Ulu göylərin sirri dərindir

post-img

Kosmik axtarışlar isə yeni kəşflərə yol açır

Qədim dövrlərdən bəri bəşəriyyət ulduzların və kainatın strukturunu anlamağa çalışmışdır. İlk sadə müşahidələrdən müasir yüksək texnologiyalı kosmik aparatlara qədər uzun bir inkişaf yolu qət edən elmi tədqiqatlar, insanın kosmosa səyahətinin və onun sərhədlərini genişləndirməsinin əsasını qoymuşdur. Kosmosun kəşfi yalnız elm sahəsində deyil, həm də texnologiyada, iqtisadiyyatda və mədəniyyət sahəsində böyük inqilaba səbəb olmuşdur.

Elmi və texnoloji nailiyyətlər göstərdi ki, yalnız Yer səthində deyil, kosmosda da mövcuddur. Son illərdə kosmos elmi sürətlə irəliləyir və gələcəkdə daha da mühüm kəşflər mümkündür. Marsda üzvi molekulların tapılması, ekzoplanetlərin tədqiqi, kosmik teleskopların kainatın ən qədim dövrlərinə işıq tutması və özəl sektorun kosmosa yatırımlarını artırması insanlığın kainatı anlamaq istəyinin başlanğıcıdır. Yeni məlumatlar kainatın yaranışı, həyatın mənşəyi və kosmosdakı yeri ilə bağlı fundamental suallara cavab axtarışında bizə yardım edir.

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi, Xəzər Universitetinin müəllimi Aytac İskəndərova bildirdi ki, son 5 il ərzində kosmos elmi sahəsində çoxsaylı kəşflər və texnoloji irəliləyişlər müşahidə olunub. Bunların arasında ən diqqətçəkənlərdən biri 2021-ci ildə fəaliyyətə başlayan Ceyms Vebb kosmik teleskopudur (JWST). Habbl teleskopunun varisi sayılan JWST infraqırmızı spektrdə müşahidələr apararaq kainatın ən qədim qalaktikalarını, ulduzların yaranma proseslərini və ekzoplanetlərin atmosfer tərkibini yüksək dəqiqliklə araşdırmağa imkan verir. Məsələn, JWST vasitəsilə HR 8799 ulduz sistemi və GJ 3929b ekzoplanetində karbon dioksid və digər molekulların mövcudluğu aşkar edilmişdir ki, bu da həyat üçün əlverişli şəraitin müəyyənləşdirilməsi istiqamətində önəmli addımdır.

Mars tədqiqatları da son illərdə yeni mərhələyə qədəm qoyub. NASA-nın Perseverance roveri 2021-ci ildən başlayaraq Mars səthində üzvi molekulların və qədim su izlərinin araşdırılması üzrə önəmli məlumatlar toplayıb. 2024-cü ilin mart ayında Perseverance tərəfindən Mars atmosferində görünən işıqda auroranın ilk dəfə müşahidə olunması planetin atmosferində dinamik dəyişikliklərin olduğunu göstərir. Bununla yanaşı, Çinin Tianwen-1 missiyası və Zhurong roveri Marsın geoloji və atmosfer tərkibi ilə bağlı yeni məlumatlar təqdim edib. Bununla yanaşı, ekzoplanetlərin kəşfi və elmi tədqiqi də müasir dövrdə yeni tədqiqat səviyyəsinə yüksəlib. Son illərdə minlərlə ekzoplanet aşkar edilib, onların bir qisminin yaşana bilən zonada yerləşdiyi təsdiqlənib. JWST bu planetlərin atmosferlərini təhlil edərək potensial həyat şəraitini müəyyənləşdirməyə kömək edir.

Yeni mərhələdə kosmos elmi yalnız müşahidə və kəşf missiyaları ilə məhdudlaşmır, həmçinin təhlükəsizlik və müdafiə aspektlərini də özündə birləşdirir. Bu mənada, NASA-nın DART (Double Asteroid Redirection Test) missiyası xüsusi yer tutur. DART kosmik obyektlərin istiqamətini dəyişdirməklə Yerə yaxınlaşan təhlükəli asteroidlərin yolunu səmərəli şəkildə dəyişdirməyin mümkünlüyünü sınaqdan keçirdi. 2021-ci ildə həyata keçirilən DART missiyası NASA tərəfindən hazırlanmış ilk kosmik müdafiə təcrübəsi idi. Missiyanın məqsədi Didymos adlı ikili asteroid sisteminin kiçik peyki Dimorphos asteroidinə süni təsir göstərərək onun orbitini dəyişmək idi. Bu, Yerə potensial təhlükə yarada biləcək asteroidlərin yolunun dəyişdirilməsinin mümkünlüyünü sübut etmək üçün atılmış önəmli addım oldu. 2022-ci ilin sentyabr ayında DART peyki Dimorphos asteroidinə sürətlə çırpıldı və onun orbitində əhəmiyyətli dəyişiklik müşahidə edildi. Bu uğur elmi ictimaiyyətdə böyük əks-səda doğurdu və planet müdafiəsi sahəsində yeni perspektivlər açdı.

NASA-nın Artemis proqramı ilə Ayda yenidən insan missiyalarının həyata keçirilməsi, eləcə də Marsa insanlı səyahətlərin planlaşdırılması yaxın illərdə reallaşacaq ambisiyalı layihələrdəndir. Ayda daimi elmi baza qurulması və resursların hasilatı gələcək kosmik tədqiqatların mühüm tərkib hissəsi olacaq. Özəl sektorun kosmik texnologiyalara cəlb olunması da prosesi sürətləndirir. “SpaceX” və “Blue Origin” kimi şirkətlər raketlərin təkrar istifadəsi və kosmik turizmin inkişafı sahəsində böyük irəliləyişlər əldə edirlər. Bu, kosmosun daha geniş auditoriyaya açılması və ticarət məqsədli missiyaların sayının artması deməkdir.

Astrobiologiya sahəsində yeni kəşflər, xüsusilə Mars və digər planetlərdə həyatın izlərinin tapılması istiqamətində aparılan tədqiqatlar ən önəmli elmi araşdırmalardandır. Həmçinin qaranlıq materiya və enerji kimi fundamental kosmik hadisələrin anlaşılması üçün yeni teleskoplar və müşahidə sistemləri inkişaf etdirilir.

Süni intellekt və avtonom sistemlərin kosmik missiyalarda tətbiqi ilə həm məsafəli planetlərdə robotların idarə olunması, həm də müşahidə məlumatlarının sürətli emalı mümkün olacaq. Bu texnologiyalar gələcək kəşflərin səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq. Gələcəkdə kosmik tədqiqatlar yalnız Yer kürəsi ilə məhdudlaşmayacaq, eyni zamanda kainatın daha uzaq və mürəkkəb bölgələr araşdırılacaq. Elmi nailiyyətlər, texnoloji innovasiyalar kosmosun dərinliklərinə dair anlayışımızı genişləndirəcək və yeni kəşflərə yol açacaq.

Mustafa KAMAL
XQ



Sosial həyat