(yaşantı)
Bəzən işə-gücə, ailə qayğılarına, dost-tanışla münasibətlərə, bir də narahat dünyamızda baş verən mühüm olaylara başımız o qədər qarışır ki, həftənin necə ötüb keçdiyini o qədər də hiss etmirik. Onda ayılırıq ki, aylar calanıb biri-birinə, yaz yay olub və ili də yarı eləmişik. Sonra da yayın qızmar çağları başlayır və kölgələnməyə sərin yer axtarırıq. Yarpaq tökümü və ilk payız yelləri əsməyə başlayanda isə təəssüflə: “daha ilin axırına nə qaldı ki...”, - deyirik.
Quşlar dəstə-dəstə cənuba doğru qatarlananda, dağların zirvələrinə ilk qar ələnəndə, torpağa ilk qırov düşəndə: “bu il nə tez ötdü”, yaxud “ömrümüzün bir ili də keçdi”, deyib, kövrəlirik. Çünki ömrümzün sarayından düşən kərpic qızıldan da qat-qat qiymətlidir. Çünki o illər bir də geri dönməyəcək, o günlərin, ayların sevincini bir daha olduğu kimi yaşamayacağıq. Geridə qalan illərdə baş verənləri ancaq qəlbimizin hansı qatındasa özünə yer etmiş xatirələrdə axtarmalı, onların istisinə qızınmalıyıq.
Hərdən təbiətin qoynuna çəkilib onun nəfəsini, səsini dinləyin. Sakit axan bulağın həzinliyinə, yarpaqların özünəməxsus xışıltısına, sonu ilğıma dönən çölün sakitliyinə qulaq verin, qarışqaların yem daşımasına, quşların cikkiltisinə, buludların səmada hərəkətinə diqqət yetirin, Günəşə boylanan yaşıl otları, ləçəyinə şeh düşmüş ətirli gülləri seyr edin... Bu zaman ruhunuz təzələnəcək və bu gözəlim dünya sizlərə daha yaşamalı gələcək, ağrı-acınız dağılıb gedəcək.
Sakit bir yaz axşamı darıxanda, qışın qarı dünyanı öz təmizliyinə, bəyazlığına bələyəndə iz düşməyən yollara, qar altında yatan çolə, ağaclara baxıb düşünün. Lap uşaqlığınızdan başlayın. Ananızın qolları arasında şirin yuxuya getdiyiniz çağları, atanızın boynuna minib dünyanı seyr etmənizi, gecələr ulduzlu səmaya baxıb öz ulduzunuzu axtarmanızı, rəngli yuxularınızda qılıncla divi öldürmənizi, ilk dəfə parta arxasında oturduğunuz o unudulmaz günləri, həyətinizə ilk ağac əkməyinizi, yaşıdlarınızla payız leysanından sonra göbələk, qulançar yığmanızı, imtahanlardan aldığınız qiymətləri, ilk görüşə getməyinizi xatırlayıb, göz önünə gətirin.... Onda bir daha yəqin edəcəksiniz ki, bu dünya necə yaşamalı, gözəl və şirindir.
Bu dünya elə şirindir ki, necə gözəl, rahat yaşasa da, heç kəs “dünyadan doydum" deyə bilmir...
Həyətimizdən iki ev o yana Orucalı babanın evi vardı. (“Qarlı aşırım” filmindəki kərbəlayini görmüş, Orucalı kişini görmüş). Başında həmişə uzun tüklü qara papaq olardı. Əyninə dəri gödəkcə geyinərdi. Uzun qaşlarının altında qartal kimi baxışları həmişə nəsə axtarırdı.
O, nağıl kimi adam idi. Gəncliyində başına gələnləri danışanda heyrət edirdim. Ətraf kəndlərdən olan cavanların heç biri onun kürəyini yerə vura bilməmişdi. Ərinmiş yağı stəkanla, qaymağı kasa ilə içərdi.
Günlərin bir günü - tərəkəmələrin yaylağa üz tutduqları bir vaxtda Orucalı kişi çardaqda oturub ətrafa baxırmış. Görür ki, onlara məxsus yoncalıqda bir sürü otlayır. Tez əmisi oğlu Pənahı çağırıb deyir ki, get sürünü biçənəkdən çıxar. Pənah dabrıya-dabrıya gedir və bir azdan “af-uf” eləyə-eləyə qayıdır. Orucalı soruşur ki, nə oldu, səni kim vurdu? Pənah bildirir ki, qağa, onlar 8 nəfər idi, gücüm çatmadı. Orucalı bunu eşidib əsəbiləşir. Bəlgəyi qoluna dolayır və uzun çomağını götürüb gedir yoncalığa. Görür ki, sürü sahibləri bu yerin adamları deyillər. Buna görə də məsələni sakitliklə həll etmək istəyir. Amma hiss edir ki, çağrılmamış qonaqlar onu da əzişdirmək fikrindədirlər. Buna görə də fürsəti fövtə vermir. Elə ilk zərbə ilə birini yerə sərir. Ağacını fırladaraq ikincinin də əl-qolunu açmağa imkan vermir. Üzərinə şığıyan ən ucaboylu çobanın zərbəsinə zərbə ilə cavab verir. Ağaclar göydə şaqqıldayır. Lakin Orucalı kişi tez əyilərək ayağı ilə rəqibinin yanına güclü zərbə endirir... Altıncı da yerə yıxılandan sonra qalan iki nəfər ağaclarını yerə qoymalı olurlar. Orucalı kişi sürünün ağzını kəndə sarı döndərir. Sonra ürəyi yumşalır və sürü sahiblərinə deyir ki, heyvanlarınızı götürüb gedin...
Orucalı kişi qocalanda qıçlarını “qızıl yel” tutmuşdu. Buna görə əyninə sırıqlı şalvar və kürk geyinir, yaz-yay aylarında evinin yan balkonunda yatırdı. Bəzən ağrıların təsirindən kişi pələng kimi bağırırdı. Bir az sakitləşəndən sonra qəmli-qəmli oxuyurdu. Onun bu oxuması çoxlarını kövrəldirdi. Hərdən mən onun yanına gedir, şirin söhbətlərinə qulaq asırdım.
Orucalı baba maraqlı adam idi. Atını çox sevirdi. Xəstə olanda atı həyətdə özünə yaxın bir yerə, gözlərinin qabağına bağlatdırardı. Tez-tez atı ilə söhbət edərdi. Elə danışardı ki, elə bil yaxın dostu ilə söhbətləşir. Orucalı baba mənə deyirdi ki, yaxşı at sürməyi öyrənsən, atımı sənə verərəm. Amma mən bilirdim ki, o, bu sözləri elə belə deyir, atını mənə qıymaz.
Danışırdılar ki, bir gün kişi oğlanlarını yanına çağırıb deyir ki, atı yəhərləyin, məni də əlinizlə qaldırıb qoyun yəhərin üstünə. Qoy son dəfə kəndin ətrafını gəzib, görüm. Dediyi kimi də eləyirlər. Biri atın yüyənini tutur, digəri atın yanı ilə gedir və kişinin yəhərdən düşməməsi üçün çalışır. Kişi at üstündə gəzdikcə gözlərindən gilə-gilə yaş axıdır və deyir ki, dünya səndən doymadım! Sonra onu yenə evin yan eyvanındakı yatağına qoyurlar. Kişi yastığa dirsəklənib xeyli uzaqlara baxır. Bir də görürlər ki, elə yastığa dirsəkləndiyi şəkildə canını tapşırıb və sakitcə bu dünyadan köçüb.
Onu da deyirlər ki, Orucalı kişini dəfn etmək üçün həyətdən çıxaranda atı bərkdən kişnəyib və bir müddət ayaqlarını yerə döyüb....
Hərdən evdə tək olanda ailəniz haqqında düşünün. Əzizləriniz işdən yorğun dönərkən sizi görüb sevinməsini, bir süfrə başında oturub deyə-gülə nahar etmənizi, böyük qardaş və bacınızın toyunu, ailənizdə baş vermiş ağır itkini xatırlayın. Sonra iş yoldaşlarınızı, çətin günün dostları və xeyirxah insanlar haqqında düşünün.
Hərdən tənhalığa çəkilib bir insan kimi dünyaya gəlişinizə, sizə sağlam əl-ayaq, işıqlı dünya, övlad, bir parça çörək verdiyinə görə O gözəgörünməzə dua edin. Bu həyatda görüb-götürdükləriniz salıb-itirdiklərinizdən çoxdursa, demək, yaşamağa dəyər.
Ömür sular kimi axıb gedir – bəzən bulanıq, bəzən duru. Günlərimiz rəngli də olur, qara da. Gözlərimiz bəzən sevincdən yaşarır, bəzən kədərdən. O da olur ki, həyatda elə də gərəkli olmayan şeyləri əldə etmək üçün ömrümüzün bir parçasını bada veririk. Amma itirilmiş vaxt üçün heç təəssüflənmirik, göz yaşı axıtmırıq.
Halbuki, insan üçün dünyada ən dəyərli şey vaxtdır. İnsan son nəfəsində bir il yox, bir ay yox, bircə saat yaşamaq üçün hər şeyindən keçməyə hazır olur...
Bütün sadaladıqlarımızı daha dərindən dərk etmək üçün hərdən tənhalığa çəkilin. O zaman çox mətləbləri anlayacaqsınız.
Səməd MƏLİKZADƏ