“Gülüstan”ın ağ çiçəyi…

post-img

Roza Cəlilova – 95

Onun rəqsləri könüllərdə sevinc doğurub, tamaşaçılara səadət bəxş edib. O, sanki həyatının hər anını rəqslə yaşayıb. Sənətinə sevgisi gözlərindən, sözlərindən, səhnədəki izlərindən bilinir. Söhbət 95 yaşlı rəqqasə, xoreoqraf-baletmeyster, Xalq artisti Roza Cəlilovadan gedir. 

 Minlərlə pərəstişkarları kimi, onun rəqslərinə həvəslə tamaşa etmişəm, xoş təbəssümünü görmüşəm, mənalı baxışları ilə rastlaşmışam. O, həmişə səhnədə şux görünüb. Sonuncu dəfə özünün 90 illik yubileyində rəqs edib, bir də Xalq artisti Fərhad Bədəlbəylinin yubileyində qonaq qismində iştirak edəndə, özündən asılı olmayaraq, həzin musiqi sədaları altında qollarını qaldırıb oynamağa başlayıb. Dediyinə görə, ömrünün bu çağında da evdə güzgü qarşısında müəyyən rəqs elementlərini ifa edir. 

Roza Cəlilova ömrünün yarım əsrdən çox hissəsini səhnəyə həsr edib, oynaq ifaları ilə rəqslərə möhür vurub, baletdən xalq rəqslərinə böyük ustalıqla keçid edib. Amma kimisə təkrarlamayıb. Yeri gəlmişkən, o, Xalq artisti Əminə Dilbazi üçün qurulan rəqsləri oynamaqdan imtina edib. Yaxşı bilib və etiraf edib ki, həmin rəqslərdə Əminə Dilbazi öz imzasını çoxdan qoyub. Məşhurlaşandan sonra özü üçün ayrıca rəqslər qurulmasına nail olub. Daim öz dəst-xəttini göstərməyə çalışıb və buna uğurla nail olub. Bu, onun öz yaradıcılıq fəaliyyətinə həssas və canlı maraq hissi ilə yanaşmasından irəli gəlib. 

O, 1929-cu il mayın 17-də Quba rayonunda doğulub. Bakı Xoreoqrafiya məktəbini bitirib. Opera və Balet Teatrının truppasında 2 il çalışdıqdan sonra dövlət filarmoniyasının Mahnı və Rəqs ­Ansamblına keçib. Əvvəlcə aparıcı solist kimi fəaliyyət göstərib, sonra isə 10 il (1965-1975-ci illər) həmin ansanbla rəhbərlik edib. Ümumdünya festivallarının və Beynəlxalq müsabiqələrin laureatı olub. 

Sənətinin vurğunu Roza xanım uzun illər xoreoqraf kimi çalışıb. Onun 1989-cu ildə yaratdığı "Gülüstan" mahnı və rəqs ansamblı xeyli məşhurlaşıb. Həmin ansanblla vaxtaşırı xarici ölkələrə dəvət olunub. Buna görə də repertuarında Azərbaycanın milli rəqsləri ilə yanaşı, fars, hind və bir sıra başqa xalqların rəqsləri də geniş yer alıb. Səhnə fəaliyyətinin 30 ildən artıq dövrü ərzində Kanadada, Çexoslovakiyada, Efiopiyada, Çində, ABŞ-də, Türkiyədə, İraqda, Mərakeşdə qastrol səfərlərində olub. Müxtəlif dövrlərdə Azərbaycanın ayrı-ayrı yerlərində, o cümlədən, Naxçıvanda, Lənkəran, Şamaxı, Cəbrayıl, Saatlıda, müxtəlif folklor rəqs qrupları yaradıb. Bakı Dövlət Universitetinin nəzdindəki “Sevinc” rəqs ansamblına da rəhbərlik edib. Pedaqoji fəaliyyətini Milli Konservatoriyanın nəzdindəki gimnaziyada uğurla davam etdirib.

Hər zaman tamaşaçıların zövqünü oxşaması, onların rəğbətini qazanması "Şöhrət" ordenli Xalq artisti Roza Cəlilovanın illərcə çəkdiyi zəhmətin bəhrəsi idi. O, baletdən milli rəqslərə uğurla keçid etməklə bərabər, sənətində başqa ilklərə də imza atıb. Azərbaycandan ABŞ-a ilk rəsmi dəvət əsasında, məhz onun yaratdığı “Gülüstan” rəqs ansanblı qastrol səfərinə gedib. Orada konsertləri böyük coşqu ilə qarşılanıb. Qastrol səfərində ölkələr arasında ən çox Azərbaycanın milli musiqiləri və rəqsləri bəyənilib və alqışlanıb. Xarici qastrol səfərlərində olanda onun rəqslərini hindlilər də görüb, bəyənib, yüksək dəyərləndiriblər. Ona hind rəqslərinə aid paltarlar və başqa əşyalar hədiyyə ediblər.

Qızğın təbiətli rəqqasə öz sənətinin yolunda hər çətinliyə dözüb, heç vaxt sənətdən bezməyib, əksinə, rəqqasə olması ilə böyük şərəf düyub. Artıq uzun illərdən bəri pensiyada olsa da, öz romanrik rəqslərindən elə şirin-şirin danışır ki, sanki indicə səhnədən ayrılıb, yenicə rəqsdən gəlib… Onun səhnə həyatı özünün yaratdığı “Gülüstan”a, özü isə həmin“Gülüstan”ın ağ çiçəyinə bənzəyir… 

Prezidentin fərdi təqaüdçüsü olan ünlü xoreoqraf – baletmeyster, rəqqasə Roza Cəlilovaya bundan sonra da sağlam və bərəkətli ömür arzulayırıq.

Həzi HƏSƏNLİ, 
şair-publisist

 



Mədəniyyət