Dahi bəstəkarın mədəni quruculuq missiyası

post-img

Üzeyir Hacıbəyli – 140

Bəstəkar, musiqişünas, ictimai xadim, publisist, dramaturq, pedaqoq Üzeyir Hacıbəylinin yaradıcılıq yolu çox mürəkkəb, çətin, keşməkeşli olmuşdur. Onun zəngin və geniş yaradıcılıq fəaliyyəti Azərbaycan tarixinin, mədəniyyətinin ən ziddiyyətli, təlatümlü, fırtınalı dövrlərinə təsadüf etmişdir.

Taleyinə fərqli ictimai formasiyalarda - rus imperiyasında, Azərbaycan Xalq Cümhuriyyətində, Sovet-kommunist rejimində yaşamaq nəsib olan Üzeyir Hacıbəyli bütün bu quruluşlarda hər cür təzadlıqlara, təqiblərə baxmayaraq, hər zaman öz əqidəsinə, məsləkinə, ideallarına sadiq qalmış, ömrünün sonunadək xalqına, vətəninə sədaqətlə qulluq etmişdir.

Həyatında bir çox sınaqlardan çıxmış Üzeyir Hacıbəylinin təqiblərdən xilas olmasında və repressiya qurbanına çevrilməsinin qarşısının alınmasında xalqa, vətənə müstəqil Azərbaycanın gələcəyi naminə göstərdiyi misilsiz xidmətləri həlledici rol oynamışdır. Dahi bəstəkar yaradıcılığı boyu çoxtərəfli fəaliyyəti ilə xalqın savadlanmasına, hüquqlarının qorunmasına, qəflət yuxusundan oyanmasına, maariflənməsinə, musiqisinin və mədəniyyətinin qorunması və inkişafına yol açan böyük işlərə imza atmışdır.

Həyatının ilk təhlükəli dövrü gənc yaşlarında, 1905-ci ildə Cəbrayıl qəzasında erməni – daşnakların azərbaycanlılara qarşı törətdikləri qırğın ilə bağlı olmuşdur. Əmək fəaliyyətinə 1904-cü ildə Qarabağda, Cəbrayıl qəzasının Hadrut kəndində müəllim kimi fəaliyyətə başlayan gənc Üzeyir xalqının acınacaqlı həyatını, maarif məsələlərini, xüsusilə də, ermənilərin kəndlərdə törətdikləri qırğınları, qarətləri əməkdaşlıq etdiyi “Kaspi” qəzetində işıqlandırmışdır. Onun bu fəaliyyətinin düşmənləri tərəfindən qisasla nəticələnməsindən xəbərdar olan xeyirxahlar Ü.Hacıbəylinin gecə ikən kənddən uzaqlaşıb Bakıya yola düşməsinə şərait yaratmaqla onu böyük təhlükədən xilas edirlər.

Bakıda Ü.Hacıbəyli olduqca məhsuldar və geniş olan ədəbi-publisistik fəaliyyətini “İrşad”, “Həyat”, “Tərəqqi” (1909-cu il iyun-sentyabr), “Həqiqət” (baş redaktor – qısa müddətə), “Yeni iqbal” (1914-1918-ci illər baş redaktor), daha sonra Azərbaycan Demokratik Respublikasının ən aparıcı nəşri olan “Azərbaycan” qəzetlərində (1918-1920-ci illər baş redaktor) davam etdirir. Bu qəzetlərdə Ü.Hacıbəylinin alovlu, cəsarətli çıxışları onun əsl vətənpərvər, xalqı və milləti düşünən ziyalı, siyasi cəhətdən püxtələşmiş jurnalist olduğunu göstərir. Lakin publisistik fəaliyyəti ilə yanaşı, Ü.Hacıbəyli muğam operaları, musiqili komediyalar bəstələyir, cəmiyyətdəki çatışmazlıqları tənqid və ifşa edən dramaturq kimi çıxış edir.

Lakin o, yaradıcılığında musiqiyə üstünlük verməklə məşhur bəstəkar kimi şöhrət tapır. Onun Bakıda dövrünün görkəmli şəxsiyyətləri - Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Məmmədəmin Rəsulzadə və b. ilə yaxın əlaqələri onun ictimai xadim kimi fəaliyyətinə böyük təsir göstərir. Onu da qeyd edək ki, Üzeyir Hacıbəylinin 1907-ci ildə nəşr etdirdiyi “Siyasi, hüquqi, iqtisadi və hərbi sözlərin türkü-rusi və rusi-türkü” lüğətinin redaktoru və naşiri, ön sözün müəllifi Məhəmməd Əmin Rəsulzadə olmuşdur.

1918-ci ildə Bakıda vətəndaş müharibəsinin başlaması, 26 Bakı komissarlarının rəhbəri Stepan Şaumyanın təşkilatçılığı ilə daşnak-bolşeviklərin Mart qırğınları zamanı Üzeyir Hacıbəylinin yaxın dostu Nəriman Nərimanovun təhrikilə buradan uzaqlaşaraq İrana uzunmüddətli qastrol səfərinə çıxması onun və bir çox sənət adamlarının həyatının xilas edilməsi üçün yeganə çıxış yolu olur. Milli dirçəliş ideyaları ilə yaşayan Üzeyir bəy Bakıda erməni–bolşevik hökmü altında ömür sürməyi özünə sığışdıra bilmədiyinə görə, ehtimal ki, onun həmin dövrdə İrana qastrol səfəri də məcburi olub.

Azərbaycanın müstəqilliyinə qarşı hücumlar Ü.Hacıbəylinin musiqisinin, əsərlərinin düşmənlərimiz tərəfindən “işğalı”, onun özünə qarşı təhdid və “donoslar”la paralel aparılmışdır. Belə ki, bəstəkar İranda olduğu zaman Bakıda rus-erməni birliyinin tüğyan etdiyi dövrdə Sentrokaspi diktaturasının himayəsi altında dünyaca məşhur “Arşın mal alan” operettası Mayılov teatrında ermənicə oynanılır və erməni musiqisi kimi qələmə verilirdi. Belə mənimsəmə faktı artıq ənənə halını almağa başlayır. Hələ çar Rusiyası dövründə operettanı erməni dilində bir çox şəhərlərdə səhnəyə qoymağa icazə alan Sidrak Maqalyan Üzeyir bəylə razılaşdırılan müqavilə şərtlərini pozaraq əsəri 1921-ci ildə ABŞ-da da nümayiş etdirir və erməni əsilli rejissor Ruben Mamulyana satmaqla 1937-ci ildə eyniadlı filmin çəkilişinə imkan yaradır. Beləliklə də, “Arşın mal alan” erməni xalqının bədii məhsulu kimi təqdim olunur.

Üzeyir Hacıbəyli 1920-ci il 16 yanvar tarixində qardaşı Ceyhun Hacıbəyliyə yazdığı məktubunda da İstanbuldakı səfirimiz Yusif Vəzirovun məlumatına əsaslanaraq ermənilərin fransızca “Renessans” qəzetində “Arşın mal alan”ın müəllifinin erməni olduğu haqqında iddianı böyük həyəcanla bildirir.

Təəssüf ki, uzun zaman dahi bəstəkarın həyatının bu səhifələri “qaranlıq” qalmış, üstündən səthi keçilmişdir. Belə neqativ halların qarşısını məhz İkinci Dünya müharibəsinin ən qızğın çağında İosif Stalinin göstərişi ilə operettanın ekranlaşdırılması alır.

Üzeyir Hacıbəylinin istər publisistik, istərsə də musiqi sahəsindəki fəaliyyəti erməni millətçilərini həddən artıq hiddətləndirirdi ki, bu da onları xalqımıza məxsus milli, maddi-mədəni sərvətləri mənimsəməyə, bunu bacarmadıqda isə məhv etməyə gətirib çıxarırdı. 1918-ci ilin qanlı Mart hadisələri bunu əyani sübut edirdi. Nəinki Bakıda, Azərbaycanın digər bölgələrində onların törətdikləri vəhşiliklər, vandalizm aktları xalqımıza məxsus olan maddi-mədəni abidələrin dağıdılmasına, tarixin səhifəsindən yox etməyə yönəlmişdi. Bunun biz XX əsrin sonlarında da canlı şahidi olduq.

Azərbaycan Demokratik Respublikası elan edildikdən sonra Ü.Hacıbəyli və onun truppası İran səfərindən Bakıya döndükdə artıq şəhər düşmənlərdən təmizlənmişdi. Cümhuriyyət illərində onun Azərbaycan, türkçülük uğrunda çalışan, xalqı “müsəlman ümmətindən türk millətinə” çevirmək uğrunda mübarizə aparan, milli dirçəliş, milli özünüdərk ideyasına xidmət göstərən şəxsiyyətlərlə dostluq münasibətləri, Demokratik Respublikanın Dövlət himninə musiqi bəstələməsi, həmçinin doğma qardaşı Ceyhun Hacıbəylinin mühacirətdə olması Ü.Hacıbəylinin yaradıcılığının sonrakı dövründə onun təqib edilməsinə əsas verən ciddi səbəblər idi.

Həqiqətən, 1919-cu ilin sentyabrından 1920-ci ilin 27 aprel tarixinədək Ü.Hacıbəylinin redaktəsi ilə buraxılan “Azərbaycan” qəzetinin səhifələrindəki çıxışlarında ictimai-siyasi publisistikanın önə çıxması onu bu janrın ən qabaqcıl nümayəndələri – Əhməd Ağaoğlu, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Məhəmməd Əmin Rəsulzadə, Yusif Çəmənzəminli ilə bir səviyyəyə qaldırırdı. Məqalələrində Üzeyir Hacıbəylinin istiqlal ideallarına sadiqliyi, vətənpərvərliyi, türkçülüyü, xalqın problemlərinə diqqətlə yanaşması və bunların həlli yollarının göstərilməsi və s. dolğun əksini tapır, məzmun və mövzu baxımından nikbinliyi, ruh yüksəkliyi ilə seçilirdi. Hər bir çıxışında gələcəyə, istiqlalın qorunub saxlanılmasına böyük ümid, inam aydın ifadə olunurdu.

1920-ci il aprelin 28-də bolşeviklərin hakimiyyətə gəlməsindən sonra Üzeyir bəyin həbs edilərək qətlə yetirilməsi təhlükəsi getdikcə artırdı. Onu bu təqiblərdən yalnız yazdığı dəyərli musiqi əsərləri və musiqi mədəni quruculuq fəaliyyəti xilas edir. Azərbaycanda sovet hakimiyyəti qurulduğu ilk günlərdən Ü.Hacıbəyli musiqi təhsil ocaqlarının açılması ilə məşğul olur, musiqi kollektivlərinin təşkili, musiqi dərsliklərinin və proqramlarının hazırlanması istiqamətində fəal iş aparır ki, bu da onun şəxsiyyətinin daha bir vacib cəhətini - ictimai fəaliyyətini nəzərə çatdırır.

Buna baxmayaraq, bəstəkarın əleyhdarları onun keçmiş siyasi baxışlarını qabardaraq (“millətçi”, “pantürkist”, “müsavatçılıq” və s.) yeni quruluşa düşmən mövqedə olmasını sübut etməyə çalışırdılar. Belə təftiş xarakterli yazıların və çıxışların bolşevik mətbuatında da özünə yer alması Ü.Hacıbəylinin gələcək fəaliyyəti üçün ciddi təhlükə doğururdu.

Bu yazılar arasında erməni əsilli müəlliflər xüsusi canfəşanlıq göstərirdilər. Onlardan Azərbaycan musiqiçiləri ilə sıx yaradıcılıq əlaqəsində olan və onların yaradıcılığından çox şeyi öyrənən kamança ifaçısı Saşa Oqanezaşvili paradoksal olsa da, “Üzeyir Hacıbəyovu Azərbaycan musiqisinin inkişafında lazımınca çalışmamaqda” ittiham etməklə öz məkrli niyyətini ortaya qoyurdu. Belələri arasında “özümüzünkülər” də fəallıq göstərirdi.

Bunlardan biri “Kommunist” qəzetində Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 10 illiyi münasibətilə nəşr etdirdiyi məqalədə Ü.Hacıbəylinin Cümhuriyyət dövrünə atmacalarla onun keçmişini yenidən yada salaraq yazır: “Gözünə girsin, Məhəmməd Əmin Rəsulov! Azərbaycanın 10 illiyi gecəsində... 200-ə qədər türk qızı Azərbaycan himni oxuyurdu! Hələ bu himnin kim tərəfindən yazıldığını bilsən, bağrın çatlar. Onu Üzeyir Hacıbəyov yazmışdır. O Üzeyir ki, sənin çıxardığın mürtəce “Azərbaycan” qəzetinə müvəqqəti müdirlik edirdi. O Üzeyir ki, indi çıxışda bulunaraq öz təşəbbüsü ilə Azərbaycanın 10 illiyi himnini yazmış, türk qızlarına oxutdurur və özü dirijorluq edir. Görürsənmi, vaxtilə bel bağlamaq istədiyin adamlar belə sizə nifrət edərək üz çevirmiş və Şuralar Azərbaycanın mədəni quruluşu işlərində ən aktiv iştirak edir”.

Nə qədər təxribat xarakterli olsa da, belə yazılarda yalnız bir məqam həqiqəti əks etdirir ki, bu da Üzeyir Hacıbəylinin Azərbaycan xalqına, mədəniyyətinə, ölkənin mədəni-siyasi dirçəlişinə eyni əzmlə xidmət göstərməsi idi.

Belə hücumlar, xüsusilə, Ü.Hacıbəylinin 1936-cı ildə SSRİ Ali Sovetinə keçirilən seçkilərdə xalq deputatları sıralarında yer tutduqdan sonra daha da artır. Azərbaycan professional musiqisinin banisi, sovet musiqi mədəniyyətinin qabaqcıl nümayəndələrindən biri olmasına baxmayaraq, belə anonimlərin yuxarı instansiyalara çatdırılması dahi bəstəkarın həyatının daim təhlükə və qorxu içində keçməsinə, mənəvi sarsıntılar keçirməsinə zəmin yaradırdı.

Cümhuriyyət dövründəki fəaliyyəti unudulmasa da, dahi Ü.Hacıbəylinin sənəti, musiqisi xalq tərəfindən sevildiyinə görə onun Şura hökuməti sıralarında yer alması möcüzə, yoxsa düşünülmüş addım idi? Yəqin ki, belə bir şəxsiyyətin nüfuzundan istifadə edərək onun mədəni quruculuğa cəlb edilməsi dərin siyasi məna daşıyırdı. Bəlkə də bu səbəbdən keçmiş ictimai-siyasi fəaliyyətinə görə repressiyalar əvəzinə müxtəlif təltif, mükafat və fəxri adlara layiq görülməsi Ü.Hacıbəyliyə keçmişi unutdurmaq, əqidəsini dəyişmək, yeni rejimə qulluq etmək üçün atılan addım idi. Rejimin və siyasi vəziyyətin mürəkkəbliyini, mənfur əməllərini görən Ü.Hacıbəyli iztirab, təlaş, daxili təşviş və mənəvi sıxıntı keçirərək yalnız və yalnız öz xalqına sonadək qulluq edəcəyinə əmin idi. Belə ki, Cümhuriyyət dövründə onun ətrafında olan yaxın dostları və məsləkdaşları - Əhməd Cavad, Mikayıl Müşfiq, Hüseyn Cavid və bir çoxları artıq çoxdan repressiya qurbanı olmuşdular.

Maraqlıdır ki, məhz bu dövrdə Ü.Hacıbəyli publisistikadan uzaqlaşaraq özünün türkçülük, müstəqil dövlətçilik, qəhrəmanlıq, milli özünüdərk ideyalarını sözlə deyil, məhz musiqi dili ilə öz əsərlərində canlandırırdı. Bunun da bariz nümunəsi “Koroğlu” operası oldu. Milli musiqi mədəniyyətinin inkişafında böyük roluna, musiqi və teatr sənətindəki xidmətlərinə görə Ü.Hacıbəyli 1938-ci ildə SSRİ Xalq artisti adını alan ilk Azərbaycan bəstəkarı olmuşdur. Bu fəxri adların alınmasında 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti və mədəniyyətinin ongünlüyündə “Koroğlu” operasının “Böyük teatr”ın səhnəsində nümayiş etdirən Azərbaycanın incəsənət xadimlərinin möhtəşəm çıxışları səbəb olmuşdur. Stalin iki dəfə seyr etdiyi bu operanın bəstəkarı və əsas iştirakçılarını ölkənin ən yüksək və nüfuzlu fəxri adlarına layiq görmüşdür.

Bunun ardınca Ü.Hacıbəyli 1938-ci ildə Lenin ordeni kavaleri, 1941-ci ildə “Koroğlu” operasına, 1946-cı ildə isə “Arşın mal alan” filminə görə Stalin mükafatına layiq görülür.

Qeyd etdiyimiz kimi, 70-ə yaxın dilə dublyaj edilən “Arşın mal alan”ın ekranlaşdırılması ilə onun şöhrəti bütün dünyanı dolaşır ki, bu da ölkəyə indiyədək görünməmiş həcmdə, heç bir filmdən əldə olunmayan miqdarda böyük gəlir gətirir. Filmin məşhurlaşması onun baş qəhrəmanı - Əsgər rolunun ifaçısı gənc Rəşid Behbudovun da ilk debyutu olaraq onun populyarlaşmasında və tanınmasında mühüm rol oynayır.

“Arşın mal alan”ın ekranlaşma sayəsində korifey sənətkarların səhnə fəaliyyətinin əyaniləşməsi və tarixi sənədləşməsi baş verdi. Məhz belə uğurlu yaradıcılıq birliyi sayəsində yaranan filmin yaradıcılarına - bəstəkar və libretto müəllifi Ü.Hacıbəyliyə, rejissor Rza Təhmasibə, Rəşid Behbudova, Leyla Bədirbəyliyə, Ələkbər Hüseynzadəyə, Lütfəli Abdullayevə, Münəvvər Kələntərliyə 1946-cı ildə Stalin mükafatı təqdim olunur.

Musiqi əsərləri ilə bərabər, Ü.Hacıbəyli fundamental elmi-tədqiqat işi apararaq 1945-ci ildə “Azərbaycan xalq musiqisinin əsasları” əsərini yazıb nəşr etdirməklə XX əsr müasir Azərbaycan musiqi elminin bünövrəsini qoymuş və onun gələcək inkişaf yolunu müəyyənləşdirmişdir. Həmin ildə təşkil olunan Azərbaycan Milli Elmlər Akademiyasına seçilən ilk 15 həqiqi üzvdən biri də Üzeyir Hacıbəyli idi. Onun, həmçinin Azərbaycan Bəstəkarlar İttifaqının ilk sədri kimi böyük bəstəkar nəslinin formalaşmasında müstəsna rolu olur.

Üzeyir Hacıbəyli mənalı və şərəfli həyat yolu keçmişdir. Bütün çətinliklərdən və sınaqlardan üzüağ, alnıaçıq çıxan dahi sənətkar həyatdakı öz missiyasını - Azərbaycan mədəniyyətinin inkişafı və tərəqqisi uğrunda var qüvvəsi ilə çalışaraq onun yüksək nailiyyətlər qazanmasında tarixi rolunu yerinə yetirmiş, maarif, incəsənət, publisistika yoluna saldığı işıq bu gün də öz parıltısını itirməmişdir.

Akif QULİYEV,
Azərbaycan Milli Konservatoriyası musiqinin tarixi və nəzəriyyəsi kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

Mədəniyyət