Sosial şəbəkədə qarşıma çıxan bir şəkil dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 600 illik yubileyi ərəfəsində çəkilmiş filmin bəzi epizodlarını yada saldı. Önəmlisi odur ki, yazıçı İsa Hüseynovun ssenarisi əsasında lentə alınmış “Nəsimi” filmi üçün gözəl aktyor ansamblı seçilib. Şübhəsiz, bu uğur, ilk növbədə, quruluşçu rejissor Həsən Seyidbəylinin xidmətidir.
İsmayıl Osmanlı (Nəimi), Məmmədrza Şeyxzamanov (şeyx Əzəm), Yusif Vəliyev (Əmir Teymur), Rasim Balayev (Nəsimi), Muxtar Maniyev (Miranşah), Kamal Xudaverdiyev (Yusif), Tofiq Mirzəyev (Dövlət bəy), Xalidə Quliyeva (Fatma) və başqaları yaddaqalan obrazlar yaradıblar. Məsələn, inamla demək olar ki, Yusif Vəliyevin Əmir Teymuru film və tamaşalarda yaradılmış obrazlar arasında ən yaxşılardan biri sayıla bilər.
Tarixi film kimi “Nəsimi”dən sonra çəkilmiş ekran əsərlərimizin, demək olar ki, heç biri onun qədər tamaşaçı sevgisi və şöhrət qazana bilməyib.
Filmdə istedadı roldan-rola parlayan Səməndər Rzayev də var. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı səhnəsində sevilən obrazlar qalareyası yaradan Səməndərin Şirvanşah İbrahimi, mənə görə, şedevrdir. Onu da əlavə edim ki, bu filmə qədər (səhv etmirəmsə) heç bir ekran əsərimizdə Şirvanşah l İbrahim obrazı əksini tapmayıb. Halbuki, Şirvanşah I İbrahim Şirvanşah dövlətinin ən bacarıqlı hökmdarlarından biri olub. O, 1382–1417-ci illərdə Şirvanı idarə edib və ölkənin siyasi müstəqilliyinə xüsusi önəm verib. Əmir Teymurun yürüşləri zamanı ağıllı diplomatiya aparan şah Şirvanı, tam olmasa da, işğaldan qoruyub.
Filmin əvvəlində şair Nəsimi hürufi müridlərlə ustadları Fəzlullah Nəimini qorumaq üçün Şirvanşah İbrahimin görüşünə gedir. Söhbət zamanı şair şaha bu təriqətin əsas ideyasının azad insan uğrunda mübarizə olduğunu söyləyir.
Şirvanşah isə deyir:
- Mən şaham, mənə qılınc tutan əl lazımdır, söz deyən dil yox. Padşahlıq sözlə yox, qılıncla qorunur... Çoxdumu belə tanrılıq iddiasında olanlar?..
Müridləri zindandan azad etmək üçün şahın şeyxlə dialoqu da yaddaqalandır:
- Qulaq as, şeyx və ömürlük yadında saxla! 12 il bundan əvvəl Şirvan camaatı üsyan edib Şirvanşah Huşəngi qətlə yetirdi və kasıb bir rəncbəri taxta çıxardı. O vaxtdan mənəm Şirvanşah – İbrahim əvvəl. İkinci bir şah yoxdur... Mən Əmir Teymurun müttəfiqiyəm, şeyx və bunu minlərlə əsgərimin qanı bahasına sübuta yetirmişəm. Əmir Teymur müttəfiqlərinin işinə qarışmağı heç kimə bağışlamır, hətta öz varislərinə də...
Şah Şirvanı və şair-filosof Nəsimini qorumaq üçün yollar axtarır. Çarə tapmadıqda:
– Get, Nəsimi… Şirvan sənə dar oldu... Sözün od kimidir – burda yanar, aləmi yandırar...–, deyir.
Hər dəfə filmə tamaşa edəndə Səməndər Rzayevin bulaq kimi çağlayan səsində və vüqarlı baxışlarındakı ağayanalıqla yanaşı, nigarançılığı da aydın duyuram...
Filmdəki dialoqların və hadisələrin məntiqi ardıcıllığı İsa Hüseynov qələminin gücünü bir daha ortaya qoyur.
Yeri gəlmişkən deyim ki, tələbə olanda əski əlifbanı bizə rəhmətlik Əli Fəhmi öyrədirdi. Əli müəllim ixtisasca həkim olsa da, ensiklopedik adam idi və bizə tənəffüsdə müxtəlif söhbətlər edirdi. Ə.Fəhmi “Nəsimi” filminin məsləhətçilərindən (leksika üzrə) biri olmuşdu. Bizim xahişimizlə o, yazıçı İsa Hüseynov və quruluşçu rejissor Həsən Seyidbəyli ilə necə işlədiklərindən danışırdı...
Azadlıq üfüqündə günəş kimi parlayan, “həqq mənəm, həqq məndədir” deyərək, amalından dönməyən və diri-diri soyularaq qürbətdə qalan böyük şair doğma yurda dönmək üçün 6 əsr gözləməli oldu. O, belə demək mümkünsə, 1973-cü ildə ekranlaşdırılan “Nəsimi” filmi ilə vətənə qayıtdı.
Bu film bizim üçün yalnız sirlər arxasında yaşayan şair-filosof Nəsimini gündəmə gətirmədi, eyni zamanda, tariximizin bir çox qaranlıq səhifələrinə işıq saldı. Hər şeydən əvvəl, az da olsa, xalqımızın hansı mübarizələrdən keçdiyini geniş tamaşaçı auditoriyasına göstərdi, Nəimi və hürufilik, onun ideya və prinsiplərindən bəhs etdi. Digər tərəfdən, əyan etdi ki, xalqımız əsrlərlə öz düşməninə qarşı təkcə qılıncla deyil, həm də ağıl və təfəkkürü, kəsərli poeziyası ilə mübarizə aparıb. Belə olmasaydı, Nəsiminin yazdıqları dindarları və şahları qorxuya salmazdı.
Filmin yaradıcı heyətinin çoxu artıq dünyasını dəyişib. Allah onların hamısına rəhmət eləsin, əbədi məkanları nurla dolsun!
Səməd MƏLİKZADƏ


