Barselonada Azərbaycanın Müstəqillik Günü qeyd olunub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

İspaniyanın Barselona şəhərində 28 May – Müstəqillik Gününə həsr olunan musiqili tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin və Azərbaycan Evinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Çıxışçılar 28 May - Müstəqillik Günü münasibətilə soydaşlarımızı təbrik edərək, bu əlamətdar günün tarixi əhəmiyyətindən danışıblar. Ölkəmizin zəngin mədəniyyəti və müasir inkişafı haqqında geniş məlumat veriblər.

Tədbirdə ölkəmizin zəngin tarixi irsini, dövlətçilik ənənələrini, milli dəyərlərini və müasir inkişafını əks etdirən sərgi nümayiş olunub. İştirakçılara 28 May – Müstəqillik Gününün tarixi əhəmiyyəti, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti və müasir Azərbaycan haqqında ətraflı məlumat verən xüsusi bukletlər paylanılıb. Həmçinin ədəbiyyatımızı və turizm potensialımızı tanıdan kitab və nəşrlər ölkəmiz haqqında daha geniş və dərin məlumat əldə etmək imkanı yaradıb.

Tədbir “Artinity Quartet” kvartetinin “Mozartdan Coldplay-ə” adlı xüsusi konsert proqramı ilə davam edib. Konsertdə Mozart, Hans Zimmer, Coldplay və digər bəstəkar və ifaçıların əsərlərindən parçalar səsləndirilib. Müxtəlif musiqi üslublarını bir araya gətirən ifalar böyük maraqla qarşılanıb.

Müstəqillik Gününə həsr olunan tədbir Azərbaycanın zəngin dövlətçilik ənənələrini, mədəni irsini və milli dəyərlərini beynəlxalq auditoriyaya tanıtmaqla yanaşı, Azərbaycan ilə İspaniya arasındakı mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verib.

Siyasət