Cari ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Sumqayıt Dövlət Universitetində (SDU) forum keçirilib.
SOCAR Polimer MMC–nin, “Sumqayıt Texnologiyalar Parkı” MMC və “Glensol” şirkətinin sponsurluğu ilə SDU-nun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Abşeron–Xızı Regional filialının və digər qurumların dəstəyi ilə təşkil olunan forumu universitetin rektoru Rüfət Əzizov açaraq deyib ki, Azərbaycanda COP29-un keçirilməsi üzrə tədbirlər və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində bu tədbirin təşkili gənclər arasında ekoloji maarifləndirmə səviyyəsinin yüksəldilməsi və bu sahədə elmi-tədqiqatların aparılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Rektor COP29-un ölkənin siyasi-iqtisadi həyatında önəmli bir hadisə olduğunu, ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafını nəzərdə tutan prioritetlərdə təmiz ətraf mühit və yaşıl artımın ayrıca yer aldığını diqqətə çatdırıb. O əlavə edib ki, Sumqayıt Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti beynəlxalq reytinq təşkilatı olan “Times Higher Education”un illik “qlobal təsir” forumuna birgə evsahibliyi edəcəklər.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxışında Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən olan COP29-a evsahibliyi etməsini beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük ehtiramın təzahürü kimi dəyərləndirib. O bildirib ki, ölkənin hər yerində olduğu kimi, Sumqayıtda da “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində müxtəlif tədbirlər, o cümlədən ağacəkmə aksiyaları həyata keçirilir. Gənclik şəhəri Azərbaycanda “yaşıl dünya” naminə çağırışların öz təcəssümünü uğurla tapdığı ünvanlardan biridir. Adambaşına düşən yaşıllıq həcminə görə Sumqayıt respublikamızın şəhərləri arasında öncüllər sırasına çıxıb. Hələ bir neçə il əvvəl Sumqayıtda Dənizkənarı bulvarın yaradılması bu istiqamətdə görülən işlərin miqyasına aydınlıq gətirir. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində həyata keçirilən kompleks quruculuq nümunələri Sumqayıtı gözəl, o cümlədən “ağıllı şəhər” konsepsiyasının tətbiq olunduğu modern, ekoloji baxımdan təmiz, “yaşıl şəhər”ə çevirib.
Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxış edərək bildirib ki, “Yaşıl dünya naminə həmrəylik” forumu gənclərimizin ekoloji maariflənməsi və cəmiyyətdə ətraf mühitə qarşı məsuliyyət hissinin gücləndirilməsi baxımından mühüm bir addımdır. Natiq Azərbaycanda bu istiqamətdə mühüm layihələr həyata keçirildiyini, o cümlədən Qarabağ və Şərqi Zəngəzur zonasının “Yaşıl Enerji Zonası” elan edildiyini vurğulayıb.
Qeyd edilib ki, son illər ərzində Sumqayıtda görülən işlər, xüsusilə Kimya Sənaye Parkının təsis edilməsi və mövcud sənaye müəssisələrinin müasir texnologiyalar əsasında yenilənməsi şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasında mühüm rol oynamışdır.
Milli Məclisin deputatı Nigar Arpadarai, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Neft Kimya Prosesləri İnstitutunun baş direktoru Vaqif Abbasov da çıxış edərək müzakirə olunan mövzuya münasibətlərini bildiriblər.
Sonra “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib. Forumdan sonra qonaqlar “Yaşıl iş yerləri” sərgisi ilə tanış olublar. Sərgidə ölkəmizdə fəaliyyət göstərən müxtəlif sektorlardan 70-dən çox qurum və şirkət təmsil olunub. Şirkət nümayəndələri tərəfindən tələbə və məzunlar Azərbaycanın ən iri özəl şirkətləri və dövlət qurumlarında vakansiyalar, işəgötürmə prosedurları haqqında məlumat alıblar.
Forum sessiyalar üzrə davam edib.
Ə.ƏLİYEV
XQ