Dünən “Xalq qəzeti” redaksiyasında AMEA Nəsimi adına Dilçilik İnstitutu nitq mədəniyyəti və monitorinq şöbəsinin əməkdaşları ilə keçirilən görüşdə ölkə mediasında dil, üslub normalarına və orfoqrafiya qaydalarına necə əməl edilməsi diqqət mərkəzində oldu.
“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov qonaqları salamlayaraq Dilçilik İnstitutunun müstəqillik dövründə dövlət dilinin rəsmi statusunun bərqərar edilməsində, Azərbaycan dilinin qorunması və zənginləşdirilməsində müstəsna xidmətini qeyd etdi. O bildirdi ki, rəhbərlik etdiyi kollektiv fəaliyyətində dil norma və qaydalarını rəhbər tutmaqla yanaşı, həm də dövlətin dil siyasətinin gerçəkləşdirilməsinə öz töhfəsini verməyə çalışır. Qəzetdə dillə bağlı üstün tələblərə necə əməl edilməsini öyrənmək məqsədilə bu ilin aprel ayının bir həftəlik sayları araşdırılmaq üçün instituta göndərilib. Bu gün həmin təhlilin nəticələri birgə müzakirə ediləcək.
Dilçilik İnstitutu nitq mədəniyyəti və monitorinq şöbəsinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Abdullayeva-Nəbiyeva bildirdi ki, çalışdığı qurumda 2013-cü ildən fəaliyyət göstərən və hazırda onun rəhbərlik etdiyi şöbənin əsas elmi-tədqiqat fəaliyyəti Azərbaycan dilinin dövlət dili kimi inkişafı və dilin təmizliyinin qorunması, ədəbi dil normalarının pozulmasının qarşısının alınması üçün təkliflər hazırlanması ilə bağlıdır.
Qeyd edildi ki, şöbə əməkdaşları mediada, reklamlarda, eləcə də cəmiyyətin dildən geniş istifadə edən digər sferalarında Azərbaycan dilinin fonetik və qrammatik normalarına riayət olunmasının təmin edilməsini daim izləyir, dəyərləndirir. Mediada Azərbaycan dilinin normalarına əməl edilməsi səviyyəsini müəyyənləşdirmək məqsədilə ardıcıl monitorinqlər keçirilir, nəticələr təhlil edilir və jurnalistlər üçün müvafiq dil təlimləri təşkil edilir.
Sonra şöbə müdiri və əməkdaşlar – fəlsəfə doktorları Sevinc Məmmədova, Gülnar Cəfərova “Xalq qəzeti”nin bir həftəlik saylarının monitorinqinin nəticələri barədə dil kateqoriyaları, üslub normaları və orfoqrafiya qaydaları üzrə təqdimatlarla çıxış etdilər. Dilçi alimlər qəzetin fəaliyyətində, əsasən, elmi tələblərə və təcrübi normalara əməl edildiyini vurğuladılar, yol verilmiş müəyyən pozuntuları nəzərə çatdırdılar.
Aparılan geniş diskussiyada redaksiya əməkdaşları aparılmış monitorinqin onlar üçün faydalı olduğunu dedilər, dilin inkişafı tələbindən irəli gələn bir sıra hallara elmi münasibət bildirilməsinin zəruriliyini söylədilər. Müzakirədə idman terminlərinin orfoqrafiya lüğətində kifayət qədər əksini tapmaması, dilimizə rus dilindən daxil olmuş bir sıra ölkə adlarının, coğrafi və digər terminlərin orijinalına və beynəlxalq versiyasına uyğunlaşdırılması kimi təkliflər maraqla qarşılandı.
Sonda redaksiya ilə AMEA Dilçilik İnstitutu arasında illər boyu davam edən yaradıcı əməkdaşlığı yeni istiqamətlər üzrə genişləndirmək qərara alındı.
T.RÜSTƏMLİ
XQ