Türküstandan dünyaya açılan sivil pəncərə İslam Sivilizasiyası Mərkəzi

post-img

Şərqin bəşəri dəyərlərinin tarixi aynasıdır

İrimiqyaslı mədəni-tarixi layihələrin önəmi bilavasitə sədləri aşaraq ideoloji hədəflərin və mədəni özünüdərkin strateji alətlərinə çevrilir. Özbəkistanın paytaxtı Daşkənddə inşa olunan İslam Sivilizasiyası Mərkəzi müasir qlobal çağırışlara fundamental cavab və Türk-İslam dünyasının gələcəyinə ünvanlanmış geosiyasi bəyanat kimi qiymətləndirilməlidir.

Azərbaycan Prezidenti İlham Əliyevin qardaş ölkəyə səfəri zamanı Mərkəzlə tanışlığı və onun funksional təyinatına dair səsləndirdiyi fikirlər, xüsusilə Mərkəzin “bütün İslam dünyası üçün qürur mənbəyinə çevriləcəyi” barədə ifadə etdiyi qəti inam həmin təşəbbüsün strateji üfüqünü müəyyənləşdirir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin müdrik liderliyi və iki dövlət arasındakı sarsılmaz müttəfiqlik fonunda ortaya qoyulan mövqe Mərkəzin Qərbdə sistemli xarakter alan islamofobiyanın ideoloji hücumlarına qarşı tarixi irsin reabilitasiyası yolu ilə İslamın həqiqi humanist mahiyyətini təsdiq edən və eyni zamanda, İslam aləminin daxilinə yönəlmiş intellektual dirçəlişi hədəfləyən qüdrətli layihə olduğunu təsdiq edir.

Layihənin geosiyasi və mənəvi əhəmiyyətini dərindən anlamaq üçün onun möhkəm təməlini təşkil edən Azərbaycan–Özbəkistan strateji tərəfdaşlığının mahiyyətini bilmək lazımdır. Prezident İlham Əliyevin Özbəkistanın inkişaf dinamikasına və liderinə verdiyi yüksək qiymət iki dövlət arasında formalaşan münasibətlərin keyfiyyətini səciyyələndirir. Bu münasibətlər formal diplomatik protokolu aşaraq ortaq köklərə, mədəniyyətə və gələcəyə dair strateji baxışa söykənən sarsılmaz qardaşlıq ittifaqı səviyyəsinə yüksəlib. İlham Əliyevin Şavkat Mirziyoyevi “müdrik dövlət xadimi” kimi səciyyələndirməsi onun qısa müddət ərzində Özbəkistanı struktur islahatları vasitəsilə Mərkəzi Asiyanın lider dövlətinə çevirən cəsarətli və hərtərəfli fəaliyyətinə verilən obyektiv qiymətdir.

Liderlərin Mərkəzi Asiya ilə Cənubi Qafqaz dolayısı ilə bütün Türk dünyası arasında inteqrasiyanın dərinləşdirilməsinə yönəlik ortaq baxışı strateji tərəfdaşlığın mühüm elementidir. Orta Dəhlizin inkişafı, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi kimi məsələlərdə Bakı ilə Daşkəndin eyni mövqedən çıxış etməsi İslam Sivilizasiyası Mərkəzi kimi nəhəng mədəni-mənəvi layihənin reallaşması üçün zəruri olan siyasi iradənin və etimad mühitinin mövcudluğunu təsdiqləyir.

Məhz həmin möhkəm siyasi-iqtisadi təməl üzərində ucaldılan İslam Sivilizasiyası Mərkəzi sivilizasiyalararası dialoqda yeni səhifə açan və İslamın həqiqi mahiyyətini bütün dünyaya bəyan edən strateji addım kimi meydana çıxır. Prezident İlham Əliyevin dəqiq təsbiti ilə layihənin əhəmiyyəti xüsusilə Qərbdə islamofobiyanın sistemli və siyasi instrumentalizasiyaya məruz qalan bir fenomenə çevrildiyi dövrdə qat-qat artır. İslamofobiya bəzi Avropa ölkələrində dövlət siyasətinin tərkib hissəsinə, siyasi partiyaların ideoloji platformasına və KİV-lərin gündəlik təbliğat vasitəsinə çevrilib. Bu ideoloji təcavüzün məqsədi İslamı terror, cəhalət və zorakılıqla eyniləşdirmək və bəşər sivilizasiyasının inkişafındakı rolunu tarixi yaddaşdan silmək, müsəlman cəmiyyətlərində özünəinamsızlıq, intellektual tənəzzül hissi yaratmaqdır.

İslam Sivilizasiyası Mərkəzi bütün təhriflərə və yalanlara qarşı tutarlı, konstruktiv və qüdrətli cavabı formalaşdırır. O, reaktiv etirazlar və ya sərt bəyanatlar səviyyəsindən yüksələrək İslamın həqiqi simasını faktlar, tarixi dəlillər və maddi-mədəni irs nümunələri ilə ortaya qoyan fundamental platforma rolunu oynayır. Prezident İlham Əliyevin vurğuladığı kimi, həmin Mərkəz bütün dünyaya İslamın quruculuq, dözümlülük, dostluq və qardaşlıq dini olduğunu nümayiş etdirir. Onun ekspozisiyası İslamın təkcə mənəviyyat və axirət haqqında təlim olmadığını, eyni zamanda, dünyəvi elmlərin, fəlsəfənin, incəsənətin və şəhərsalmanın inkişafına misilsiz təkan verən hərtərəfli sivilizasiya modeli olduğunu isbat edir. Mərkəzin məhz qədim Mərkəzi Asiya torpağında, İslam intibahının mərkəzlərindən olmuş məkanda inşa edilməsi rəmzi məna daşıyır.

* * *

Dünya elminin inkişafını Mərkəzi Asiyadan çıxan mütəfəkkirlər olmadan təsəvvür etmək mümkün deyil. Riyaziyyatda müasir rəqəm sisteminin, cəbr və alqoritm anlayışlarının əsasını qoyan Məhəmməd Əl-Xarəzmi, təbabəti sistemləşdirən, ensiklopedik əsəri “Əl-Qanun fit-Tibb” əsrlər boyu Avropa universitetlərində əsas dərslik kimi istifadə olunan İbn Sina, Yerin kürə formasında olduğunu və öz oxu ətrafında fırlandığını Kopernikdən yüzilliklər əvvəl elmi dəlillərlə sübut edən, geodeziya, astronomiya və fizika sahələrində mühüm kəşflər edən Əbu Reyhan Əl-Biruni, dövrünün ən qabaqcıl rəsədxanasını yaradaraq ulduzların dəqiq kataloqunu tərtib edən Mirzə Uluqbəy və adları dünya elm tarixinə qızıl hərflərlə yazılmış yüzlərlə alim məhz İslam sivilizasiyasının yetirmələri idi. Onların fəaliyyəti sübut edir ki, İslam sivilizasiyası mahiyyəti etibarilə biliyə, tənqidi təfəkkürə və elmi axtarışa açıq olmuşdur. İslam Sivilizasiyası Mərkəzi nəhəng intellektual irsi bir araya gətirərək, müasir texnologiyaların köməyilə təqdim edərək, həm müsəlmanlara, həm də qeyri-müsəlmanlara unudulmuş həqiqətləri xatırladır.

Prezident İlham Əliyevin Mərkəzin “bütün İslam dünyası üçün qürur mənbəyi olacağına” dair əminliyi layihənin daxili auditoriyaya yönəlmiş psixoloji və ideoloji əhəmiyyətini dəqiq müəyyənləşdirir. Tarixi proseslər nəticəsində İslam dünyasının bir çox yerində elmi-texniki tənəzzül baş vermiş, bu isə bəzi cəmiyyətlərdə özünəqapanma və mədəni irsinə qarşı biganəliklə nəticələnib. Məhz bu intellektual boşluqdan istifadə edən radikal və ekstremist cərəyanlar İslamın elmə, tərəqqiyə dəvət edən humanist mahiyyətini təhrif edərək onu ictimai rəyə cəhalət və zorakılıq ideologiyası kimi sırımağa çalışıblar. İslam Sivilizasiyası Mərkəzi zərərli cərəyanlara qarşı ən güclü ideoloji vasitədir. O, gənc müsəlman nəsillərinə göstərir ki, onların əcdadları qılıncla yanaşı, qələmlə, pərgarlarla, astrolabiyalarla da tarix yazmışlar. Mərkəz sübut edir ki, elm və din, tərəqqi və mənəviyyat bir-birinin ziddi yox, əksinə, İslam sivilizasiyasının tamamlayıcı qanadlarıdır. Həmin şanlı keçmişlə tanışlıq müsəlman gənclərində mövcud ola biləcək hər hansı aşağılıq kompleksini aradan qaldıracaq, onlarda milli və dini qürur hissini gücləndirəcək və onları yenidən elm və texnologiya sahəsində böyük nailiyyətlər əldə etməyə ruhlandıracaq.

Layihənin digər tərəfi Azərbaycan və Özbəkistanın ortaq dəyərlər sistemini və dövlətçilik modelini əks etdirməsidir. Hər iki dövlət dünyəvi idarəçilik modelini mənimsəməklə yanaşı, xalqlarının milli-mənəvi kimliyinin ayrılmaz tərkib hissəsi olan İslam dininə, mədəniyyətinə dərin hörmətlə yanaşır, onun qorunmasını və inkişafını dövlət siyasətinin mühüm istiqamətlərindən hesab edir. Azərbaycanda dövlət başçısının və Heydər Əliyev Fondunun təşəbbüsü ilə tarixi məscidlərin, ziyarətgahların bərpası, dini abidələrin qorunması, tolerantlıq mühitinin gücləndirilməsi istiqamətində görülən işlər Özbəkistandakı həmin nəhəng layihə ilə tam harmoniya təşkil edir.

İslam Sivilizasiyası Mərkəzi Prezident Şavkat Mirziyoyevin müdrik təşəbbüsü, Özbəkistan xalqının quruculuq əzmi və Prezident İlham Əliyevin timsalında bütün Türk-İslam dünyasının mənəvi dəstəyi ilə ərsəyə gələn qlobal əhəmiyyətli hadisədir. Bu Mərkəz islamofobiyanın yalançı təbliğatını darmadağın edən intellektual qala, İslam dünyasının daxilindəki mənəvi boşluğu dolduran nur mənbəyi və gələcək nəsilləri böyük elmi-mədəni nailiyyətlərə səsləyən ilham ocağıdır. Prezident İlham Əliyevin dərin uzaqgörənliklə qeyd etdiyi kimi, Daşkənddəki möhtəşəm abidə bütün fərqliliklərinə baxmayaraq, ortaq mədəni, mənəvi irsə malik olan milyardlarla müsəlman üçün həqiqi qürur və birlik mənbəyinə çevriləcək, İslamın sülh, elm və tərəqqi bayrağını yeni intellektual zirvələrdə dalğalandıracaq.

Yusif ŞƏRİFZADƏ
XQ

Siyasət