Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
“Bakı Enerji Həftəsi” çərçivəsində İnkişaf etməkdə olan Səkkiz Ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) enerji nazirlərinin ilk iclası keçirilib.
“Karbohidrogenlər, enerji keçidi və enerji bağlantıları üzrə əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən iclasda çıxış edən energetika naziri Pərviz Şahbazov Azərbaycanın D-8-ə üzvlüyünün Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş çoxşaxəli xarici siyasət kursunun və uğurlu enerji diplomatiyasının məntiqi davamı olduğunu bildirib. Nazir vurğulayıb ki, qlobal enerji bazarlarında müşahidə olunan dəyişikliklər, geosiyasi gərginliklər, enerji keçidi və elektrikləşmənin sürətlənməsi enerji siyasətində şaxələndirməni strateji zərurətə çevirib. Bu baxımdan D-8 platforması Azərbaycan üçün Avropa ilə yanaşı, Asiya, Yaxın Şərq və Afrika istiqamətlərində də enerji əməkdaşlığının genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Çıxış zamanı Azərbaycanın enerji təhlükəsizliyi ilə enerji keçidi arasında balanslı siyasət həyata keçirdiyi, neft-qaz, elektrik enerjisi və yaşıl enerji sahələrində regional enerji dəhlizlərinin inkişafına töhfə verdiyi qeyd olunub. D-8 ölkələri ilə enerji əməkdaşlığının perspektivlərinə toxunularaq Türkiyə, Pakistan, İran, Misir, İndoneziya, Banqladeş, Malayziya və Nigeriya ilə həyata keçirilən və nəzərdə tutulan layihələr barədə məlumat verilib. Neft və qaz ticarəti, LNG təchizatı, elektrik enerjisi mübadiləsi, bərpa olunan enerji, enerji infrastrukturu və investisiya enerji əməkdaşlığının potensial istiqamətləri kimi qeyd olunub.
Energetika naziri Pərviz Şahbazov deyib ki, ortaq dini və mədəni dəyərləri bölüşən dövlətləri birləşdirən və üç qitəni əhatə edən D-8 platforması enerji təhlükəsizliyi, enerji keçidi və enerji bağlantıları kimi mühüm istiqamətlərdə əməkdaşlığın daha geniş müstəviyə çıxarılmasına yol açır. Bakı Bəyannaməsi bu əməkdaşlığın gələcək konturlarını müəyyən edərək təmiz enerji, enerji bağlantıları, karbohidrogenlərin səmərəli idarə olunması, investisiya mühitinin gücləndirilməsi və texnoloji inkişafı əsas prioritetlər kimi təsbit edir. Gələcəkdə “D-8 Enerji və İqlim Mərkəzi”nin yaradılması isə bu əməkdaşlığın praktiki icrasını təmin edən mühüm institusional addım olacaqdır.
İclas çərçivəsində “Enerji əməkdaşlığı üzrə Bakı Bəyannaməsi” qəbul olunub və “D-8 Enerji və İqlim Mərkəzi”nin Nizamnaməsinin ilkin təqdimatı edilib.
İclasda D-8 təşkilatının Baş katibi Sohail Mahmudla yanaşı Türkiyə, Pakistan, Misir, Banqladeş, Iran, İndoneziya və Malayziya nümayəndələri iştirak ediblər.





