Həyat məktəbinin görkəmli yetirməsi

post-img

Azərbaycan ədəbiyyatı XX əsrdə əsərləri zamanın sərt ideoloji çərçivələrini aşaraq günümüzə yetişmiş yazıçılar nəsli yetişdirib. Onlar yaşadıqları dövrün təzyiqlərinə baxmayaraq, qələmlərini insanın taleyinə, cəmiyyətin ağrılarına və vicdanın səsinə tabe etdiriblər. Belə yetkin simalardan biri də Xalq yazıçısı Əli Vəliyevdir. Yazıçı əsərlərində insanı ziddiyyətləri, qorxuları, ümidləri və daxili mübarizələri ilə göstərib, oxucunu inandırmağa yox, düşündürməyə üstünlük verib.
Əli Qara oğlu Vəliyev 1901-ci il fevralın 27-də Zəngəzur qəzasının Ağudi kəndində dünyaya göz açıb. İlk təhsilini kənddəki üçsinifli rus məktəbində alıb. Ermənilərin Zəngəzurda törətdiyi soyqırımından xilas olub Ağdamda məskunlaşmış ailə məşəqqətli həyat keçirib. Zəkası və diribaşlığı ilə seçilən Əli Şuşa, ardınca isə Bakı firqə məktəbində oxuyub. Bu məktəblərdə aldığı təhsil onun dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb. 1931-ci ildə Azərbaycan Universitetinin pedaqoji fakültəsini bitirib. 
Əli Vəliyevin fəaliyyəti bədii yaradıcılıqla məhdudlaşmayıb. Kütləvi savadlanma və mədəni inqilab tədbirlərinə fəal qoşulan yazıçı 1933–1934-cü illərdə “Şərq qapısı” qəzetinin redaktoru, 1942–1945-ci illərdə Azərbaycanın ədəbi-mədəni həyatında mühüm rol oynayan “Kommunist” qəzetinin redaktor müavini, 1945–1950-ci illərdə məsul redaktoru vəzifələrində çalışıb. 1950–1954-cü illərdə Azərbaycan Yazıçılar İttifaqının məsul katibi, 1954–1959-cu illərdə “Azərbaycan” jurnalının məsul redaktoru olub. 
Yazıçı ədəbi fəaliyyətə 1920-ci illərdə başlayıb. İlk vaxtlar yaradıcılığında kənd həyatını, sadə insanların məişətini və daxili dünyasını realist boyalarla təqdim edən Əli Vəliyev 1930-cu ildə “Allahın səyahəti” və “Nənəmin cəhrəsi” əsərləri ilə oxucuların diqqətini cəlb edib. “Qarlı dağlar”, “Qəhrəman”, “Ordenli çoban”, “Sübut” kitabları isə artıq yazıçını ədəbi mühitdə tanıdıb.
Əli Vəliyevin yaradıcılığında İkinci Dünya müharibəsi illəri xüsusi mərhələ təşkil edir. O, müharibə başlayanda könüllü olaraq cəbhəyə yollanıb. Döyüş səhnələri, əsgərlərin qəhrəmanlığı onun publisistik və bədii yaradıcılığında silinməz izlər qoyub. “Cəbhə hekayələri”, “Ərköyün”, “Sovqat” kitablarında müharibənin mənəvi-psixoloji tərəfləri əks olunur.
Müharibədən sonrakı illərdə yazıçı “Gülşən” povesti və “Hekayələr” kitabını yazıb. “Gülşən” povesti və “Çiçəkli” romanı 1958-ci ildə M.F.Axundov adına Respublika Dövlət mükafatına layiq görülüb. 
1950–1970-ci illər yazıçının yaradıcılığının ən məhsuldar dövrü sayılır. Bu illərdə “Madarın dastanı”, “Ürək dostları”, “Seçilmiş əsərləri”nin I–VI cildləri geniş tirajla çap olunub. 
Əli Vəliyev məşhur “Budağın xatirələri”, “Yeni həyat”, “Zamanın ulduzları”, “İstedad”, “Qarabağda qalan izlər”, “Narahat adam”, “Turaclıya gedən yol” romanlarının da müəllifidir. Əsərləri bir neçə xarici dilə tərcümə olunub.
Xalq yazıçısının 1950-ci ildə qələmə aldığı “Gülşən” povestinin ideya-bədii motivləri əsasında görkəmli bəstəkar Soltan Hacıbəyovun yazdığı eyniadlı balet Azərbaycan mədəniyyətinin nadir nümunələrindəndir. Balet əvvəlcə Azərbaycan Opera və Balet Teatrının səhnəsində, 1953-cü ildə isə Əlişir Nəvai adına Daşkənd Böyük Teatrında tamaşaya qoyulub. Əsərin 1952-ci ildə SSRİ Dövlət mükafatına layiq görülməsi Əli Vəliyevin yaradıcılığının ittifaq miqyasında yüksək qiymətləndirildiyini bir daha sübut edir.
Əli Vəliyev Xalq yazıçısı fəxri adına, dövrün nüfuzlu orden-medallarına və mükafatlarına layiq görülüb. Onun həyat və yaradıcılığına həsr olunmuş sənədli filmlər çəkilib, monoqrafiyalar, elmi və publisistik məqalələr yazılıb. Azərbaycan ədəbiyyatının bir çox görkəmli simaları - Süleyman Rəhimov, Səməd Vurğun, Mehdi Hüseyn, Süleyman Rüstəm, Məmməd Rahim, Qasım Qasımzadə Əli Vəliyevi Azərbaycan sovet nəsrinin görkəmli nümayəndələrindən biri, publisistika və jurnalistikamızın nüfuzlu təmsilçisi kimi xarakterizə ediblər. 
Əli Vəliyevin ictimai mövqeyini əks etdirən maraqlı məqamlardan biri də ulu öndər Heydər Əliyevlə bağlı xatirədir. Yazıçının 80 illik yubileyində Heydər Əliyev ona zəng edərək təbrik edir və ehtiyacının olub-olmadığını soruşur. Əli Vəliyev Qubadlı rayonunun bərbad vəziyyətdə olan yollarından, Kəlbəcərin İstisu ərazisinin problemlərindən danışır və bu məsələlərə kömək göstərilməsini xahiş edir. 
Əli Vəliyev yaradıcılığı və şəxsiyyəti ilə bütöv bir xalqın yaddaşına yazılmış söz adamıdır. O, sözə vicdan, sənətə məsuliyyət, həyata isə insan sevgisi ilə yanaşaraq ədəbiyyatı zamanın fövqünə qaldıra bilib. 
Xalq yazıçısı 2 fevral 1983-cü ildə vəfat edib, Birinci Fəxri xiyabanda dəfn olunub.

L.TƏHMƏZ
XQ

Mədəniyyət