Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması, eləcə də regionda yeni kommunikasiya layihələrinin həyata keçirilməsi Cənubi Qafqazın inkişafı baxımından əhəmiyyət daşıyır. Bu çərçivədə ABŞ-ın təşəbbüsü ilə irəli sürülən “Tramp marşrutu” (TRIPP) layihəsi həm Ermənistan–ABŞ, həm də Azərbaycan–Ermənistan münasibətlərinə yeni nəfəs gətirəcək.
Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Sarkis Xandanyan “Armenpress”ə bildirib ki, TRIPP layihəsinin icrası ilə Ermənistan–Azərbaycan sülh sazişi arasında birbaşa əlaqə olmasa da, sülhün yekunlaşdırılması proqramın reallaşması üçün daha əlverişli mühit yaradacaq. O vurğulayıb ki, layihənin dəqiq maliyyə çərçivəsi hələ hesablanır və danışıqlar Ermənistanla ABŞ arasında davam edir. Detalların ilin sonuna qədər müəyyənləşməsi gözlənilir.
Baş nazir Nikol Paşinyan isə TRIPP layihəsinin siyasi deyil, iqtisadi xarakter daşıdığını, 49 və ya 99 illik icarə modeli əsasında müzakirə edildiyini, idarəetməyə verilmə müddətinin yalnız investisiyaların hansı müddət ərzində özünü doğruldacağından asılı olduğunu bildirib. Paşinyan qeyd edib ki, Ermənistan tərəfi bu müzakirələrdə siyasi komponent görmür və onlar sırf maliyyə-iqtisadi xarakter daşıyır: “İnvestorun yatırdığı vəsaitləri müəyyən mənfəətlə birlikdə geri alacağına dair zəmanətləri olmalıdır”.
Onun sözlərinə görə, Ermənistanın həlledici səsə malik olacağı konsorsium yaradılması planlaşdırılır və investorun vəsaitinin geri dönüşü təmin edilməlidir: “Tezliklə şirkətin adı da müəyyən ediləcək və konsorsiumun direktorlar şurasında hər iki ölkə təmsil olunacaq. Onların nisbəti investisiyaların payından asılı olacaq”.
Artıq tərəflər arasında danışıqlar aparılır. ABŞ Dövlət katibinin müavini Elison Huker Ermənistanda səfərdədir. Səfər çərçivəsində E.Huker ölkə rəhbərliyi ilə “Tramp marşrutu” layihəsini və Ermənistan–Türkiyə münasibətlərini müzakirə etmək niyyətindədir.
Azərbaycan da bu layihənin tezliklə reallaşmasının tərəfdarıdır. Düzdür, TRIPP layihəsi, əsasən, Ermənistan–ABŞ xətti ilə müzakirə olunur və Ermənistan ərazisində həyata keçirilir. Bu səbəbdən Azərbaycan tərəfindən xüsusi razılıq tələb edilmir. Amma Bakı regional proseslərin təhlükəsizlik və sabitlik prinsipinə uyğun olmasını zəruri sayır.
Mövzu ilə bağlı politoloq Cəsarət Hüseynzadə XQ-yə bildirdi ki, Azərbaycan üçün əsas məsələ Ermənistanın sülh sazişi üzrə öhdəliklərini tam yerinə yetirməsi, sərhədlərin tanınması, delimitasiya və təhlükəsizlik mövzularında aydın və qeydsiz-şərtsiz mövqe ortaya qoymasıdır: “Tramp marşrutu”nun həyata keçirilməsinə də bu prizmadan yanaşılır. Azərbaycan hesab edir ki, regionda genişmiqyaslı iqtisadi layihələrin davamlılığı yalnız sülhün hüquqi əsaslarda təmin olunması ilə mümkündür. Bakı paraflanmış sənədi mühüm diplomatik addım kimi qiymətləndirsə də, yekun imzanı və sənədin icrasını həlledici mərhələ hesab edir”.
Ekspert qeyd etdi ki, istənilən regional layihə suverenlik, ərazi bütövlüyü və qarşılıqlı fayda prinsiplərinə söykənməlidir: “Ermənistanın iştirak etdiyi hər hansı beynəlxalq təşəbbüs yalnız uzunmüddətli sabitlik formalaşdıqdan sonra real nəticə verə bilər. Onun TRIPP kimi layihələrə can atması anlaşılandır, çünki ölkə iqtisadi blokadadan çıxmağa çalışır. Amma regionda iqtisadi açılım üçün əsl açar Ermənistanın destruktiv siyasətdən əl çəkməsi və Azərbaycanla normal qonşuluq münasibətlərini bərpa etməsidir”.
Bu gün regional əməkdaşlıq, xüsusilə nəqliyyat-kommunikasiya dəhlizlərinin genişləndirilməsinin Azərbaycanın strateji gündəliyində mühüm yer tutduğunu vurğulayan politoloq Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlərin tamamlanmağa yaxınlaşdığını və bu marşrutun Orta Dəhlizin əsas arteriyasına çevriləcəyini bildirdi: “Xüsusilə, Mərkəsi Asiya ölkələrindən və əksinə yükdaşımaların həcmi artacaq. Bu, dəhlizin bir qolu olan TRIPP layihəsi xüsusi əhəmiyyət kəsb edəcək. Onu da qeyd edim ki, yeni marşrut təkcə nəqliyyat imkanlarını genişləndirmir, həm də regionda sülh və sabitliyin möhkəmlənməsi üçün strateji əhəmiyyət kəsb edir.
Bu səbəbdən də TRIPP təşəbbüsü Mərkəzi Asiya ölkələri üçün də vacibdir. Qazaxıstan neft məhsullarının ixracını artırmaq, Özbəkistan Avropa bazarına çıxmaq və Türkmənistan Asiya bazarına yönəlməklə diversifikasiyanı gücləndirmək niyyətindədir. Regionun uran, qızıl və digər resurslarla zəngin olması layihənin strateji əhəmiyyətini daha da artırır. Ekspertlər hesab edirlər ki, yeni nəqliyyat kəməri əməkdaşlıq mühitini gücləndirəcək, qarşılıqlı etimadı artıracaq və regional inteqrasiya proseslərinə yeni dinamika qatacaq”.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Mətin Məmmədli mətbuata açıqlamasında bildirib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilməkdədir: “Orta Dəhliz üzərindən yükdaşımaların artması və Zəngəzur dəhlizinin açılması regionun iqtisadi inteqrasiyasını sürətləndirəcək. Bu əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan regional gələcəyin əsas dayaqlarından birinə çevrilir”.
Bu proses həm region dövlətlərinin maraqlarını təmin edir, həm də daha geniş coğrafiyada – Avropa və Asiya arasında qarşılıqlı bağlılığı gücləndirir. Statistik göstəricilərə əsasən, Orta Dəhliz üzərindən yükdaşımalar sürətlə artır və Zəngəzur dəhlizinin açılması ilə bu rəqəmlər daha da yüksələcək.
Bu isə TRIPP layihəsinin icrasını tezləşdirməyi gündəmə gətirir. Çünki layihə yalnız bir ölkənin deyil, bir sıra regional və qlobal aktorların maraqlarını əhatə edir. Layihənin uğurla həyata keçirilməsi həm ABŞ-ın strateji və iqtisadi maraqlarına, həm Mərkəzi Asiya dövlətlərinin inkişaf və əməkdaşlıq planlarına, həm də Azərbaycanın regional inteqrasiya və iqtisadi inkişaf məqsədlərinə uyğun gəlir. Ermənistan da bu məqamları nəzərə alaraq öz milli maraqlarını düzgün qiymətləndirməli və layihənin reallaşdırılması istiqamətində konkret addımlar atmalıdır. Belə bir yanaşma yalnız layihənin uğuruna xidmət etməyəcək, eyni zamanda, regionda əməkdaşlıq və qarşılıqlı fayda prinsiplərinin güclənməsinə töhfə verəcək. Bu gün Cənubi Qafqaz ilə bu region arasında güclü bir körpü formalaşmaqdadır. Bu isə hər iki regionda sabitliyi daha da gücləndirəcək. Əks halda, uduzan tərəf İrəvan olacaq”.
Beləliklə, TRIPP layihəsi yalnız iqtisadi deyil, həm də siyasi və humanitar müstəvilərdə yeni imkanlar yaradan mühüm beynəlxalq təşəbbüsdür. Layihə Azərbaycan və Ermənistan arasında uzun müddətdir ehtiyac duyulan sülhün qurulmasına, eyni zamanda, Avrasiya boyunca ticarət marşrutlarının genişləndirilməsinə xidmət edir. Azərbaycan Ermənistanın istənilən beynəlxalq layihəyə qoşulmasına qarşı deyil, lakin regionda davamlı inkişafın yalnız hüquqi sülh, sərhədlərin tanınması və qarşılıqlı etimad bərpa olunduqdan sonra mümkün olacağını vurğulayır. Bakı üçün əsas prioritet sabitlik, təhlükəsizlik və suverenliyə hörmət prinsipidir. Bu prinsiplər təmin edildikdən sonra Cənubi Qafqazda istənilən layihənin uğurla həyata keçirilməsi üçün real imkan yaranacaq.
Pünhan ƏFƏNDİYEV
XQ



