Mərkəzi Bankın nümayəndə heyəti Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantılarında iştirak edəcək

post-img

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) İllik Toplantılarında iştirak məqsədilə ABŞ-ın Vaşinqton şəhərinə işgüzar səfərə yola düşüb.

AMB-dən XQ-yə bildirilib ki, 13-18 oktyabr tarixlərini əhatə edəcək illik toplantılar zamanı Mərkəzi Bankın nümayəndə heyəti Azərbaycanın da daxil olduğu Seçki Qrupunun toplantısında, Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin maliyyə nazirləri və mərkəzi bank sədrlərinin qatılacağı tədbirlərdə, eləcə də DB və BVF-nin rəhbər şəxsləri ilə görüşlərdə iştirak edəcək.

Səfər çərçivəsində nümayəndə heyətinin bir sıra xarici mərkəzi bankların və maliyyə institutlarının rəhbər şəxsləri ilə ikitərəfli görüşlərinin və qarşılıqlı müzakirələrinin keçirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, DB və BVF tərəfindən keçirilən illik toplantılarda dövlət və özəl sektoru təmsil edən rəhbər şəxslər, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyətinin və akademik dairələrin nüfuzlu nümayəndələri tərəfindən qlobal və regional çağırışlarla bağlı müzakirələr aparılacaq.

İqtisadiyyat