Bilik – məlumat bazası təhsilin uğur qaynağıdır

post-img

Məlum olduğu kimi, bu ilin yazı Azərbaycanda peşəkar xoreoqrafiya təhsilinin 95, Bakı Xoreoqrafiya Akademiyasının (BXA) isə 10 yaşının tamam olması ilə  əlamətdardır. Bununla bağlı bir sıra yubiley tədbirləri keçirilib. Oxuculara təqdim etdiyimiz müsahibə isə akademiyanın həyatında mühüm rol oynayan kitabxana-informasiya mərkəzinin fəaliyyəti barədədir. Mərkəzin müdiri İradə Ağayeva həmsöhbətimizdir.

– İradə xanım, yaradıcı sahələr üzrə təhsil müəssisələrində kitabxana-informasiya şəbəkəsi də zəruri strukturdur. Bu, tələbələrin tədris prosesinə və intellektual inkişafına müsbət təsir göstərir. Xoreoqrafiya akademiyasında kitabxana-informasiya mərkəzinin işini necə təşkil edirsiniz?

– Əvvəla qeyd edim ki, kitabxana, sadəcə, dərslik və digər ədəbiyyatın qorunub saxlandığı yer deyil, həm də nağıl və hekayələrin, elmi biliklərin və ilhamın iç-içə keçdiyi, gənclərin dünyagörüşünün formalaşmasına xidmət edən məxsusi bir ocaqdır. Hazırkı kompüter və internet dövründə ənənəvi çap məhsullarının  rolunun guya günbəgün azalması ilə bağlı yanlış fikir var. Lakin rəqəmsal əsrdə belə kitabxanalar yeni texnologiyalara uyğunlaşaraq və elektron kitablara, onlayn resurslara və təhsil proqramlarına çıxışı təmin etməklə aktuallığını qoruyub saxlayır.   Onlar informasiya boşluğunun doldurulmasında və əhalinin bütün təbəqələrinin informasiyaya bərabər çıxışının təmin edilməsində əsas rol oynayır. Beləliklə, kitabxana təkcə kitab anbarı deyil, həm də bilik və ideyaların daim dövr etdiyi, hər bir ziyarətçinin zənginləşdiyi canlı məkandır.   

BXA-nın kitabxana-informasiya mərkəzi şagird və tələbələrimizi təhsil proqramları və tədqiqatlar üçün lazım olan kitab, jurnal və elmi mənbələrlə, eləcə də onlayn resurslarla təmin edir ki, bu da təhsil və araşdırma imkanlarını genişləndirir. Eyni zamanda mərkəzimiz akademiyada elmi iş üçün vacib olan informasiya savadlılığı vərdişlərinin inkişaf etdirilməsi üzrə təlimlər, seminarlar, mühazirələr, hətta ustad dərsləri kimi maarifləndirici tədbirlərin keçirildiyi zaman ən çox müraciət edilən zəruri bir sturktur bölməsinə çevrilir. Mən artıq 6 ildir ki, bu mərkəzə rəhbərlik edirəm. Təhsil ocağımız cəmi 10 yaşı olan akademiya kimi və daha öncə sırf məktəb kimi fəaliyyət göstərdiyi üçün burada xeyli işlərin görülməsinə ehtiyac vardı. Odur ki, ilk gündən kitab fondunun düzülüşünü, uçotunu və saxlanılmasını yenidən təşkil etdik. Bununla yanaşı, oxucu sorğularının öyrənilməsi əsasında kitabxana fondunun komplektləşdirilməsi üzrə təkliflər hazırlayıb rəhbərliyə təqdim etdik, oxuculara göstərilən abonement və oxu zalı xidmətlərinin bir qədər də təkmilləşdirilməsinə nail olduq. 

– Rəhbərlik etdiyiniz mərkəz akademiyada yaradıcı mühitin inkişafına hansı töhfələr verir?

– Mərkəzimiz akademiyada yaradıcılıq mühitin yaradılması yolunda kifayət qədər səy göstərsə də, bəzən bizim fəaliyyətimizə lazımi dəyər verilmir. Bununla belə, yaradıcı mühitin formalaşmasında və innovativ ideyaların dəstəklənməsində mərkəzin rolu danılmazdır. Çünki biz oxucularımızı təkcə dərsliklər və elmi jurnallar deyil, həm də bədii ədəbiyyat, ədəbi jurnallar, musiqi yazıları və hətta filmlərlə belə təmin edirik. Bu müxtəlif materiallar tələbələrə və müəllimlərə müxtəlif mədəni və yaradıcı istiqamətlərlə tanış olmağa imkan verir, öz elmi və yaradıcı layihələrində yeni ideya və yanaşmaların yaranmasına töhfə verir.

– Yəqin ki, keçirilən tədbirləri də, əsasən, siz təşkil edirsiniz.

– Elədir. Biz ədəbi gecələr təşkil etməklə fərdi və kütləvi kitab təbliği işini aparırıq. Mütəmadi olaraq oxucu konfransları, ədəbiyyat icmalları, kitab sərgiləri və başqa tədbirlər keçiririk. Son iki-üç ildə bu qəbildən olan tədbirlər sırasında dahi bəstəkarların, görkəmli baletmeyster Qəmər Almaszadənin anım günlərini, Milli Müstəqillik və Milli Dirçəliş günlərinə, Zəfər Bayramına, Beynəlxaq İnsan Hüquqları Gününə aid toplantılar üçün təşkil olunmuş sərgiləri, Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr edilmiş “Hər kitab bir xəzinədir” və “Kitab ruhun qidasıdır” adlı müsamirələri, Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqədar  mərasimi, Azərbaycanda ilk dəfə keçirilmiş I və II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışında xoreoqrafiya sənəti ilə bağlı kitab, foto sərgilərini, milli geyim və baletə aid rəsm əsərlərinin nümayişini və s.-ni göstərmək olar. Ulu öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən “Gələcəyimizə çıraq ol” sosial layihəsinə dəstək vermişik.

Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş “Mən bir sönməz ulduzam ki, daim işıq saçaram” adlı elmi-praktiki konfrans, demokrat ədib Cəlil Məmmədquluzadənin   150, Xalq yazıçısı İsmayıl Şıxlının 100, Xalq şairi Məmməd Arazın 85 illik yubileyləri də yaddaqalan olub. Bundan başqa, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində oynanılan “Zəfər yolu” tamaşası ətrafında müzakirələr keçirmişik. Vaxtaşırı olaraq şagird və tələbə heyəti ilə II Qarabağ Müharibəsində iştirak etmiş əməkdaşların, məzunların, şəhidlərin ailə üzvlərinin görüşlərini də təşkil edirik.

– Mərkəzinizin yerli və beynəlxalq əlaqələri necə inkişaf edir?

– Ötən dövr ərzində fəaliyyətimizi həm də Qazaxıstan Milli Xoreoqrafiya Akademiyası və Bakı Xoreoqrafiya Akademiyası arasında bağlanmış kitabxana resurslarından tam istifadə etmək hüququ ilə bağlı müqavilələrə əsasən genişləndirmişik. Eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birgə imzalanmış müqavilə üzrə BXA və ADMİU kitabxana-informasiya mərkəzləri arasında təcrübə mübadiləsi aparmışıq. Həmkarlarımızla Kitabxana işgüzar əməkdaşlıq şəraitində çalışırıq. 

– Müsahibə üçün sağ olun! 

Əli NƏCƏFXANLI 
XQ

 

Müsahibə