Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi “PeşəFest”in çadır-stendləri bu dəfə Xaçmaz rayonunda quraşdırılıb.
“Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil edilən festival gənclərin və şagirdlərin peşə seçiminə, onların karyera istiqamətində doğru addım atmalarına dəstək olmaq məqsədi daşıyır.
Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Nihad Muxtarlı, eləcə də rayonun dövlət və özəl qurumlarının rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Festivalın açılış mərasimində çıxış edən E.Rzayev gələcəyin peşələri barədə məlumatlılığın artırılmasında “PeşəFest” kimi interaktiv tədbirlərin rolunu xüsusi vurğulayıb və yeniyetmələri bu fürsətdən səmərəli istifadə etməyə çağırıb.
N.Muxtarlı festivalın məqsədini diqqətə çatdıraraq, “PeşəFest-2025” çərçivəsində indiyə qədər ayrı-ayrı rayon və şəhərlərdə keçirilmiş tədbirlərin yeniyetmələr tərəfindən böyük maraqla qarşılandığını bildirib.
Sonra peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı öz tövsiyələrini bölüşüb, yeniyetmələrin və onların valideynlərinin suallarını cavablandırıblar.
“PeşəFest-2025”ə oktyabrın 22-də Bakıda – “Baku Crystal Hall”da keçiriləcək tədbirlə yekun vurulacaq.
“PeşəFest”də ümumilikdə 14 peşə (kibertəhlükəsizlik, data analitika, helpdesk, 3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı, dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnadıçı, xilasedici, barista, diş texniki və baytar) üzrə maarifləndirici tədbirlər təşkil olunub.
Festival iştirakçıları bu peşə sahələri üzrə inkişaf etməyin yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanıblar.
M.Kamal
XQ