Gənclər və İdman naziri Fərid Qayıbov ADU-nun tələbələri ilə görüşüb

post-img

Gənclər və İdman naziri Fərid Qayıbov ADU-nun tələbələri ilə görüşüb

Fevralın 24-də Gənclər və İdman naziri Fərid Qayıbov Azərbaycan Dillər Universitetində (ADU) tələbələrlə görüşüb.

ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib ki, Ulu öndər Heydər Əliyev hər zaman gənclərə inandığını və gələcək inkişafın gənclərlə bağlı olduğunu vurğulayırdı: "O qeyd edirdi ki, “Gənclər mənim sizə əmanətimdir”. Həmin gənclər bu gün Azərbaycanın inkişafı və daha da güclənməsi yolunda yorulmadan çalışırlar".

Bildirilib ki, ADU-ya yüksək balla qəbul olan tələbələrin sayı artmaqdadır. Bu da universitetin elmi mühitinə müsbət təsir göstərir. Həmçinin ADU öz məzunları ilə mütəmadi olaraq əlaqə saxlayır, regionlarda konfranslar təşkil edir. ADU-nun QS reytinqində uğurları haqqında da məlumat verilib.

Rektor çıxışında 44 günlük müharibə zamanı tələbələrin fəallığından da söz açıb. Qeyd olunub ki, tələbələr müxtəlif xarici dillərdə dünya ölkələrinin hökumət strukturlarına məktublar ünvanlayaraq Azərbaycan həqiqətlərini çatdırıblar.

Görüş zamanı ADU-da tələbələrin və əməkdaşların fiziki aktivliyinin artırılması, onların sağlamlığının qorunması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə mütəmadi olaraq idman və sağlamlıq yönümlü layihələrin həyata keçirilməsi ilə bağlı məlumat verilib.

Gənclər və İdman naziri Fərid Qayıbov çıxış edərək bildirib ki, gənclərin həm intellektual, həm də fiziki inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Nazir çıxışında ali təhsil müəssisələrinin bu prosesdə mühüm rol oynadığını vurğulayaraq universitetlərin gənclərin potensialının üzə çıxarılmasında, onların təşəbbüskarlıq və liderlik bacarıqlarının formalaşmasında xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Söhbət zamanı gənclərin beynəlxalq idman və gənclər proqramlarında iştirakının artırılmasının vacibliyinə toxunulub, bu sahədə universitetlərlə əməkdaşlığın genişləndirilməsinin önəmi diqqətə çatdırılıb.

Görüş tələbələrin sualları ilə davam edib. Tələbələr gənclər siyasəti, idman infrastrukturu, beynəlxalq mübadilə proqramları və şəxsi inkişaf imkanları ilə bağlı suallarını ünvanlayıblar.

Nazir sualları cavablandıraraq gənclərin təşəbbüslərinə hər zaman açıq olduqlarını qeyd edib.

 

 

İdman