Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkum valideynlərlə onların övladları arasında görüş təşkil olunub.
XQ xəbər verir ki, tədbir çərçivəsində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Strateji Planlaşdırma və Monitorinq Şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov və Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Ramin Əsgərov uşaqları bayram münasibətilə təbrik ediblər. Çıxışlarda ölkədə uşaqların hüquqlarının müdafiəsi, onların sağlam və hərtərəfli inkişafının təmin olunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu vurğulanıb.
Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət uşaq siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və uşaqlara göstərilən diqqət və qayğı ardıcıl şəkildə gücləndirilir.
Bayram proqramı çərçivəsində uşaqlar üçün müxtəlif əyləncəli oyunlar, interaktiv fəaliyyətlər və musiqi nömrələri təqdim olunub. Tədbir zamanı uşaqlar sevincli və emosional anlar yaşayıb, valideynləri ilə görüş isə onlar üçün xüsusi əhəmiyyət kəsb edib.
Sonda uşaqlara bayram hədiyyələri təqdim olunub, xatirə şəkilləri çəkdirilib.
Tədbirin əsas məqsədi məhkum valideynlərlə övladları arasında ailə bağlarının möhkəmləndirilməsi, uşaqlara bayram sevincinin yaşadılması, eləcə də onların mənəvi və psixoloji dəstəyinin təmin edilməsinə töhfə vermək olub.











