AMEA Nəsimi adına Dilçilik İnstitutunda müzakirə
Hər bir xalqın, etnik toplumun varlığını müəyyənləşdirən, onu başqalarından fərqləndirən mühüm amillərdən ən başlıcası onun dilidir. Ana dilini yaşadan, inkişaf etdirən isə onu yaradan xalqdır.
Əsrlərin sınağından çıxaraq daş kitabələrdən üzü bu yana uzun, çətin, şərəfli yol keçib, Dədə Qorqud qopuzundan, Koroğlu sazından süzülüb gələn doğma dilimiz həzin və şirin ana laylası ilə canımıza, qanımıza hopub. Füzulinin, Nəsiminin, Şah İsmayılın, Vaqifin, Səməd Vurğunun sözündə, şeirinin avazında qanad açan, ana südü kimi təmiz, dağ çiçəyi kimi təravətli ana dilimiz ağız ədəbiyyatı nümunələri olan bayatılarla, qoşmalarla, nağıllarla, dastanlarla uzun, enişli-yoxuşlu yol keçib bu günümüzə çatıb.
“Mən fəxr edirəm ki, azərbaycanlıyam” deyən, hər kəsə öz ana dilində danışmağı tövsiyə edən Ümummilli lider Heydər Əliyev hələ sovetlər dönəmində Azərbaycan dilinin dövlət dili statusu qazanmasına nail olub. Yalnız Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə milli inkişafımızda faciələr doğurmuş mənfi halların qarşısı alınıb. Vətənimizin başı üstündə müstəqillik günəşi doğduqdan sonra isə ana dilimiz də öz haqqına qovuşub. Ulu öndərin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dilinin dövlət statusu təsbit olunub.
2001-ci ilin avqust ayında Prezident Heydər Əliyevin fərmanı ilə rəsmi olaraq latın əlifbasına keçid başlanıb. 2003-cü ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qüvvəyə minib.
Ümummilli lider deyirdi: “Azərbaycan dilinin dövlət dili kimi həyatımızın bütün sahələrində yaşaması və inkişafına hərtərəfli şərait yaradılmış, onun zənginləşməsi və dünya dilləri arasında layiqli mövqe tutması üçün daha geniş perspektivlər açılmışdır... Hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdır”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışında ana dilimizin qorunması ilə bağlı çox mühüm mesajlar verdi. Azərbaycan dilinin təmizliyinin, saflığının yad təsirlərdən qorunmasını alim, dilçi, şair və yazıçıların qarşısında mühüm vəzifə olaraq qoydu, onları bu məsələyə münasibət bildirməyə və dəstək göstərməyə çağırdı.
Dövlət başçısının çağırışına çevik cavab verən AMEA Nəsimi adına Dilçilik İnstitutunda qarşıya qoyulan Ümummilli önəm daşıyan məsələ geniş müzakirə olunub. Dilçi alimlərin məsələ ilə bağlı söylədikləri fikir, mülahizə və təklifləri, müəyyənləşdirilən elmi fəaliyyət istiqamətlərini oxucularımıza təqdim edirik.
Baba MƏHƏRRƏMLİ,
elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent
– Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki tarixi çıxışında Azərbaycan ədəbi dilinin saflığının qorunması məsələsinə xüsusi yer verilməsi dövlət başçısının ana dilimizə böyük diqqət və qayğısının parlaq təzahürüdür. Cənab Prezident qeyd etdi ki, əgər biz bir xalq, bir millət kimi dilimizi qorumasaq, o zaman milli kimliyimiz sarsıla bilər. Nəsimi adına Dilçilik İnstitutunun bütün əməkdaşları dövlət başçısının bu tarixi çıxışını ana dili ilə bağlı inkişaf konsepsiyası kimi yüksək qiymətləndirirlər və bu çıxışdan irəli gələn vəzifələri həll etmək üçün daha da səylə çalışacaqlar.
XX əsrin əvvəllərində Üzeyir Hacıbəylinin, Yusif Vəzir Çəmənzəminlinin, Ömər Faiq Nemanzadənin mətbuatda ana dilimizin saflığı ilə bağlı publisistik yazıları bu gün də aktuallığını qorumaqdadır. Azərbaycan xalqının genetik yaddaşını, milli stereotiplərini, etnik psixologiyasını yaşadan ana dilimizi qorumaq hər bir vətəndaşımızın, ziyalımızın mənəvi borcudur. Televiziya ekranlarında, mətbuatda, reklam və afişalarda, ictimai iaşə obyektlərinin adlarında ədəbi dil normalarının pozulması yolverilməzdir. Televiziya məkanında nitqin saflığına nəzarət gücləndirilməlidir. Bəzən teleaparıcılar sözləri qardaş Türkiyə türkcəsinin orfoepiyasına uyğun olaraq tələffüz edirlər (məsələn, filan deyil, falan, digər deyil, diyər şəklində). Hətta türk dilinin qrammatik formaları süni şəkildə dilimizə gətirilir (məsələn, gəlib də, gedib də və s.).
Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Reklam Agentliyi paytaxtda müxtəlif obyektlərin adlandırılmasındakı qüsurlara, reklamlardakı nöqsanlara göz yummamalı, sahibkarlar öz obyektlərinin adlarını milli adlarla adlandırmalıdırlar.
Bu gün şəhərimizdə bir çox restoran və kafelərin, şadlıq saraylarının adları Avropa mənşəlidir. 2002-ci il 30 sentyabr tarixində qəbul olunmuş “Dövlət dili haqqında qanun”da Azərbaycan dilinin dövlət dili səviyyəsində müxtəlif sahələrdə tətbiqi və işlənməsi məsələsi dəqiq təsbit olunmuşdur. Bu qanuna görə, dövlət dilinin normalarının pozulması ilə bağlı fiziki, hüquqi və vəzifəli şəxslər məsuliyyət daşıyırlar.
Nəsimi adına Dilçilik İnstitutu elmi-tədqiqat müəssisəsi olduğundan dil pozuntularına görə inzibati tədbirlər həyata keçirmək səlahiyyətinə malik deyil. İnstitut bununla bağlı ancaq tövsiyələr verir, hesabatlar hazırlayır və müvafiq qurumlar qarşısında məsələlər qaldırır. Fikrimizcə, dil pozuntularına nəzarət etmək üçün müvafiq dövlət qurumlarına müəyyən səlahiyyətlər verilməlidir. Müqayisə üçün göstərək ki, Baltikyanı ölkələrdə dil qurumlarının icazəsi olmadan, heç bir obyektə ad qoyula bilməz. Həmin ölkələrdə “dil polisi” mövcuddur.
Ədəbi dil ana dilimizin inkişafının ən yüksək mərhələsidir. Düzgün ədəbi dildə danışmaq üçün bədii mütaliə gücləndirilməli, gənclər arasında təşviqat işləri aparılmalı, istər dövlət, istərsə də özəl televiziyalarda ana dili ilə bağlı verilişlər təşkil olunmalıdır. Bir sözlə, ana dilimizin səlisliyi probleminə həssas yanaşılmalı, bəzi hallarda isə məcburiyyət olduqda inzibati tədbirlər görülməlidir. Cənab Prezidentin tarixi çıxışını yüksək qiymətləndirir və hər bir vətəndaşımızı dilimizi göz bəbəyi kimi qorumağa çağırırıq.
Sayalı SADIQOVA,
terminologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor
– Prezident İlham Əliyevin alimlərimizin qarşısında qoyduğu məsələlər, problemlər cəmiyyətin və elmi mühitin yeni inkişaf meyarlarını müəyyənləşdirmək baxımından olduqca əhəmiyyətlidir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin taleyi barədə təməl düşüncələrini şərtləndirən dil quruculuğu haqqında ideya istiqaməti bu gün də dövlət siyasətinin tərkib hissəsi kimi müasir siyasi baxışlara uyğun səviyyədə aparılır. “Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır” çağırışı dövlətin dil siyasətinin manifestidir. Cənab Prezidentin ana dilinin geniş, maneəsiz işləkliyi üçün göstərdiyi siyasi qətiyyət, milli iradə, gördüyü məqsədyönlü işlər Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə xidmət edir.
Beynəlxalq əlaqələrin inkişafı, dünya elminə inteqrasiya dilin lüğət tərkibini zənginləşdirir. Dil dünya sivilizasiyasının, ictimai həyatın əksi olan müxtəlif elm sahələrini birləşdirdiyi kimi, ayrı-ayrı dillərin fonetik, leksik, qrammatik xüsusiyyətlərini də özündə cəmləşdirir. Ona görə də alınma və beynəlmiləl termin axını dilə daxil olan alınmaların tənzimlənməsi və dilimizin tələblərinə uyğunlaşdırılması kimi aktual problemlər meydana çıxarır.
Azərbaycan dilində müxtəlif elm sahələrinə aid terminoloji baza dilin daxili imkanlarından əlavə, rus və Avropa dillərindən alınmış beynəlxalq terminlər əsasında formalaşmışdır.
Yaranan terminlər dilin qrammatik qaydalarına uyğun olmaqla bərabər, anlayışı da məntiqi cəhətdən düzgün təyin etməlidir. Bu məsələnin həlli həm vahid beynəlxalq terminologiyanın yaradılmasına, həm də elmlərin inkişafına təkan verir. Elmlərin inteqrasiyası, elmi biliklərin müxtəlif istiqamətlərdə inkişafı, elmi təcrübələrin, informasiyaların asanlıqla yayılması, başa düşülməsi üçün vahid terminoloji bazaya üstünlük verilməlidir. Terminoloji fondun yaradılması üçün müxtəlif sahələrə aid terminoloji lüğətlərin tərtibi vacibdir.
Teleradio kanallarında və digər kütləvi informasiya vasitələrində materiallar digər tələblərlə yanaşı, ədəbi dil normalarına da cavab verməlidir. Ancaq son zamanlar ölkəmizdə KİV-lərin fəaliyyətinin genişlənməsi, internetin cəmiyyətin bütün həyatına nüfuz etməsinin sürətlənməsi nəticəsində alınmalardan istifadə olunur. Belə şəraitdə dilin yad təsirlərdən qorunması, inkişaf etdirilməsi mühüm vəzifələrdən hesab edilir. Müasir şəraitdə Dil Komissiyasının fəaliyyəti məhz bu tələblər nəzərə alınmaqla qurulmalı, alınma sözlərin dilimizin tələblərinə uyğunlaşdırılması prinsipləri hazırlanmalıdır.
Son zamanlar ölkəmizin iqtisadi-siyasi həyatında, ictimai fikrində baş verən proseslər, yeniliklər dilin lüğət tərkibində dəyişmələrə səbəb olmuşdur. Bu nəzərə alınaraq Avropa dillərindən daxil olan terminlərin izahlı lüğətini hazırlamaq üçün Azərbaycan dilində orfoqrafiya prinsipləri təkmilləşdirilməlidir. Bununla yanaşı, dildə yaranan terminləri vahid mərkəzə toplamaq, elmin, texnikanın müxtəlif sahələrində çalışanlara terminlərin izahını və müxtəlif dillərdə qarşılığını asanlıqla əldə etməyə yardımçı olmaq, həmçinin termin yaradıcılığına cəmiyyətin müxtəlif təbəqələrini, o cümlədən xaricdə yaşayan soydaşlarımızı cəlb etmək üçün terminoloji baza yaradılmalıdır.
Şübhəsiz, Azərbaycan mədəniyyəti, elmi inkişaf etdikcə, müstəqil dövlətimiz möhkəmləndikcə, Azərbaycan dili daha da zənginləşir, daha müasir, daha qlobal, analitik düşüncənin dilinə çevrilir. Buna görə də Azərbaycan dilində işlənən, o cümlədən yeni yaranan terminləri toplayaraq izahlı yeni terminlər lüğətlərin nəşri davam etdirilməlidir.
Prezident İlham Əliyevin çıxışında qarşıya qoyduğu problemlərin aradan qaldırılması ictimai-mənəvi həyatımızın bütün sahələrində Azərbaycan dilinin tam tətbiqinə rəvac verir. Dünya azərbaycanlılarının ümumi ünsiyyət vasitəsi, Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin lokal tarixi və müasir nüfuzunun qorunub saxlanması milli-ictimai ehtiyac, mənəvi-mədəni borcumuzdur.
Aynel MƏŞƏDİYEVA,
elmi katib, filologiya elmləri doktoru
– Prezident İlham Əliyev təntənəli mərasimdə vurğuladı ki, dil yalnız ünsiyyət vasitəsi deyil, həm də milli varlığın, dövlət müstəqilliyinin və mədəni kimliyin əsas göstəricisidir. Ana dilinin saflığının və ədəbi normalarının qorunması milli-mənəvi kimliyimizin əsas dayağıdır. Prezidentin “əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən söz gətirmək nəyə gərəkdir?” fikri ana dilinin daxili potensialına əsaslanma prinsipinin dövlət səviyyəsində dəstəkləndiyini nümayiş etdirir.
Bu çağırış fonunda Azərbaycan dilinin saflığına təsir edən amillər - KİV-də yad üslub elementləri, sosial mediada dilin ünsiyyət səviyyəsinə enməsi, gənclərin nitq mədəniyyətindəki təhriflər dilçi alimlər qarşısında mühüm vəzifələr qoyur. Bu baxımdan, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun prioritet istiqamətləri aşağıdakı kimi müəyyən edilə bilər:
– Nitq mədəniyyətinin formalaşdırılması: gənc nəslin ədəbi və düzgün danışıq bacarıqlarının inkişaf etdirilməsi, nitq mədəniyyətinə diqqətin artırılması.
– Milli terminologiyanın inkişafı: Azərbaycan dilinin daxili imkanları əsasında yeni anlayışların yaradılması və sistemləşdirilməsi.
– Dilin saflığının qorunması: yad leksik elementlərin təsirinin elmi əsaslarla təhlili və milli söz yaradıcılığının təşviqi.
– Ədəbi norma və üslubun müasirləşdirilməsi: orfoqrafiya, orfoepiya və üslub qaydalarının təkmilləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması.
– Rəqəmsal dilçilik: Azərbaycan dilinin informasiya və texnologiya mühitində tətbiqi imkanlarının artırılması, rəqəmsal platformalarda istifadəsinin genişləndirilməsi.
– Dövlət dil siyasətinin elmi əsasları: dil siyasətinin konseptual istiqamətlərinin işlənməsi və müasir tələblərə uyğunlaşdırılması.
Nəticə etibarilə, Prezidentin çıxışı Azərbaycan dilinin gələcəyi üçün strateji istiqamət müəyyən edir. Bu istiqamətin elmi təminatı Dilçilik İnstitutunun əsas vəzifəsi olmalı, institutun fəaliyyəti həm elmi, həm də ictimai səviyyədə dilin saflığına və milli kimliyin qorunmasına xidmət etməlidir.
İlhami CƏFƏRSOY,
qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, professor
– Dövlət başçısı alimlərimizin 80 il ərzində gördükləri mühüm işlərdən bəhs etdi və Nəsimi adına Dilçilik İnstitutunun gələcək fəaliyyəti, elmi tədqiqatların dərinləşdirilməsi üçün dəyərli fikirlərini söylədi.
Dilçilik İnstitutunun bütün əməkdaşları bu çıxışdan irəli gələn vəzifələri rəhbər tutaraq öz tədqiqatlarının məzmununu daha da dərinləşdirməlidirlər. Qədim dillər və mədəniyyətlər şöbəsinin bu sahədə həyata keçiriləsi vacib planları var. İlk növbədə, Ön Asiyanın mixi yazı mənbələrinin türkoloji leksikası elmi tədqiqat obyektinə çevrilməlidir. Bu istiqamətdə Urartu mixi yazılı mətnlərinin, şumer gil lövhələrinin dili haqqında məqalələr çap etdirilmişdir. Bu iş davam etdiriləcək, Xatti, Assur dillərinin də prototürk leksikası öyrəniləcək. Son illər Avropa dillərinin türk leksikasının elmi tədqiqinə başlamış, ölkəmizdə, Türkiyə və Macarıstanda çap olunan məqalələrdə elmi ictimaiyyətin müzakirəsinə çıxarılmışdır.
Qədim dillər və mədəniyyətlər şöbəsinin əməkdaşları Avropanın qədim xəritələri və salnamələri əsasında Avropa dillərindəki türk sözlərini öyrənirlər. Çap olunan məqalələrdə göstərilir ki, almanlar eramızın VIII əsrinə qədər türk dillərinə qohum olan ləhcələrdə danışmışlar. Alman dilçilərinin özləri də təsdiq edirlər ki, franklara qədər mövcud olan həmin dil qrammatik quruluşuna görə iltisaqi olub türk dillərinə qohum idi.
Şöbənin əməkdaşları erməni dilinin türk leksikasını araşdırıb, məqalələr çap etdirirlər. Tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, qrabar adlanan qədim erməni dili indiki ermənilərin dili deyil, qrammatik quruluşuna görə iltisaqi olub qıpçaq dillərinə qohum idi. Aşxarabar dili isə flektivdir, hind və fars dillərinin əsasında yaranmışdır.
Vətən müharibəsindən sonra şöbənin əməkdaşları Qarabağın şəhər və kəndlərinə ezam olunmuş, kənd, şəhər, kilsə adlarının dəyişdirilmiş variantını toplamış, əvvəlki formalarını bərpa etməyə başlamışlar. Müəyyən olunmuşdur ki, 1828-ci il rus işğalına qədər Qarabağda və Naxçıvanda heç bir erməni kəndi olmamışdır. Bütün kəndlərin əhalisi xristian qıpçaqlar, uzlar, peçeneqlər, berendiqlər idilər. Onlar uşaqlarını rus işğalından sonra açılan erməni məktəblərinə göndərmiş və tədricən öz dillərini unutmuşlar.
Ruslar Qarabağı tutanda Çanaxçı məlikləri müsəlman idilər. Onlar başqa xristian tayfalarla vuruşaraq Cıdır düzünün o biri üzündə Məlik Şahnəzər kahasına sığınmışdılar. Bu həmin Şahnəzərdir ki, Pənah xana Bayat qalasından sonra Şuşa qalasını tikdirməyi məsləhət bilmişdir.
Şöbənin əməkdaşları toponim, hidronim, oronim, oykonimlərlə yanaşı, kilsə adlarını da öyrənirlər. Son 10 ildə aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Qarabağda kilsə adlarının hamısı türkcə olmuş, sonradan dəyişdirilmişdir. Ermənilərin Amaras adlandırdıqları kilsənin ilkin adı Ağoğlan, Axçinik kilsəsinin ilkin adı isə Ağqız olmuşdur.
Məlum olmuşdur ki, ölkəmizdə Qarabağdan başqa Ağbağ vilayəti də var idi. Qarabağ əhalisi islam dinini qəbul etmiş, Ağbağ əhalisi isə xristian olaraq qalmış, bağlara çəkilərək Laçın və Xaçın şəhərlərini salmışlar. Ermənilər Ağbağın nəslindən çıxan elm və din xadimlərini Axbaxetsi, Haxbaxetski adlandırır, Müqəddəs Şuşanikin iztirablarını erməni Aqioqrafik abidəsi kimi təqdim edirlər. Nəşr olunmuş məqalə və kitablarda sübuta yetirilir ki, Müqəddəs Şuşanikin iztirabları, çoxlu kilsə salnamələri türk dillərinin müxtəlif ləhcələrində yazılmışdır. 488-ci ildə keçirilən kilsə məclisindən sonra onlar tərcümə olunmuş, ilkin nüsxələri Tərtər çayına atılmışdır.
Şöbənin əməkdaşları ölkə başçımızın çıxışından irəli gələn vəzifələri rəhbər tutaraq reklamların, elanların, market adlarının yabancı dillərdən təmizlənməsi üçün elmi tədqiqata başlamışlar. Bu sahədə işlər davam etdiriləcək, Qarabağın tarixi toponimiyası bərpa ediləcək.
Xədicə HEYDƏROVA,
Azərbaycan dili tarixi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent
– Dövlət başçısının qeyd edilən çıxışında dilimizi yad ünsürlərdən qorumağın vacibliyini vurğuladı, dilçi alimlərə bu məsələyə münasibət bildirmələri və dəstək göstərmələri üçün çağırış etdi. Azərbaycan dili tarixi şöbəsinin əməkdaşları İlham Əliyevin çağırışına dəstək olaraq aşağıdakı təklifləri irəli sürür:
Müasir Azərbaycan dilində işlək olan ərəb, fars, rus, ingilis mənşəli sözləri klassik ədəbiyyatımızdakı Azərbaycan türkcəsi qarşılıqları ilə əvəz etmək. Məsələn, XIII əsrə aid İbn Mühənna lüğətində alcuğ, müasir Türkiyə türkcəsində alçı sözləri işlənir. Bu iki sözdən birini müasir dilimizə gətirmək olar. Səfəvi dövrünə aid əsərlərdə hərbi terminologiya ilə bağlı bir çox türk mənşəli sözlər var. Məsələn, mühafizəçi – qorçu, mühafizə xidmətinin rəhbəri – qorçubaşı, komendant – qalabəyi adlanır.
Klassik ədəbiyyatda alim “bilgə”, elm “bilim”, kitab “bitik”, nəticə “sonuc”, təcrübə “sınama, sınaq”, qanun “törə, yasaq” və s. kimi sözləri seçib təkliflər planı şəklində təqdim etmək üçün şöbəmizin kollektiv əsəri olan 3 cildlik “Türk mənşəli arxaizmlər lüğəti”ndən (XIII-XVIII əsrlər Azərbaycan yazılı abidələri əsasında) istifadə oluna bilər.
Ölkə Prezidentinin elmə rəqəmsallaşmanı tətbiq etmək təklifini nəzərə alaraq təklif edirik ki, 3 cildlik “Türk mənşəli arxaizmlər lüğəti” və hazırda şöbənin iş planı olan “Azərbaycan dilinin müxtəsər tarixi lüğəti” çoxcildliyi onlayn lüğət şəklində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun rəsmi saytına yerləşdirilsin. Türkiyədə klassik ədəbiyyatla bağlı bir çox onlayn lüğətlər vardır ki, onların təcrübəsindən istifadə etmək və nümunə götürmək olar. Amma təəssüflər olsun ki, ölkəmizdə klassik ədəbiyyatın leksikasına həsr olunmuş belə bir onlayn lüğət yoxdur. Azərbaycan dili tarixi şöbəsi bu işi həyata keçirə bilər.
Vəfa ABDULLAYEVA-NƏBİYEVA,
beynəlxalq əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent
– Akademiyanın yubiley yığıncağındakı çıxışında ölkə rəhbəri dövlətin elmi inkişaf strategiyası ilə yanaşı, dil, milli kimlik və mədəni özünüdərk məsələlərinə xüsusi diqqət yetirilmişdir. Cənab Prezidentin qeyd etdiyi kimi, elmin inkişafı yalnız texnoloji tərəqqi deyil, eyni zamanda dil və düşüncə müstəvisində milli intellektual transformasiyanın əsas dayağı olmalıdır. Bu kontekstdə Azərbaycan dilinin qorunması, inkişafı və beynəlxalq elmi-mədəni müstəviyə çıxarılması strateji əhəmiyyət daşıyır. Bu çıxışdan irəli gələrək, Nəsimi adına Dilçilik İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin qarşısında duran əsas vəzifə Azərbaycan dilinin beynəlxalq elmi diskursda mövqeyinin möhkəmləndirilməsi və dövlət dil siyasətinin elmi əsaslarda beynəlxalq səviyyədə təqdimatıdır.
Bu məqsədlə aşağıdakı fəaliyyət istiqamətləri nəzərdə tutulur.
Dövlət dil siyasətinin beynəlxalq elmi sistemdə təqdimatı:
– Prezidentin çıxışında vurğulanan elmin milli prioritetlərlə uzlaşdırılması tezisindən çıxış edərək, Azərbaycan dilinin funksional potensialını beynəlxalq akademik məkanlarda tanıtmaq məqsədilə beynəlxalq qurumlarla elmi-kommunikativ əməkdaşlıq layihələri hazırlamaq;
– Azərbaycan dilinin terminoloji müasirliyi və qlobal elmi diskursa inteqrasiyası üçün “Azərbaycan dili qlobal elmi kommunikasiya müstəvisində” adlı beynəlxalq konfransın təşkili;
– Xarici dillərdə aparılan dilçilik tədqiqatlarına Azərbaycan dilinə dair modulların daxil edilməsi üçün ortaq elmi proqramlar və mübadilə mexanizmləri hazırlamaq.
Azərbaycan dilinin elmi nüfuzunun beynəlxalq səviyyədə yüksəldilməsi:
– Prezidentin “Azərbaycan elminin dünya elminə inteqrasiyası milli inkişafın mühüm şərtidir” fikrinə əsaslanaraq Azərbaycan dilinin elmi dil statusunun gücləndirilməsi üçün beynəlxalq jurnallarda ikidilli (Azərbaycan–ingilis) nəşrlərin təşviqi;
– Azərbaycan Dil Mərkəzi brendi altında yeni elmi platformanın yaradılması. Mərkəz beynəlxalq tədqiqatçılar üçün Azərbaycan dilində korpus, tərcümə və linqvokulturoloji resurslar təqdim edə bilər.
– Dilçilik sahəsində beynəlxalq birgə layihələrdə (məsələn, süni intellektdə təbii dil modelləri üzrə) Azərbaycan dilinin modulyar iştirakının təmin olunması;
Milli dilin mədəni kod kimi elmi təqdimatı:
– Prezidentin vurğuladığı “milli kimlik – müstəqil dövlətçiliyin ideoloji sütunudur” prinsipinə uyğun olaraq, Azərbaycan dilinin mədəni kod daşıyıcısı kimi funksional-sintaktik və semantik sisteminin beynəlxalq elmi diskursda təqdimatının planlaşdırılması. Bu istiqamətdə “Dil və milli kimlik” adlı beynəlxalq tədqiqat layihəsinin hazırlanması və regional universitetlərlə birgə icra olunması.
– Azərbaycan dilinin klassik və müasir mərhələlərinin müqayisəli təhlilini əhatə edən akademik nəşr seriyası “Azərbaycan dilçilik irsi seriyası” nın hazırlanması.
Terminoloji və texnoloji yeniliklər kontekstində fəaliyyət:
– Azərbaycan rəhbərinin elmi-texnoloji innovasiyaların önə çəkilməsi barədə tövsiyəsi nəzərə alınaraq, dilin rəqəmsal infrastrukturunun inkişafı istiqamətində “Azərbaycan dilinin intellektual rəqəmsal xəritəsi” layihəsinin təqdimatı. Bu layihə beynəlxalq səviyyədə süni intellekt-linqvistika və təbii dil emalı (NLP) texnologiyalarında Azərbaycan dilinin istifadə imkanlarını genişləndirməyi nəzərdə tutur.
– Beynəlxalq əməkdaşlıq çərçivəsində milli terminoloji bazanın rəqəmsallaşdırılması.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışında səsləndirilən çağırışlara uyğun olaraq, Nəsimi adına Dilçilik İnstitutunun Beynəlxalq əlaqələr şöbəsi Azərbaycan dilini qlobal elmi-mədəni müstəviyə çıxarmaqla dövlət dil siyasətinin strateji məqsədlərinə elmi təminat yaratmağı nəzərdə tutur. Bu Fəaliyyət Planı Azərbaycan dilinin elmi potensialını beynəlxalq səviyyədə nümayiş etdirməklə yanaşı, Azərbaycanın intellektual suverenliyini və milli kimlik dayanıqlılığını təmin edəcək.
Lalə QURBANOVA,
Hind-Avropa dilləri şöbəsi, baş elmi işçi, filologiya elmləri doktoru, dosent
Akademiyanın yubileyində Azərbaycan dili ilə bağlı söylədiyi məntiqli fikirlər hər kəsi ana dilini daha dərindən öyrənməyə, işlədiyi sahədən asılı olmayaraq doğma dilinin inkişafı üçün əlindən gələni əsirgəməməyə və dövlət dili haqqındakı qanunlara riayət etməyə çağırır.
Ulu öndər Heydər Əliyev deyirdi: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”. Hər bir xalqın ana dili onun varlığını təsdiq edir, mədəniyyətinin, milliliyinin, elm və təhsilinin inkişafinda başlıca rol oynayır. Xalqımızın keçdiyi tarixi-siyasi inkişaf yolu milli sərvətimiz olan ana dilində öz əksini tapır. Azərbaycanın tarixən multikultural və tolerant ölkə olmasına baxmayaraq, bu dövlətdə yaşayan hər kəs Azərbaycan dilinin saflığının qorunması və inkişafı uğrunda mübariz olmalıdır.
Azərbaycan dilinin inkişafı müxtəlif sistemli dillərlə elmi müqayisəli təhlildən keçir. Təklif edirik ki, Azərbaycan dili linqvistik təhlillə yanaşı, ekstralinqvistik təhlil edilməli, dilin mənimsənilməsi eksperimental tədqiqata cəlb olunmalıdır.
Sosio-psixoloji tədqiqatlar dilimizin inkişafına, dil qaydalarının qorunmasına və geniş kütlə arasında yayılmasına kömək edəcək. Azərbaycan dilinə gələn yeni sözlər dil qaydalarının bütün səviyyələrindən keçərək işlədilməli, Azərbaycan dili və xarici dillər üzrə mütəxəsislər qarşılıqlı təhlillər aparmalıdırlar.
Hind-Avropa dilləri şöbəsinin 2026-cı il üçün müəyyənləşdirdiyi planda Azərbaycan dili və müxtəlif sistemli dillərin fonetik təhlili, eksperimental-fonetik tədqiqatı, Azərbaycan dilinə müxtəlif sistemli dillərdən alınan sözlərin linqvistik və ekstralinqvistik təhlili nəzərdə tutulur.
Məsud MAHMUDOV,
süni intellekt və kompüter dilçiliyi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor
– Prezident İlham Əliyev Azərbaycan dilinin inkişafı və saflığının qorunması ilə bağlı bir çox məsələlərə aydınlıq gətirdi. Ölkə başçısı vurğuladı ki, hər bir millət, hər bir xalq üçün ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Əlli milyon insan üçün ana dili olan Azərbaycan dili çox zəngin dildir və bu dildə lüzumsuz olaraq xarici kəlmələrin işlədilməsinə ehtiyac yoxdur. Əgər biz öz dilimizi qorumasaq, dilimizi saf və təmiz saxlamasaq, onu tədricən itirə bilərik.
Prezident İlham Əliyevin çıxışından irəli gələn göstəriş və tövsiyələrin icrası ilə bağlı Süni intellekt və kompüter dilçiliyi şöbəsində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
– Azərbaycan dilinin saflığının qorunması və inkişafı ilə əlaqədar mətbuatda, elmi məcmuələrdə məqalələrlə çıxış etmək və təkliflər vermək;
– Sosial şəbəkələrdə, müxtəlif saytlarda dilimizin qaydalarının pozulması hallarına yol verməmək, bununla bağlı sayt rəhbərlərinə məktublarla müraciət etmək;
Kütləvi informasiya vasitələrində, radio və televiziyalarda Azərbaycan dilinin saflığının qorunması ilə bağlı müzakirələrdə fəal iştirak etmək;
Elmi-tədqiqat planlarının və məqalələrin yazılışı prosesində lüzumsuz olaraq xarici terminlərin istifadəsini məhdudlaşdırmaq və ana dilimizin daxili imkanları əsasında yaradılmış terminlərdən istifadəyə nail olmaq.
Elçin İSMAYILOV,
toponimika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent
– Prezident İlham Əliyev Azərbaycan dilinin inkişafı və onun saflığının qorunması məsələlərinə son çıxışında da xüsusi diqqət yetirmişdir. Dövlət başçısı vurğulamışdır ki, hər bir xalq üçün ana dili milli kimliyin və mənəvi dəyərlərin əsas göstəricisidir. Ana dilinin qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə saf şəkildə ötürülməsi milli varlığımızın davamlılığını təmin edən mühüm amillərdəndir.
Toponimika şöbəsi olaraq Prezident İlham Əliyevin çıxışından irəli gələn tapşırıqların icrası məqsədilə şöbədə bir sıra tədbirlərin - Qərbi Azərbaycan toponimlərinin izahlı lüğətinin 2-ci cildinin, işğaldan azad olunmuş rayonların toponimlərinin izahlı lüğətinin, Azərbaycan coğrafiyasının və Türk dünyasının areal toponimlərinin izahlı lüğətinin hazırlanmasını planlaşdırırıq.
Bu mövzularla əlaqədar olaraq Azərbaycan toponimlərinin qorunması və yer adlarının düzgün işlədilməsi məqsədilə mətbuatda, saytlarda və televiziya proqramlarında maarifləndirici çıxışların və təqdimatların təşkili nəzərdə tutulur.
Rasim HEYDƏROV,
təhsil şöbəsinin müdiri
– Prezident İlham Əliyevin proqram xarakterli çıxışında Akademiyanın elmin inkişafındakı rolunu bir daha vurğuladı. Dövlət başçısının çıxışında bir sıra məsələləri xüsusilə qeyd etmək lazımdır. Bura, ilk növbədə, süni intellektin dünya elmində artan rolu, dilimizə dövlət qayğısı və bu istiqamətdə görülən işləri aid etmək olar. Təhsil şöbəsi deyilən fikirləri nəzərə alaraq doktorant və dissertantlara aşağıdakı istiqamətdə mövzuların verilməsini nəzərdə tutur:
– Dilin saflığının qorunması, Azərbaycan dilinin xaricdə yayılma arealının genişləndirilməsi və ana dilinin öyrənilməsi, Süni intellekt, respublikamızda dil siyasəti və sosiolinqvistik şərait, xaricdə kompakt halda yaşayan azərbaycanlıların dillərinin və dialektlərinin öyrənilməsi ilə bağlı mövzular. Alınma sözlərin dilə təsiri və son illər dilə daxil olan sözlərin tədqiqi.
İsmayıl MƏMMƏDLİ,
tətbiqi dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor
– Prezident İlham Əliyev müzakirə edilən mövzu ilə bağlı önəmli məsələlərə toxundu, Azərbaycan ədəbi dilinin qorunması ilə bağlı tövsiyə və təkliflər verdi. 50 milyondan çox azərbaycanlının danışdığı, zəngin inkişaf tarixinə və lüğət tərkibinə malik olan dilimizin bütün sahələrdə qorunmasının vacibliyini vurğuladı, həmçinin bildirdi ki, ölkəmiz dünyada baş verən proseslərə həm uyğunlaşdırılmalı, həm də bir çox təşəbbüslər irəli sürməlidir. Bu məqsədlə, Azərbaycan alimləri, o cümlədən dilçilər, ana dilimizin saflığının qorunması məsələsinə xüsusi diqqət yetirməlidirlər.
Tətbiqi dilçilik şöbəsinin əməkdaşları cənab İlham Əliyevin çağırışına dəstək verərək dilimizin saflaşdırılması, işləkliyinin artırılması, orfoqrafiya və izahlı lüğətin funksional və müasir hala gətirilməsi üçün aşağıdakı təklifləri irəli sürür:
– Dilimizdə yanlış işlənən sözlərin siyahısını hazırlayıb gündəlik danışıqda diqqətçəkən səhv ifadələr üzərində təkmilləşdirmə işləri apararaq Azərbaycan dilinin orfoqrafiya lüğətini tərtib etmək,
– Təhsil ocaqlarında – məktəblərdə, universitetlərdə və ictimai yerlərdə düzgün danışıq mövzusunda seminarlar, vebinarlar keçirmək, lüğətlərin əhəmiyyətini vurğulamaq.
– Azərbaycan dilində işlək olan alınma sözlərə rəsmi şəkildə milli qarşılıq taparaq Azərbaycan dilinin Böyük izahlı lüğətini zənginləşdirmək.
Nərgiz HACIYEVA,
müasir Azərbaycan dili şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent
– Dövlətin atributları gerb, bayraq və bir də onun dilidir. Dil hər bir xalqın milli sərvətidir. Dili olmayan xalq məhvə məhkumdur. Azərbaycan xalqının dilinin, mədəniyyətinin, iqtisadiyyatının, siyasətinin formalaşmasında mühüm xidmətləri olan Ulu öndər Heydər Əliyev deyirdi ki, “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”. Ulu öndərin dil siyasətini uğurla davam etdirən, ana dilinin inkişafına, təkmilləşdirilməsinə xüsusi diqqət yetirən Prezident İlham Əliyev demişdir: “... Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır... On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, - həm televiziyalarda, həm yazılı mediada, həm də bəzi insanların çıxışlarında – buna heç bir gərək yoxdur. Yəni biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər”.
Həqiqətən də, yad kəlmələri dilimizdən uzaqlaşdıraraq bir çox sözləri xalq dilindən, dialektlərdən alıb lüğət tərkibinə sala bilərik. Alınma sözlər öz sözlərimizlə əvəz olunsa, dilimizin lüğət tərkibi daha da zənginləşər. Prezident İlham Əliyev gənc nəslin ana dilini bilməsini vacib sayaraq qeyd edir ki, bir neçə xarici dili bilmək lazımdır, lakin ana dilini qorumaq, onu bilmək hər bir şəxsin vəzifəsidir. Hazırda müstəqillik dövründə uşaq yazıçılarının əsərlərində yeni, uydurma, fantastik alınma adlarla yanaşı, milli adlara çox üstünlük verilir, Vətən, vətənpərvərlik, Qarabağ, təbiət mövzusuna geniş yer ayrılır, eyni zamanda gənc nəslin ətraf mühitin qorunması məsələsi ön plana çəkilir.
“Azərbaycan dilində dar coğrafi ərazidə işlənən alınma toponimlər”ə aid məqaləmdə bir çox toponimlərin tat, talış, fars, ərəb və başqa dillərdə qalmasına qarşı çıxmış və bu adların ana dilində öz adlarımızla əvəz olunması ideyasını irəli sürmüşəm. Güman edirəm ki, mənasız, anlaşılmayan, dilimizə yad sözlərlə işlənən toponimlərimizin öz kəlmələrimizlə əvəz olunmasının vaxtı gəlib çatmışdır.
Ümid edirik ki, ana dilinə qayğı daha da artacaq və onun yad təsirlərdən qorunma işində yeni nailiyyətlər əldə olunacaq.
Müzakirə materiallarını hazırladı:
Mehparə ƏLİYEVA
XQ


