2026-cı il mayın 27-29-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Sloveniya Respublikasının paytaxtı Lyublyana şəhərində səfərdə olub.
Kollegiyadan XQ-ə verilən məlumata əsasən, səfərdə VK sədri Anar Bağırovla yanaşı, Kollegiyanın Rəyasət Heyətinin üzvü Elçin Usub da iştirak edib.
Səfər çərçivəsində nümayəndə heyəti Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) plenar iclasına, eləcə də təşkilatın “Mübadilə, əməkdaşlıq və dəstək platforması” (PECO) Komitəsinin tədbirinə qatılıb.
İclas və tədbirdə müxtəlif ölkələrin Vəkillər kollegiyalarının və hüquq cəmiyyətlərinin rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, dövlət rəsmiləri və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak ediblər.
Plenar iclasın açılış mərasimində Sloveniya Vəkillər Kollegiyasının prezidenti Janez Starman, Sloveniya Respublikasının Prezidenti Nataşa Pirc Musar, Sloveniya Ali Məhkəməsinin sədri Damjan Oroz və Sloveniya Məhkəmə Şurasının sədri Urşka Kezmah çıxış edərək iştirakçıları salamlayıblar. Çıxışlarda hüququn aliliyinin qorunması, beynəlxalq hüquqi əməkdaşlığın inkişafı və hüquq peşəsi nümayəndələri arasında institusional əlaqələrin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
İclas çərçivəsində CCBE rəhbərliyi tərəfindən təşkilatın cari fəaliyyəti, qarşıda duran prioritetlər və strateji inkişaf istiqamətləri barədə məlumat verilib. Eyni zamanda maliyyə məsələləri və təşkilatın qarşıdakı dövr üçün tədbirlər təqvimi təsdiqlənib. Həmçinin CCBE-nin fəaliyyəti üzrə yeniliklər nəzərdən keçirilib və strateji əhəmiyyət daşıyan sənəd layihələri müzakirə olunub. Bununla yanaşı, Vəkillər kollegiyaları, hüquq cəmiyyətləri, hüquq firmaları və vəkillər üçün istixana qazı emissiyaları və iqlim dəyişikliyi ilə bağlı CCBE Bələdçisinin layihəsinə baxılıb.
PECO iclasında çıxış edən VK sədri Anar Bağırov son illər ölkədə vəkillik institutunun dinamik inkişaf etdiyini, həyata keçirilən islahatlar nəticəsində vəkillərin sayının əhəmiyyətli dərəcədə artdığını bildirib. Sədr qeyd edib ki, vəkillik peşəsi ölkədə nüfuzlu və perspektivli hüquq fəaliyyət istiqamətlərindən birinə çevrilib.
Sədr VK-nın ali təhsil müəssisələri ilə əməkdaşlığının genişləndirildiyini, eləcə də “PAŞA Holding” ilə birgə həyata keçirilə “LEGIS Hüquq Forumu” layihəsinin hüquqi maarifləndirmə, peşəkar dialoq və hüquq ictimaiyyətinin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb. Bununla yanaşı, yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində vəkillərin peşəkar hazırlığının artırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi vurğulanıb.
Anar Bağırov çıxışının davamında Azərbaycanın beynəlxalq hüquq platformalarında fəal təmsil olunduğunu qeyd edərək, cari ilin oktyabr ayında ölkəmizin Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) payız konfransına ev sahibliyi edəcəyini və bununla bağlı hazırlıq işlərinin davam etdirildiyini söyləyib.
İclas çərçivəsində müxtəlif ölkələrin Vəkillər kollegiyalarının rəhbərləri öz ölkələrində hüquq sistemi və vəkillik institutu sahəsində görülən işlər, həyata keçirilən islahatlar və aktual yeniliklər barədə məlumat verərək hesabatlarla çıxış ediblər.
Təqdimatlardan sonra iştirakçılar arasında qarşılıqlı müzakirələr aparılıb, fikir mübadiləsi həyata keçirilib və suallar cavablandırılıb.
Eyni zamanda tədbir çərçivəsində gələcək əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi məqsədilə Kollegiya sədri Anar Bağırov tərəfindən beynəlxalq təşkilatların və bir sıra ölkələrin Vəkillər kollegiyalarının rəhbərləri arasında müvafiq görüşlər keçirilib, təcrübə mübadiləsi, gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.
Tədbirin sonunda iştirakçılar üçün Lyublyana qəsrində rəsmi ziyafət təşkil olunub.
Bundan başqa, səfər çərçivəsində nümayəndə heyəti bu ölkənin Çepovan kəndindəki qardaşlıq qəbiristanlığında dəfn olunmuş Sovet İttifaqı və Sloveniya qəhrəmanı Mehdi Hüseynzadənin məzarını ziyarət ediblər. Sonra nümayəndə heyəti əfsanəvi qəhrəmanın şərəfinə ucaldılmış abidə və onun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Şempas qəsəbəsində yaradılmış muzeydə olublar.

