Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı təqdim edilib. Məlumat Daxili işlər nazirinin birinci müavini polis general-leytenantı Seyfulla Əzimov tərəfindən səsləndirib.
Məlumatın tam mətnini təqdim edirik:
“Beynəlxalq təşkilatların təqdim etdiyi hesabatlar və onlardan irəli gələn təmayüllər onu deməyə əsas verir ki, insan alveri təkcə hüquq mühafizə problemi deyil, eyni zamanda insan hüquqlarının müdafiəsi sahəsində ciddi sınaq, informasiya təhlükəsizliyi çağırışı və miqrasiya proseslərinin tərkib hissəsidir.
Məhz belə bir şəraitdə Azərbaycan Respublikası tərəfindən həyata keçirilən siyasət – qabaqlayıcı, sistemli və çoxsəviyyəli yanaşmaya əsaslanmaqla qlobal trendlər davamlı surətdə izlənilmiş, risklər təhlil edilmiş, cinayətkar şəbəkələrin fəaliyyət istiqamətləri öyrənilmiş, qabaqlayıcı tədbirlər məqsədyönlü və sistemli şəkildə davam etdirilmişdir.
İnsan alverinə qarşı mübarizədə fəaliyyətin effektivliyinin əsas şərtlərindən birinin güclü hüquqi və institusional bazanın olması baxımından hesabat ilində hüquqi mexanizmlərin təkmilləşdirilməsi daim diqqətdə saxlanılmışdır.
Bu istiqamətdə tədbirlər çərçivəsində bir qanuna, Azərbaycan Respublikası Prezidentinin 3 fərmanına və Nazirlər Kabinetinin 3 qərarına müvafiq dəyişikliklər edilmişdir. Eyni zamanda, gələcək dövr üçün strateji planlaşdırma diqqətdə saxlanılmış və müvafiq dövlət qurumlarının təklifləri nəzərə alınmaqla hazırlanmış “2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı” 34 dövlət qurumu ilə razılaşdırılaraq aidiyyəti üzrə təqdim edilmişdir.
Həmin konseptual sənəddə preventiv tədbirlərin genişləndirilməsi, qurbanların müdafiəsinin gücləndirilməsi, cinayət təqibinin effektivliyinin artırılması, dövlət qurumları arasında koordinasiyanın dərinləşdirilməsi əsas prioritet istiqamətlər kimi müəyyən edilmişdir.
Maarifləndirmə və preventiv fəaliyyət də başlıca vəzifələrdən olaraq bu istiqamətdə görülən işlər kompleks xarakter daşımış, coğrafi əhatə baxımından genişləndirilmiş, hədəf qrupları üzrə differensial yanaşma tətbiq edilmişdir.
Müvafiq tədbirlərin icrası çərçivəsində Baş Prokurorluq, Daxili İşlər, Ədliyyə, Səhiyyə, Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat, Elm və Təhsil nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Ombudsman Aparatı, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Reklam, Dövlət Turizm, Medianın İnkişafı və Dövlət Məşğulluq agentlikləri, TƏBİB tərəfindən böyük bir iş həcmi yerinə yetirilmişdir.
Belə ki, adları çəkilən qurumlar maarifləndirmə, ölkəyə turist kimi gələn şəxslərin qanuni mənafelərinin qorunması, medianın monitorinqi, erkən nikahların qarşısının alınması, baxımsız qalan, təhsildən yayınan, övladlığa götürülmüş, qəyyumluğa yaxud himayəyə verilmiş uşaqların ailələrinə nəzarət, dövlət uşaq müəssisələrinin məzunlarına sosial-hüquqi və sosial-psixoloji xidmətlərin göstərilməsi, treninqlərin və təlimlərin keçirilməsi və sair işlərin icrasını təmin etmişlər.
Xarici ölkələrə əmək fəaliyyəti məqsədilə getmək istəyən şəxslərin, ölkəyə gələn və ölkənin ərazisindən tranzit istifadə edən əcnəbilərin məlumatlandırılmasını, insan alverinin risklərini, təhlükəsiz miqrasiya qaydalarını, hüquqi müdafiə mexanizmləri barədə məlumatları əhatə edən 3.400 maarifləndirici material hazırlanaraq aidiyyəti qurumlara göndərilmişdir.
İnsan alveri, məcburi əmək, hüquqi məsuliyyət, şəxsi təhlükəsizlik mövzularında 71 orta ixtisas təhsil müəssisəsində seminarlar təşkil edilmiş və bu tədbirlərin əsas məqsədi – gənclərdə riskləri tanımaq və onlardan yayınmaq bacarığı formalaşdırmaq olmuşdur.
Ümumən, maarifləndirmə fəaliyyətinin effektivliyi onun çoxsektorlu xarakter daşımasından irəli gəlməklə həmin tədbirlərə hüquq mühafizə orqanlarının, medianın, qeyri-hökumət təşkilatlarının, yerli icra hakimiyyətlərinin, təhsil, səhiyyə, məşğulluq strukturlarının nümayəndələri və sahibkarlar cəlb edilmişdir. Keçirilmiş 61 maarifləndirici görüşdə isə 2.500-dən çox vətəndaş birbaşa məlumatlandırılmışdır.
Müvafiq fəaliyyət insan alveri risklərinin azaldılmasına xidmət etməklə əsasən insan hüquqları, gender bərabərliyi, erkən nikah, məişət zorakılığı mövzularını əhatə etmiş, “ASAN xidmət” mərkəzləri tərəfindən 10 inzibati ərazidə 17 tədbir, Gənclər və İdman Nazirliyi tərəfindən 16 təlim və seminar təşkil edilmişdir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin hazırladığı maarifləndirici videoçarxlar il boyu Bakı Beynəlxalq Avtovağzal Kompleksində yayımlanmış, Dövlət Turizm Agentliyi və Səhiyyə Nazirliyi tərəfindən isə 14.000 müvafiq vəsait paylanılmışdır.
Bundan əlavə, 16 poster yayımlanmış, 14 videoçarx (3-ü animasiya), 3 uğur hekayəsi, 1 press-reliz hazırlanmış, əhali arasında 1.500 flayer paylanmış, DOST TV platformasında 13-dən çox ekspert çıxışı təşkil edilmişdir.
Görülən işlərdə medianın rolu da əhəmiyyətli olmaqla ölkənin aparıcı televiziya kanallarının 12 proqramı çərçivəsində insan alveri mövzusu işıqlandırılmış, 56 media subyektində 184 material dərc edilmiş, 67 məktəbdə inklüziv siniflər yaradılmış və bu yanaşma sosial risklərin azaldılmasına yönəlmiş preventiv mexanizm kimi çıxış etmişdir.
Analoji iş – müasir dövrün tələblərinə uyğun rəqəmsal platformalarda da aparılmışdır.
Hesabat ilində təhsildən yayınma halları üzrə monitorinqlər də aparılaraq risk qrupları üzrə siyahılar və metodiki təlimatlar hazırlanmışdır.
Məktəblərdə sosial risklərin erkən aşkarlanması, fərdi sosial-psixoloji dəstəyin göstərilməsi, ailələrlə işin sistemləşdirilməsi və uşaqların təhsil mühitində saxlanılması baxımından mühüm institusional potensial olan 1.342 sosial pedaqoq işə qəbul edilərək ölkə üzrə 1.020 ümumi təhsil müəssisəsinə təhkim olunmuşdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan vətəndaşlarının övladlığa götürdüyü uşaqların həyat şəraiti ilə bağlı 1.183, əcnəbilərin övladlığa götürdüyü azərbaycanlı uşaqların həyat şəraitinin öyrənilməsi üçün 26, himayədar ailələrə verilmiş uşaqların ailədəki sosial-psixoloji vəziyyətinin yoxlanılması məqsədilə 516 monitorinq aparılmış və hər hansı neqativ hal aşkar edilməmişdir.
Digər tərəfdən, 21 sosial xidmət müəssisəsi vasitəsilə həssas əhali qruplarından olan 3 mindən çox şəxsə xidmət göstərilmiş, əlilliyi olan 2 mindən artıq şəxsə birdəfəlik maddi yardım verilmiş, həssas təbəqədən olan ailələrə 400 mənzil təqdim olunmuşdur.
Sosial sifarişlər çərçivəsində uşaqlar üçün 30 günərzi qayğı mərkəzi yaradılmış, “Təhsildə sosial iş” layihəsi çərçivəsində 1.140 ümumi təhsil müəssisəsində ilkin və təkrar monitorinqlər aparılmışdır
Uşaqlar arasında risk faktorlarının aşkarlanması məqsədilə onlardan 1.392 nəfəri böhran vəziyyətinin qiymətləndirilməsinə cəlb edilmişdir.
Şəxsiyyət vəsiqəsi olmayan uşaqların sənədləşdirilməsi və doğum qeydiyyatının təmin olunması istiqamətində kompleks profilaktik və hüquqi tədbirlər də davam etdirilərək 9 uşağın doğum faktının müəyyən edilməsi təmin olunmuşdur.
Məhkəmə qərarları əsasında onlara doğum haqqında şəhadətnamələr verilərək müvafiq məlumatlar Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə daxil edilmiş və hər bir uşaq fərdi identifikasiya nömrəsi ilə təmin olunmuşdur.
Hesabat dövründə insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilmiş təlim, tədris proqramları və ixtisasartırma tədbirləri də sistemli xarakter daşımaqla hüquq mühafizə, miqrasiya, ədliyyə, səhiyyə, turizm, diplomatik xidmət və digər sahələri əhatə etmiş, ümumilikdə 2.000-dən artıq iştirakçının peşə hazırlığının artırılmasına yönəlmişdir.
Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 100-dən çox kursant, 20 şəhər və rayon polis orqanının rəhbər vəzifəli şəxsləri, həmçinin 84 polis orqanının 1.800-ə yaxın əməkdaşı insan alveri və məcburi əmək cinayətləri, onların transmilli mütəşəkkil cinayətkarlıqla əlaqəsi, bu cinayətlərin digər hüquq pozuntularından fərqləndirilməsi və qurbanların müəyyən edilməsi mövzularında ixtisaslaşdırılmış təlimlərə cəlb olunmuşdur.
Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən “Miqrasiya məktəbi-7” layihəsi çərçivəsində 38 nəfərə insan alveri risklərinin müəyyən edilməsi və miqrasiya proseslərində profilaktik yanaşmalar üzrə təlim keçirilmişdir.
Səhiyyə sektorunda isə 200-dən artıq tibb və qeyri-tibbi heyət, 612 terapevt (25 kurs, 94 saat), 10 həkim-psixiatr və psixoloqlar üçün insan alveri qurbanlarının aşkarlanması, psixososial dəstək və müdafiə mexanizmləri üzrə təlimlər təşkil olunmuş, habelə TƏBİB-in və Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə üç iri tibb müəssisəsində sahəvi təlimlər baş tutmuşdur.
Ədliyyə Akademiyası tərəfindən keçirilən ixtisasartırma kurslarında 303 nəfər iştirak etmiş, Baş Prokurorluğun Elm-Tədris Mərkəzində qulluğa yeni qəbul olunmuş 107 əməkdaş, habelə namizədlər üçün insan hüquqlarının müdafiəsi və insan alveri cinayətlərinin ictimai təhlükəliliyi mövzularında icbari hazırlıq kursu təşkil edilmişdir.
Həmçinin, turizm sahəsində aidiyyəti dövlət qurumunun 50-dən çox təmsilçisi insan alverinə qarşı mübarizə, preventiv tədbirlər və beynəlxalq əməkdaşlıq mexanizmləri üzrə maarifləndirici təlimlərə cəlb olunmuşdur. Bu mövzuda təlimlərdə Qeyri-hökumət Təşkilatları Koalisiyasının 19 və peşə təhsili müəssisələrinin 200-ə yaxın nümayəndəsi də iştirak etmişdir.
İnsan alverinə qarşı mübarizə üzrə Qeyri-hökumət təşkilatları Koalisiyasının üzvü olan “Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyi isə müvafiq sahədə fəaliyyətin daha səmərəli təşkilinə, bilik və bacarıqların artırılmasına xidmət edən bir sıra metodiki vəsaitlər hazırlamışdır ki, bu sırada “İnsan alverinə qarşı mübarizədə rəqəmsal monitorinq üçün Təlimat”, “İnsan alverinə qarşı mübarizə üzrə Milli Təlim Modulu” və “İnsan alveri ilə mübarizədə monitorinq meyarları” mövzularında nəşrlər xüsusi vurğulanmalıdır.
İnsan alverinə qarşı mübarizədə görülmüş işlərin ictimaiyyətə çatdırılması da qarşıda duran vəzifələrdən olmaqla müvafiq fəaliyyətə dair 31 məlumat İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin internet səhifəsinə yerləşdirilmişdir (www.insanalveri.gov.az).
Təbliğat işində, o cümlədən insan alverinin potensial qurbanlarının maarifləndirilməsində, sosial reabilitasiyasında, onlara hüquqi yardımın göstərilməsində, qurbanlar üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkilində qeyri-hökumət təşkilatlarının təqdim etdikləri və ümumi dəyəri 159 min manat olan 10 layihə maliyyələşdirilmiş, insan alveri cinayətlərinin qurbanı olmuş şəxslərin sosial reabilitasiyasına, sığınacaqda saxlanılmasına və onlara birdəfəlik müavinətlərin verilməsinə isə 70 min 487 manat vəsait ayrılmışdır.
İnsan alverinə qarşı mübarizədə hüquqi və institusional mexanizmlərin təkmilləşdirilməsi, rəqəmsal platformalar üzərindən törədilən cinayətlərin qarşısının alınması, məlumat mübadiləsinin gücləndirilməsi, regional və qlobal təşəbbüslərdə iştirak, eləcə də ölkəmizin mövqeyinin beynəlxalq təşkilatların hesabatlarında və beynəlxalq reytinqlərdə öncül sıralarda qərarlaşması da daim diqqətdə saxlanılmışdır.
Belə ki, ixtisaslaşmış beynəlxalq qurumların və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri ilə informasiya və təcrübə mübadiləsi aparılmış, insan alverinə qarşı mübarizədə dövlətin ortaya qoyduğu siyasi iradə, bu sahədə əldə edilən tərəqqi və inkişaf tərəfdaşlara çatdırılmış, habelə keçirilən görüşlər zamanı əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
Digər ölkələrin insan alverinə qarşı mübarizədə mütərəqqi təcrübəsi də öyrənilərək qanunvericilik, cinayət təqibi, qurbanların müdafiəsi və reabilitasiyası sahələri üzrə fəaliyyətdə nəzərə alınmışdır.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İnsan Resursları və Əmirləşmə Nazirliyi arasında “İnsan alveri hallarının qarşısını almaq məqsədilə özəl işədüzəltmə şirkətlərinin fəaliyyətinə nəzarət edilməsi ilə bağlı Tərəflərin səylərinin gücləndirilməsi” sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.
Amerika Birləşmiş Ştatlarının Dövlət, Ədliyyə və Əmək departamentlərinin, Avropa Şurasının İnsan alverinə qarşı mübarizə üzrə Ekspertlər Qrupunun (GRETA), “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyası Katibliyinin ölkəmizlə bağlı hesabatlarına əsaslandırılmış şərhlər verilmiş, sorğuları cavablandırılmışdır.
Xüsusi polis qurumunun əməkdaşları müxtəlif xarici təşkilatların həyata keçirdikləri layihələr çərçivəsində Fransa, İspaniya, Malta, Macarıstan, Avstriya, Moldova respublikalarına ezam olunaraq təcrübə mübadiləsi aparmışlar.
Beynəlxalq Əmək, Beynəlxalq Miqrasiya və “Walk Free” təşkilatlarının birgə hazırladığı “Modern Köləliyin Qlobal Qiymətləndirilməsinə dair (2022)” son hesabatda müasir köləlik vəziyyətində yaşayan təxminən 50 milyon insandan 27,6 milyonunun məcburi əməyə cəlb olunduğu və son illərlə müqayisədə məcburi əməyin miqyasının əhəmiyyətli dərəcədə artaraq qurbanlarının sayının 10 milyon nəfərə yüksəldiyi vurğulanmışdır.
Bu baxımdan, ötən il imzalanmış və məcburi əməyin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edən “Azərbaycan Respublikası ilə Beynəlxalq Əmək Təşkilatı arasında 2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın əsas məqsədi – ölkədə məşğulluq imkanlarının genişləndirilməsi, əmək münasibətlərinin təkmilləşdirilməsi və sosial müdafiə sisteminin gücləndirilməsi olmuşdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi tərəfindən 189.000 nəfərin işlə təmin olunması, işsiz kimi qeydiyyata alınmış 10.800 şəxsə sığorta ödənişinin təyin edilməsi, 6.964 nəfərin haqqı ödənilən ictimai işlərə, 1.763 nəfərin əmək haqqının birgə maliyyələşdirilməsi proqramına, 16.827 nəfərin özünüməşğulluq proqramına cəlb edilməsi və digər tədbirlər – şəxslərin məcburi əməyin qurbanına çevrilmə riskinin profilaktikasında əhəmiyyətliliyini təsdiqləmişdir.
İşaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 18.368 nəfər Dövlət Məşğulluq Agentliyi tərəfindən əmək bazarının tələblərinə cavab verən peşə və ixtisaslar üzrə hazırlıq kurslarına cəlb olunmuşdur.
Müvafiq sahədə hüquq pozuntularının qarşısının alınması üçün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti obyektlərində keçirilmiş 39 səyyar yoxlama zamanı 1.047 işçidən 75-nin əmək münasibətlərinin müəyyən edilmiş qaydada rəsmiləşdirilmədən fəaliyyətə cəlb olunduğu aşkarlanmışdır.
Nəticədə bir işəgötürən fiziki şəxs barəsində toplanmış materiallar Baş Prokurorluğa göndərilmiş, daha 18-i haqqında ümumilikdə 92.200 manat məbləğdə inzibati cərimə tətbiq edilmişdir.
Uşaq əməyinin istismarının qarşısının alınması üzrə həyata keçirilən reydlər zamanı isə ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan 936 uşaq və buna şərait yaradan 511 valideyn aşkarlanaraq yerli icra hakimiyyətləri yanında komissiyalara, qəyyumluq və himayə orqanlarına 510 material göndərilmiş, 32 valideyn inzibati məsuliyyətə cəlb edilərək polis nəzarətinə götürülmüşdür. Həmin tədbirlər zamanı uşaqların kənar şəxslər tərəfindən dilənçiliyə cəlb edilməsi faktı müəyyən edilməmişdir.
İnsan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 198 (-8; onlardan 57-i informasiya texnologiyalarının tətbiqi ilə törədilib), o cümlədən 152 (-9) insan alveri, həmçinin insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə görə 45 (+1) cinayət müəyyən edilmişdir.
İnsan alveri cinayətlərinin 97 faizi açılmış, 6 şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri ilə 2 cinayətkar qrup zərərsizləşdirilmişdir.
Həmin hüquqazidd əməllərlə əlaqədar 10 (-5) cinayət işi başlanılmış (bir cinayət işinin istintaqı çərçivəsində 20-dək faktın istintaqı aparılıb), 8 cinayət işi üzrə 10 şəxs (9-u qadın) təqsirləndirilən qismində cəlb olunmuş, 12 nəfər (11-i qadın) məhkəmə məsuliyyətinə verilmişdir. Məhkəmələr tərəfindən 14 insan alverçisi (2-i keçmiş illərdən olmaqla 4 kişi, 10 qadın, onlardan 3-ü şərti) azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
İnsan alveri (15), seksual xarakterli hərəkətlərə məcbur etmə, uşaq pornoqrafiyasının dövriyyəsi, pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma, fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvaları saxlamağa görə yerli axtarışda olan 31 (+1) təqsirləndirilən şəxsdən 15-i (-1), o cümlədən 3 (sabit) insan alverçisi tutulmuşdur.
Hazırda insan alveri cinayəti törətməkdə təqsirləndirilən 10 (-1) şəxsin İnterpol kanalları ilə beynəlxalq axtarışı davam etdirilir (onlardan 7-nin Türkiyədə, 1-nin Pakistanda, 1-nin Rusiya Federasiyasında, 1-nin Birləşmiş Ərəb Əmirliklərində gizləndiyi ehtimal olunur).
Hesabat ilində müəyyən edilmiş 46 (-45) insan alveri qurbanının hamısı Azərbaycan Respublikasının vətəndaşı olmaqla (qadınlar) 33-ü Türkiyə Respublikasında, 10-u Birləşmiş Ərəb Əmirliklərində, 3-ü Pakistan İslam Respublikasında cinsi istismara məruz qalmışdır.
Qurbanlardan 4-ü 18-25 yaş arası, 28-i 25-35 yaş arası, 14-ü 35 yaşdan yuxarı yaş həddində olmuşdur.
Zərərçəkmişlərin reabilitasiyası və reinteqrasiyası üçün zəruri tədbirlərin görülməsi də diqqətdə saxlanılmış, hər birinə 700 manat məbləğdə birdəfəlik müavinət ödənilmişdir.
Onların hamısı Daxili İşlər Nazirliyinin müvafiq sığınacağına yerləşdirilərək tibbi (HİV, AİDS, CYÖX, ginekoloji, terapevt), sosial, psixoloji, hüquqi yardımlarla və zəruri geyimlə təmin olunmuşdur. Daha 16 qurban peşə kurslarına yönəldilmiş, 9 qurbanın işlə, 6-nın şəxsiyyət vəsiqəsi ilə təmin edilməsində, 1 qurbanın tibb müəssisəsində müalicə, 11 qurbanın ünvanlı sosial yardım almasında və 23 qurbanın ailələrinə qayıtmasında köməklik edilmişdir.
Qeyri-Hökumət Təşkilatlarına istiqamətləndirilmiş 45 insan alveri qurbanından 12 nəfərinə “Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin, 8-nə “Təməs Regional İnkişaf” İctimai Birliyinin sığınacaqlarında, 8-nə “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyində, 10-na “XXI Əsrin Qadınları” İctimai Birliyində, 7-nə “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyində lazımi sosial xidmətlər göstərilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan alveri qurbanlarına Yardım Mərkəzinə istiqamətləndirilmiş 41 qurbandan 22-i psixoloji, 5-i hüquqi yardım almış, 2 nəfər işlə təmin olunması və 5 nəfər peşə kursuna cəlb edilməsi üçün Dövlət Məşğulluq Agentliyinə yönləndirilmişdir.
Qurbanların uşaqları da diqqətdə saxlanılaraq 11 nəfəri tədris ləvazimatları ilə təmin edilmiş, 5-i məktəbəqədər təhsil proqramına cəlb olunmuş, 11-nə doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi alınmasında, 8 uşağın isə alimentlə təmin olunmasında köməklik göstərilmişdir.
Vəkillər Kollegiyasının üzvü olan müdafiəçilər tərəfindən 69 insan alveri qurbanının məhkəmə baxışında və 24 qurbanın istintaq prosesində hüquqları qorunmuş, habelə Daxili İşlər Nazirliyinin müvafiq Kömək Fondunun hesabına insan alverindən zərər çəkmiş 40 və insan alverindən zərər çəkməsi ehtimal olunan 5 şəxsə 3.350 manat məbləğdə maddi yardım edilmişdir.
“İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 14-1.1-ci maddəsinə əsasən 7 insan alveri qurbanına öz vəziyyətini bərpa etmək, cinayətkarların təsirindən yayınmaq və cinayət təqibi orqanları ilə əməkdaşlıq etmək barədə düşünülmüş qərar qəbul etmək üçün 30 gün bərpa və fikirləşmə müddəti verilmişdir.
Qurbanların vaxtında müəyyən edilməsi, hüquqlarının və məxfiliyinin qorunması, təhlükəsiz mühitdə yerləşdirilməsi, tibbi, psixoloji və hüquqi yardımlar alması, cəmiyyətə reinteqrasiyası prosesinin planlı və məqsədyönlü həyata keçirilməsi, potensial qurbanların və ya şahidlərin anonimliyinin qorunması, risk qrupuna aid şəxslərin müdafiəsi də təmin edilmişdir.
Ötən il “152” qaynar xəttinə xarici ölkələrdə əmək fəaliyyəti, təhsil, əcnəbilərlə nikah, məişət zorakılığı, miqrantların müvəqqəti qeydiyyatı, övladlığa götürmə və digər məsələlərlə bağlı daxil olmuş 10.490 (+236) müraciət araşdırılaraq təşəbbüskarlara zəruri izahlar verilmişdir.
Təhlil və araşdırmalar göstərir ki, insan alveri əsasən yoxsulluq və işsizliyin, təhsil və məlumat azlığının, korrupsiya və gender bərabərsizliyinin, silahlı münaqişələrin və dərin sosial-iqtisadi problemlərin mövcud olduğu regionlarda formalaşır, ucuz işçi qüvvəsinə tələbat olan, kommersiya məqsədli cinsi xidmətlərin qanuni fəaliyyət kimi qəbul edilən ölkələrdə isə istismar mərhələsində davam edir.
Lakin Azərbaycanda milli və mənəvi dəyərlərin hər zaman üstün tutulması, ailə institutunun möhkəmliyi, ictimai məsuliyyət, dövlət tərəfindən hüquqi, iqtisadi, sosial, təhsil və təhlükəsizlik sahələrində həyata keçirilən kompleks tədbirlər – insan alverinə qarşı mübarizədə mühüm sosial dayaq rolunu oynayır və təsadüfi deyil ki, insan alveri cinayəti ölkəmizdə qeydə alınan cinayətlərin heç bir faizini belə təşkil etmir (0,6 faiz).
Qeyd edilənlər onu deməyə əsas verir ki, insan alveri Azərbaycan üçün xarakterik hüquqazidd əməl deyil.
Bununla belə, insan alverinə qarşı mübarizədə normativ hüquqi bazanın və institusional mexanizmlərin davamlı surətdə təkmilləşdirilməsi, müvafiq sahədə preventiv tədbirlərin, habelə həmin cinayətlərdən zərər çəkmiş, zərər çəkməsi ehtimal olunan və ya potensial qurban hesab edilən uşaqların müdafiəsinin gücləndirilməsi, effektiv cinayət təqibinin təmin edilməsi, qurbanların sosial reabilitasiyası, hüquqlarının müdafiəsi və cəmiyyətə reinteqrasiyası, aidiyyəti dövlət qurumları arasında qarşılıqlı fəaliyyətin və əməkdaşlığın inkişaf etdirilməsi, aidiyyəti dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının təmsilçiləri üçün ixtisaslaşmış peşə hazırlığının təşkili, maarifləndirmə işlərinin genişləndirilməsi və mövcud resursların səmərəli əlaqələndirilməsi – qarşıda duran vəzifələr olmaqla növbəti Milli Fəaliyyət Planı çərçivəsində aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə yerinə yetiriləcəkdir.
Hazırda qabaqlayıcı və dayanıqlı yanaşma əsasında gələcək risklərin minimallaşdırılması və əldə olunmuş müsbət nəticələrin davamlılığının təmin edilməsi üçün bütün zəruri tədbirlər görülür”.

