2026-cı il mayın 8-də Asia Pacific Report saytında Kanakidə (Yeni Kaledoniya) 28 iyun 2026-cı il tarixində keçiriləcək əyalət seçkilərinə və Fransanın müstəmləkəçi siyasətinə həsr edilmiş məqalə dərc edilib. Məqalədə Bakı Təşəbbüs Qrupunun (BTQ) sosial media hesabında paylaşılmış posta istinad edilir, Fransanın Kanaki xalqına qarşı həyata keçirdiyi repressiv, müstəmləkəçi və yerli xalqların hüquqlarının məhdudlaşdırması ilə bağlı BTQ tərəfindən qaldırılan məsələlərə yer ayrılıb.
Məqalədə qeyd edilir ki, Fransa Baş nazirinin Kanakidə (Yeni Kaledoniya) əyalət seçkilərini rəsmən elan etməsinə dair qərarı rəsmi Parisin ərazi üzərində neokolonial nəzarəti saxlamaq və Kanak xalqının siyasi iradəsini zəiflətmək cəhdi kimi qiymətləndirilir. Çünki sözügedən seçkilər yalnız əyalətlərin tərkibini deyil, eyni zamanda Yeni Kaledoniya Konqresinin, hökumətinin və gələcək siyasi idarəetmə modelinin formalaşmasını müəyyən edəcək. Bu baxımdan proses Kanak xalqının öz müqəddəratını təyinetmə hüququ və ərazinin gələcək siyasi statusu baxımından həlledici əhəmiyyət daşıyır.
Qeyd edək ki, BMT-nin İrqi ayrı-seçkiliyin ləğvi üzrə Komitəsi (CERD) tərəfindən cari ildə Fransanın müstəmləkəsi altında olan Kanakiyə dair bəyanat qəbul edilib. Bəyanatda Komitə, Kanakidə həyata keçirdiyi müstəmləkəçilik siyasəti nəticəsində yaranmış vəziyyətə görə Fransaya xəbərdarlıq edib və ciddi narahatlığını ifadə edərək qeyd edib ki, Kanaki ilə bağlı siyasi və konstitusiya islahatları yalnız yerli Kanak xalqının iştirakı ilə, sərbəst və şəffaf formada həyata keçirilməlidir.
Seçkilər ərəfəsində adadakı Fransa hökumətinin 5-ci kalonu sayılan loyalislər Yeni Kaledoniyada doğulmuş şəxslərlə onların həyat yoldaşlarına səsvermə hüququnun verilməsini təklif edib. Bu təşəbbüs təxminən 10 min yeni seçicinin elektorata daxil edilməsinə səbəb ola bilər ki, bu da Kanak xalqının siyasi təmsilçiliyinə və mövcud seçki balansına təsir göstərə biləcəyi üçün ciddi narahatlıq doğurur.
Qeyd: 2019-cu ildə keçirilmiş son əyalət seçkilərindən sonra, 2024-cü ilə planlaşdırılan növbəti seçkilər üç dəfə təxirə salınmışdır. Fransa Konstitusiya Şurası seçkilərin ən geci 28 iyun 2026-cı ilədək keçirilməli olduğunu bəyan etmişdir. Paris bu prosesi texniki prosedur kimi təqdim etsə də, seçkilər əslində Yeni Kaledoniyanın siyasi gələcəyi və Kanak xalqının öz müqəddəratını təyinetmə hüququ baxımından strateji əhəmiyyət daşıyır.
https://x.com/bakuinitiative/status/2052380379114295666?s=48
https://www.facebook.com/share/p/1H36gsDrEQ/?mibextid=wwXIfr

