Nobel Sülh Mükafatçısı Bəxtiyar Siracova “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim edilib

post-img

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov uzun illər Azərbaycan elmini dünyada layiqincə təmsil edən, Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə (AEBA) çalışmış, AEBA-da bütün əməkdaşlarla bərabər Nobel Sülh Mükafatı almış dünya şöhrətli azərbaycanlı alim, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Bəxtiyar Siracovla görüşüb.

Fuad Muradov hazırda xaricdə fəaliyyət göstərən Azərbaycan icmalarının, soydaşlarımızın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğunu bildirib. O, xaricdə yaşayan azərbaycanlı alimlərin komitə tərəfindən daim diqqətdə saxlanılmasının da bunun məntiqi davamı olduğunu qeyd edib. Sədr komitənin dəstəyi ilə Türkiyənin İstanbul şəhərində Dünya Azərbaycanlı Alimlərin Forumuna hazırlıq görüşünün (Dünya Azərbaycanlı Elm Xadimlərinin Görüşü) keçirilməsini, Türkiyədə yaşayan Azərbaycanlı Elm Adamlarının Dərnəyinin yaradılmasının təşviq olunmasını  xaricdə yaşayan alimlərimizin həm ölkəmiz, həm də bir-birləri ilə sıx əlaqələrinin qurulması, bilik və təcrübə mübadiləsi aparılması, onların diaspor fəaliyyətinə öz töhfələrini verməsi kimi vacib məqsədlər daşıdığını söyləyib.

Bəxtiyar Siracov fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə dərin minnətdarlığını ifadə edib. O, bildirib ki, xaricdə yaşayan soydaşlarımız Azərbaycanın ərazi bütövlüyünü təmin edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyirlər. Soydaşımız bundan sonra da xaricdə vətənimizin milli maraqlarının müdafiəsi, ölkə daxilində və  hüdudlarından kənarda təhsil alan, yaşayan gənclərimizin beynəlxalq elm aləminə inteqrasiyası, fəallıqlarının arıtırılması üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib.

Görüşün sonunda komitə sədri Bəxtiyar Siracova diaspor fəaliyyətində xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təltif olunduğu “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalını təqdim edib.

Qabil YUSİFOĞLU
XQ

Son xəbərlər