Daşkənd Toxuculuq və Yüngül Sənaye İnstitutunda “Biz bir torpağın övladlarıyıq” adlı tədbir keçirilib.
Xalqlar arasında dostluğa aid tədbirdə Özbəkistanda akkreditə olunmuş diplomatik korpusların və Daşkənddəki mədəniyyət mərkəzlərinin nümayəndələri, jurnalistlər, yazıçılar, universitetin professor-müəllim heyəti, tələbələr iştirak ediblər. Tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) də təmsil olunub.
İnstitutun elm və innovasiyalar üzrə prorektoru Azamat Eşonkulov Özbəkistanda yaşayan xalqlar arasında sülhün və tolerantlığın qorunmasının ölkənin daxili siyasətinin əsasını təşkil etdiyini vurğulayıb. AMM-in nümayəndəsi Yusif Məmmədov ortaq türk dəyərlərindən danışıb, ölkələrimizdə müxtəlif millətlərin və dini konfessiya nümayəndələrinin multikultural dəyərlərə hörmət, sülh, əmin-amanlıq şəraitində yaşadığını qeyd edib.
İştirakçılar Azərbaycan Mədəniyyət Mərkəzi üçün ayrılan guşədə ölkəmizin mədəniyyəti, ədəbiyyatı, incəsənətini əks etdirən kitab sərgisi, həmçinin ağac, saxsı və digər materiallardan hazırlanan suvenirlərlə tanış olublar. Gecənin bədii hissəsində müxtəlif ölkələrin nümayəndələri, o cümlədən AMM nəzdindəki “Azərbaycan” rəqs ansamblının üzvləri öz xalqlarının milli rəqslərini ifa ediblər.
Özbəkistan Yazıçılar Birliyinin üzvü, şair Qulamdan Taqayeva dostluq, vətənpərvərlik haqqında şeirlər oxuyub.
Tədbirdə fəal iştirakına görə Azərbaycan Mədəniyyət Mərkəzi Fəxri Fərman və xatirə hədiyyələrlə təltif edilib.
Qulu Kəngərli,
XQ-nin xüsusi müxbiri
Daşkənd