Ərdoğan Yaxın Şərqdəki gərginliklə bağlı intensiz danışıqlar aparır

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrana hücumlarla əlaqədar ABŞ, Qətər, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidentləri, Küveyt əmiri, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ilə telefon danışığı aparıb. 

Məlumatı “Anadolu” yayıb. 

ABŞ Prezidenti Donald Trampla söhbət zamanı İran və Fars körfəzi ölkələrindəki son hadisələr və mövcud vəziyyət müzakirə olunub. 

Türkiyə lideri Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Sani, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və Küveyt əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah ilə söhbətində Qətərə və BƏƏ-yə edilən hücumlarla bağlı fikir mübadiləsi aparılıb.

Prezident Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla telefon danışığında Səudiyyə Ərəbistanına edilən hücumlarla bağlı başsağlığı verib. İki lider bölgədəki vəziyyəti qiymətləndirib. Türkiyə lideri qeyd edib ki, lazımi müdaxilə olmadan münaqişə regional və qlobal təhlükəsizlik üçün son dərəcə ciddi nəticələrə səbəb ola bilər. Prezident Türkiyə və Səudiyyə Ərəbistanının fikir ayrılıqlarını dialoq yolu ilə həll etmək üçün ciddi səylər göstərdiyini və diplomatiya fürsətindən istifadə etməyin ən ağlabatan yanaşma olduğunu vurğulayıb.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə söhbətində İrana zərbələr və ondan sonrakı münaqişə prosesi müzakirə olunub. Ərdoğan bildirib ki, Türkiyə bütün tərəfləri diplomatiyaya və danışıqlara qayıtmağa çağırır və sülh səylərinə hər cür dəstək verməyə hazırdır. Türkiyə lideri bu dövrdə Ankara ilə Brüssel arasında sıx koordinasiyanın saxlanılmasının vacibliyini vurğulayıb.

P.ƏMİRCANOV
XQ

Dünya