib. Fikrət Qoca ilə Yazıçılar Birliyində bir yerdə işlədiyini,  bir çox səfərlərdə yol yoldaşı olduğunu qeyd edib. Fikrət Qocanın gözəl insani keyfiyyətlərə sahib olduğunu vurğulayıb.  Əlavə edib ki, Fikrət Qoca Azərbaycanda ən çox sözlərinə musiqi bəstələnən şair olub. Xüsusilə də gənclərə diqqət göstərib.  Onun şeirləri Azərbaycan ədəbiyyatında əbədi olaraq yaşayacaqdır.

Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı İlqar Fəhmi Azərbaycan ədəbiyyatının, mədəniyyətinin və incəsənətinin  bir çox sahələrində Fikrət Qocanın əməyi olduğunu söyləyib. Fikrət Qocanın dünyada və ölkədə  baş verən ictimai proseslərə, sosial hadisələrə bədii və publisistik yazıları ilə münasibət bildirdiyini qeyd edib. Fikrət Qoca  yaradıcılığının  əsasını  ictimai-siyasi və sosial  münasibət və nəğməkar şair kimi incə, zərif və həzin ruh təşkil etdiyini söyləyib.

Tədbirdə həmçinin Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağasəs, şairə Aybəniz İsmayılova çıxış ediblər. Onlar öz çıxışlarında Fikrət Qocanı Azərbaycan poeziyasında öz dəsti-xətti olan novator şair,  obyektivlik simvollu kimi xarektirizə ediblər. Xalq şairi haqqında xatirələrini bölüşblər.

 Sonda Xalq şairi Fikrət Qocanın bacısı, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Güldəniz Qocayeva çıxış edərək, tədbirin təşkilinə görə Azərbaycan Milli Kitabxanasının rəhbərliyinə və  tədbir iştirakçılarına öz təşəkkürünü bildirib. Qardaşı haqqında xatirələrini bölüşərək qeyd edib ki, Fikrət Qocada hər zaman yenilikçi ruh olub. Vətəninə, xalqına olan sonsuz məhəbbəti əsərlərində daim hiss olunub.

Sonra Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Xalq şairi Fikrət Qoca”  adlı elektron məlumat bazasının (https://anl.az/el/emb/Fikret_Qoca/index.html) və virtual sərginin (https://anl.az/el/vsb/Fikrat_Goja_90/index.htm) təqdimatı olub.

Sonda tədbir iştirakçıları Xalq şairi Fikrət Qocanın 90 illik yubileyinə həsr olunmuş “Xalq şairi Fikrət Qoca-90”  adlı ənənəvi kitab sərgisi ilə tanış olublar.

































Mədəniyyət