Naxçıvan teatrı Kamal Abdullanın tamaşasını Bakıda nümayiş etdirib

post-img

Fevralın 24-də C.Məmmədquluzadə Naxçıvan Dövlət Milli Dram Teatrı paytaxt tamaşaçıları qarşısında uğurla çıxış edib. Tamaşa Xalq yazıçısı Kamal Abdullanın “Kim dedi ki, simurq quşu var imiş” əsəri əsasında hazırlanmış “Simurq quşu” səhnə işi ilə təqdim olunub.

Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Akademik Rus Dram Teatrının təşkilati dəstəyi ilə ərsəyə gəlib. Naxçıvan teatrının Bakı səfərinin baş sponsoru Babək SİRAB ASC olub.

Tamaşada əsas rolları əməkdar artistlər Səməd Canbaxşiyev, Günay Qurbanova, xalq artisti Şirzad Abutalıbov, əməkdar artist Behruz Haxverdiyev, aktyorlar Əlizamin Abbasov, Anar Eyvazov, Zakir Fətəliyev, Şəbinəm Qaybalıyeva, Uğur Nəsirli, Xəlil Hüseynov və Ələsgər Quliyev canlandırıblar.

Səhnə əsərinin yüksək bədii səviyyədə hazırlanmasında teatrın yaradıcı heyətinin böyük zəhməti olub. Tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Araz Xudiyev, musiqi tərtibatçısı Əfsanə Şirəliyeva, rejissor assistenti isə Leyla Yaqubova olub.

Tamaşanın sonunda əsərin müəllifi, xalq yazıçısı Kamal Abdulla aktyor və yaradıcı heyəti təbrik edib, tamaşanın yüksək bədii-estetik məziyyətlərini vurğulayıb, kollektivə gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.

“Simurq quşu” tamaşası Naxçıvan teatrının Bakı səfəri çərçivəsində mədəniyyətlərarası yaradıcılıq əlaqələrinin möhkəmləndirilməsi və milli teatr sənətimizin təbliği baxımından əlamətdar hadisə kimi yadda qalıb.

 

 

Mədəniyyət