Mərkəzi Asiya+Azərbaycan

post-img

Türküstanda strateji əhəmiyyətli tarixi qərar

2025-ci il noyabrın 16-da Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə Azərbaycanın tamhüquqlu üzv kimi qoşulması qərarı Avrasiya məkanında regional dinamikanın strukturlaşdırılması baxımından dönüş nöqtəsi sayıla bilər. Yüz illər ərzində Azərbaycan və Mərkəzi Asiya ayrı-ayrı geosiyasi orbitlərdə hərəkət etmiş, ayrı diplomatik platformalarda məhdud təmas qurmuşdular. Tarixi qərar göstərir ki, Azərbaycan Mərkəzi Asiyanın geosiyasi və iqtisadi proseslərində aktiv subyektə çevrilir.

Strateji məqam institusional, iqtisadi və təhlükəsizlik sahələrində yeni mərkəzlərin yaranmasında özünü göstərir. Azərbaycan Mərkəzi Asiya ilə yeni dialoq məkanına daxil olur və bununla da regional güc balansında hərəkətlilik yaradır. Əslində, bu, Avrasiya geosiyasətində ciddi çevrilişlərə yol açan bir addımdır: Orta Dəhlizdəki nəqliyyat arteriyalarının strateji rolunun möhkəmlənməsi, regional enerji və logistika siyasətinin koordinasiyalı şəkildə aparılması və türk dünyası daxilində siyasi və mədəni inteqrasiyanın yeni mərhələyə qədəm qoyması. Azərbaycanın bu platformaya daxil olması həm də beynəlxalq oyunçuların diqqətini yeni reallığa yönəldir. Regional siyasət artıq balanslaşdırılmış və rəqabətli bir mühitə çevrilir. Reallıq onu göstərir ki, Mərkəzi Asiya artıq 5 ölkədən ibarət deyil, Azərbaycan da əməkdaşlıq və məşvərətçi formatın tamhüquqlu üzvü kimi bu regionun tərkib hissəsidir.

Bəs Mərkəzi Asiya liderləri niyə məhz 2025-ci ildə Azərbaycanın formatda tamhüquqlu iştirakını zəruri saydılar? Təbii ki, qərarın indi qəbulu beynəlxalq sistemdə baş verən fundamental dəyişikliklərlə sıx bağlıdır. Mərkəzi Asiya artıq iki əsas təzyiq xəttinin kəsişdiyi strateji nöqtədə yerləşir. Bir tərəfdən, ABŞ–Çin rəqabəti qlobal ticarət və tranzit marşrutlarının dinamikasını dəyişir. ABŞ və Çin arasındakı qarşıdurma ticarət bloklarını, logistika zəncirlərini və investisiya axınlarını yenidən formalaşdırır; ölkələr artıq “status-kvo”ya əsaslanaraq hərəkət edə bilmirlər. Çin, xüsusilə “Bir kəmər, bir yol” təşəbbüsü vasitəsilə Avropa ilə ticarət əlaqələrini sürətləndirmək üçün Mərkəzi Asiya üzərindən yeni dəhlizlər inşa edir. ABŞ isə qlobal ticarət və enerji marşrutlarını şaxələndirməyə çalışaraq Çin təsirini balanslaşdırmaq istəyir. Orta Dəhliz kimi alternativ yükdaşımalar və logistika dəhlizlərinə tələbat artdıqca, region özünü daha çox subyekt kimi göstərmək və strateji təşəbbüslərə imza atmaq məcburiyyətindədir.

Digər tərəfdən, Rusiya–Qərb qarşıdurması Mərkəzi Asiyanın həm siyasi, həm də iqtisadi olaraq daha çox özünütənzimləməyə və kollektiv mövqelər formalaşdırmağa yönəlməsini zəruri edir. Bu qarşıdurma Mərkəzi Asiyanı bir tərəfdən Rusiya ilə tarixi, enerji və təhlükəsizlik bağlılıqları, digər tərəfdən isə Qərb ilə iqtisadi, texnoloji və diplomatik əlaqələri arasında balans yaratmağa məcbur edir.

* * *

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə qoşulması həm də yeni, vahid geosiyasi və geoiqtisadi məkanın formalaşmasının təməlini qoyur. Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi tezis – “Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu artan vahid geosiyasi və geoiqtisadi regiondur” – bu yanaşmanı konseptual çərçivəyə salır və Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığının yeni identikliyini müəyyən edir. Siyasi analiz göstərir ki, bu yeni identiklik üç əsas sütun üzərində dayanır. İlk sütun geoiqtisadi koordinasiyadır. Orta Dəhliz üzərində Azərbaycan, Qazaxıstan və Özbəkistanın platformaları artıq bir-birini tamamlayır; enerji, nəqliyyat və rəqəmsal logistika sahələrində koordinasiya edilən fəaliyyət regional iqtisadi dayanıqlığı gücləndirir. İkinci sütun institusional legitimlikdir. Azərbaycan Mərkəzi Asiya tərəfindən tamhüquqlu və qardaş iştirakçı kimi qəbul edilir. Liderlərin çıxışlarında “formatın genişlənməsi” yox, “əməkdaşlıq məkanının yenidən təşkili” vurğulanır. Təbii ki, burada Azərbaycanın artıq regional proseslərin təşəbbüskar subyekti kimi tanındığı göstərilir. Üçüncü sütun isə geosiyasi balanslaşdırmadır. Azərbaycan həm Türkiyə ilə müttəfiqlik münasibətləri, həm də Çinlə strateji tərəfdaşlıq vasitəsilə Mərkəzi Asiyanın təhlükəsizlik və iqtisadi arxitekturasında balanslaşdırıcı rol oynaya bilir. Prezident İlham Əliyevin çoxvektorlu diplomatiyası Azərbaycanı regional balansın tənzimləyicisi, strateji resursların və təşəbbüslərin mərkəzləşdiricisi səviyyəsinə qaldırır və ölkəni geosiyasi və geoiqtisadi baxımdan möhkəmləndirir.

Qeyd etməliyik ki, Azərbaycanın Mərkəzi Asiya ilə strateji inteqrasiyası Orta Dəhlizin geoiqtisadi mahiyyətini də kökündən dəyişir. Qırğızıstan Prezidenti Sadır Japarovun qeyd etdiyi kimi, Zəngəzur dəhlizi Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun məntiqi davamı hesab olunur. Çin üzərindən başlayan, Qırğızıstan və Özbəkistanı əhatə edən, Türkmənistan və ya Qazaxıstan vasitəsilə Azərbaycanın ərazisindən keçərək Türkiyə və Avropaya çıxan bu xətt həm Rusiya marşrutunu yan keçən yeganə real alternativdir, İran yolu ilə müqayisədə sürət və təhlükəsizlik baxımından üstünlük təşkil edir. Deməli, Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında logistika və ticarət körpüsünün əsas strateji düyün nöqtəsinə çevrilir.

Azərbaycanın “ASAN Logistics” modeli Mərkəzi Asiya ölkələrinə ixrac edilərək Orta Dəhlizi rəqəmsal dəhliz kimi də rəqabətsiz hala gətirir. Yük daşımalarının sürət və təhlükəsizlik göstəriciləri ilə yanaşı, rəqəmsal monitorinq və idarəetmə vasitəsilə tam şəffaflıq təmin edilir ki, bu da qlobal ticarət axınlarında yeni bir effektivlik və etibarlılıq səviyyəsi yaradır. Eyni zamanda, Azərbaycanın Mərkəzi Asiya formatına tamhüquqlu qoşulması ilə Zəngəzur və Orta Dəhliz artıq qarşılıqlı tamamlayıcı elementlər kimi çıxış edir, ölkəmizin qlobal ticarət və regional geosiyasi manevr imkanlarını yeni səviyyəyə qaldırır.

Maraqlıdır ki, bəs bu qərar regionu necə dəyişəcək? Qeyd etməliyik ki, Daşkənd qərarı Mərkəzi Asiyanın mövqeyini struktur və təsir baxımından köklü şəkildə yenidən müəyyən edir. Artıq bu iki region vahid geosiyasi və geoiqtisadi güc mərkəzi kimi çıxış edir. Belə bir vahidlik, ilk növbədə, qarşılıqlı iqtisadi asılılıq, koordinasiya edilmiş nəqliyyat-logistika şəbəkələri və strateji tərəfdaşlıqlar vasitəsilə formalaşır. Azərbaycan Orta Dəhliz və Zəngəzur dəhlizi vasitəsilə bu mərkəzin əsas “arteriya”larından birinə çevrilir. Yəni yükdaşımaların sürət, təhlükəsizlik və rəqəmsal idarəetmə standartlarını yüksəldərək regionun strateji üstünlüyünü təmin edir.

Orta Dəhliz qlobal ticarət xəritəsində strateji mərkəz kimi çıxış edir və Çin–Avropa yükdaşımalarının yeni xəritəsini birbaşa müəyyən edir. Deməli, qlobal ticarət zəncirlərində alternativ və etibarlı istiqamət formalaşır, böyük güc oyunlarının dinamikası dəyişir və region ölkələrinə beynəlxalq bazarlarda daha aktiv mövqe tutmaq imkanı yaranır. Mirziyoyevin ifadəsi ilə desək, “Azərbaycanın qoşulması ilə regionumuzun qlobal səsi daha da əhəmiyyətli olacaq”. Azərbaycanın rolu artıq yalnız regionun güc mərkəzi kimi deyil, həm də Mərkəzi Asiyanın inteqrasiya edilmiş və koordinasiyalı fəaliyyətinin aparıcı subyekti kimi qiymətləndirilir. Son olaraq qeyd edək ki, bu gün atılan addımlar həm geosiyasi, həm iqtisadi, həm də institusional baxımdan tarixi bir dönüş nöqtəsidir və Azərbaycanın regional rolunu yeni strateji səviyyəyə qaldırır.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət