Edipşünas Makron, Yeni Kaledoniya və fransız neokolonializmi

post-img

Parisin müstəmləkəçilik siyasətindəki müasir və tarixi aspektlər

Psixoanaliz nöqteyi-nəzərindən Edip kompleksi kimi xarakterizə edilən bir durum var. Lakin burada söhbət Edip kompleksinin cəmiyyətin norma və nizamına meydan oxumasındakı əzmin dövlət siyasətinə çevrilməsindən gedir. Bu mənada E.Makronlu Fransanın da eyni yolda olduğunu söyləyə bilərik. 

Əlbəttə, ilk növbədə ölkənin daxilindəki duruma nəzər salaq. Belə demək mümkünsə, edipşünas Makron Fransanı yaman günə qoyub. Ancaq onun edipşünaslığı xaricə münasibətdə də özünü göstərir. Özü də son dərəcə iyrənc formada. Nəticədə bu gün Fransa dedikdə yada müstəmləkəçilik düşür.

Hazırda Parisin müstəmləkəçilik siyasətinin tüğyan etdiyi bölgələrdən biri Yeni Kaledoniyadır. Məlum olduğu kimi, bölgədə yenə ara qarışıb, Fransa ora əlavə qüvvələr göndərib. Xatırladaq ki, etirazlar iki gün əvvəl Parisdə qanunvericilər tərəfindən qəbul edilən və 10 ildir Yeni Kaledoniyada yaşayan fransızlara əyalət seçkilərində səs verməyə icazə verən yeni qanun layihəsi ilə bağlı yaranıb. Yerli liderlər bu addımı yerlilərin seçki mövqeyini zəiflədəcəyini bildirirlər və haqlıdırlar da. Görünür, Fransa öz vətəndaşlarının üstünlüyünə nail olmaqla, Yeni Kaledoniyanın seçki sistemini də öz əlinə almağı düşünür. Bu, işğal və müstəmləkəçiliyi leqallaşdırmaq cəhdidir. 

***

Fransanın xarici işlər naziri Jerar Darmanin iddia edib ki, Azərbaycanın Yeni Kaledoniyadakı iğtişaşlarda əli var və burada daxili işlərə müdaxilə edir. Guya, orada ayağa qalxanlar ölkəmizlə hansısa məsələlərdə sövdələşməyə gediblər. Belə təəssürat yaranır ki, rəsmi Paris özünə sərf etməyən bütün durumlarda Bakıya ittiham yağdırmaq əzmindədir. Həqiqətən, Fransa adına yaraşmayan və gülünc durum var. Amma hazırkı ittiham dəst-xəttindəki rəzalət ilk dəfə deyil ki, yaşanır. Ötən il də oxşar ittihamı görmüşdük. Özü də iki dəfə. 

AZƏRTAC-ın əməkdaşı Yeni Kaledoniyaya özünün peşə borcunu yerinə yetirmək üçün yollanmışdı. O, hava limanından geri qaytarılmış, jurnalistə təzyiq göstərilmiş və bildirilmişdi ki, guya, azərbaycanlı media təmsilçisinin məqsədi bölgədə iğtişaş yaratmaqdır. Sual olunur: Jurnalistin Yeni Kaledoniyaya sabitliyi pozmaq üçün getməsi ilə bağlı bir sübut var idimi? Görəsən, nəyə əsaslanaraq, belə bir qənaətə gəlinmişdi? Suallarımız ritorikdir. Çünki veriləcək cavab, təqdim ediləcək dəlil yoxdur. Sadəcə, ürkək Fransa hökuməti yaxşı başa düşür ki, müstəmləkədə saxladığı Yeni Kaledoniyada xalq azadlıq hərəkatının dünya ictimaiyyətinin diqqətinə çatdırılması ərazinin əldən çıxması ilə nəticələnəcək. Nigerdəki ssenarinin təkrarlanmasından qorxmuşdu. Buna görə də söz azadlığını boğmaq qərarına gəlmişdi ki, əsl həqiqətlər üzə çıxmasın.

***

Fransanın anti-Azərbaycan xətti ilə bağlı ötən il yaşanmış daha bir hadisəni də diqqətə çatdıraq. Sən demə, ölkədə Dezinformasiya ilə mübarizə qrupu adlı bir təşkilat var imiş və həmin qurum, guya, müəyyənləşdirmişdi ki, X sosial şəbəkəsinin bir azərbaycanlı istifadəçisi öz profilində Fransa polisinin etirazçılara qarşı şiddət tətbiqi ilə bağlı nə isə paylaşıb. O, iddia edib ki, insan hüquqlarının pozulduğu məmləkətdə Olimpiya oyunlarının keçirilməsi yolverilməzdir. 

Demək çətindir ki, “Paris-2024”ün təşkilinə qarşı çıxan azərbaycanlı var, yoxsa həmin şəxs uydurmadır. Amma onun iddiasındakı məsələ yanlış deyildi. Bəlkə fransız polisi zorakılıq etmirdi? Əlbəttə edirdi! Bəlkə Paris Avropanın ən çirkli şəhərləri sırasında yer almır? Alır! Yoxsa, Fransada insan hüquqlarına tam etinasız mühit hökm sürmür? Vəziyyət tam olaraq belədir! 

Ümumən, son illər Fransanın daxili siyasətinin müşahidəsi ölkədə istər insan hüquqlarının pozulması hallarının, istər polis zorakılığının, istərsə də rasizmin, islamofobiyanın yüksələn xətt üzrə inkişaf etdiyini göstərməkdədir. Cəmiyyətdə ciddi qütbləşmə var. Miqrantlara, qara dərililərə qarşı nalayiq rəftar adi hal alıb. 

Digər tərəfdən, dünyanın nüfuzlu və ciddi media orqanlarının yaydıqları materiallarda paytaxt Paris də daxil olmaqla böyük şəhərlərdə antisanitariya probleminin artıq dözülməz həddə çatdığı göstərilir. Yəni, sözümüz odur ki, təkcə bir azərbaycanlı yox, hadisə və prosesləri izləyən istənilən şəxs bunları görür. Deməli, kimlərinsə belə məsələləri qabardaraq Fransanın dördilliyin ən nüfuzlu idman yarışının təşkilinə layiq olmadığını vurğulamasında tutarlı məntiq var.

***

Hazırda Yeni Kaledoniyada yaşananlara gəlincə, bölgə xalqı Fransanın müstəmləkəçilik zülmündən xilas olacağı günü səbirsizliklə gözləyir. Bu fikri Yeni Kaledoniyanın xarici məsələlər üzrə daimi müvəkkili Mikael Forrest Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun ötən ilin martında Bakıda keçirilmiş Zirvə görüşündə iştirakı əsnasında bildirmişdi. M.Forrest AZTV-yə müsahibəsində onu da demişdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdəki çıxışı onlar üçün çox pozitiv mesaj olub. Daimi müvəkkil Yeni Kaledoniya xalqının onillərdir Fransa müstəmləkəsindən azad olmaq üçün mübarizə apardığını diqqətə çatdırmış və əlavə etmişdi ki, xalq Bandunq prinsiplərinə uyğun olaraq suverenlik hüquqlarının dəstəklənməsini istəyir. “Hesab edirik ki, illərdir xalqımızın hüquqları pozulub. Fransa və onun müstəmləkəçi siyasəti ilə bağlı bir sıra problemləri Bakı platformasından dünyaya çatdırmağı vacib sayırıq. Ərazi bütövlüyümüz və suverenliyimiz ilə bağlı yaranan maneələr aradan qaldırılmalıdır. Xalqımızın adından çıxış edərək bütün dünyaya Fransanın bizə yaşatdığı məhrumiyyətləri çatdırıram", – deyən cənab M.Forrestin vurğulamışdı ki, Fransa rəhbərliyinin qardaşlıqdan, xalqların dostluğundan danışması paradoksal haldır və reallıqdan çox uzaqdır.

*** 

Bəli, Fransanın söz azadlığından, bəşəri dəyər və prinsiplərdən danışması da paradoksaldır. Avtokrat Makronun prezidentliyi sayəsində ölkə bu barədə söz açmaq üçün bütün mənəvi hüquqlarını itirib. Çünki, əvvəldə də dediyimiz kimi, Fransa müasir neokolonializmin beşiyidir. O kolonializmin ki, tarixə əsaslanır. İşğalçılıq tarixinə. İşğalçılıq tarixi isə başlanğıcını XVI əsrdən götürüb. Yada salaq ki, fransızlar 1541-1543-cü illərdə Lavrentiyanı, 1589-1599-cu illərdə Floridanı qəsb ediblər. Bu sıraya Braziliyanı da əlavə etmək mümkündür.  Fransızlar ölkənin yerli sakinlərini kütləvi şəkildə qətlə yetirərək, həmin əraziləri ələ keçiriblər.

XVII əsrin əvvəllərindən başlayaraq fransızlar Şimali Amerikanın işğalına girişiblər.1663-cü ildə Kanada, XVII əsrin 30-cu illərində Qvadelupa, Martinka və Haitinin bir hissəsi ələ keçirilib. Buradakı əhalinin böyük hissəsi öldürülüb və qul bazarlarında satılıb. XVII əsrdən etibarən fransızların işğalına məruz qalmış Afrikada isə vəziyyət daha dramatik şəkil alıb. Orada əhali zorla digər fransız kaloniyalarına köçürülüb və məcburi əməyə məruz qalıb.

XIX əsrin 30-cu illərində Fransanın yeni qəsbkarlıq siyasətinin hədəfi Əlcəzair olub. Buranın işğalı zamanı onminlərlə yerli sakin qətlə yetirilib. Fransızların qətliamlar dalğası 1831-ci ildə Tunisi, 1839-70-ci illərdə Qabonu, 1842-ci ildə Fil Dişi Sahilini, 1854-cü ildə Seneqalı əhatə edib. Onların qəsbkarlıq siyasətinin hədəfləri sırasında Markiz adaları, Cənubi Vyetnam (Koxinxin), Kamboca, Mərkəzi və Şimali Vyetnam, Madaqaskar adaları, Konqo, Nigeriya, Ubanqi, Şari, Çad gölü sahilləri, Sudan və Mərakeş də var.

Birinci dünya müharibəsindən sonra Fransaya məxsus qəsb edilmiş ərazilərin cərgəsinə Toqo, Kamerun, Suriya və Livan da əlavə olunub. 1920-1930-cu illərdə Suriya və Mərakeşdə başlanan milli azadlıq hərəkatları zamanı onminlərlə dinc insan fransız hərbçilər tərəfindən öldürülüb. İkinci dünya müharibəsindən sonra isə 1954-1958-ci illərdə Əlcəzairin milli azadlıq hərəkatında 300 mindən çox dinc sakinin, o cümlədən qadın və uşağın həyatına son qoyulub. Konkret olaraq Əlcəzair xalqına qarşı amansız soyqırımı siyasəti reallaşdırılıb. Lakin Əlcəzair kimi Kamerun, Toqo, Mali, Seneqal, Sudan, Madaqaskar, Benin, Nigeriya, Fil Dişi Sahili, Çad, Konqo, Qabon, Mavritaniya, Cibuti də fransız zülmündən qurtulmağı bacarıblar. Hazırda Renyunon, Sen-Pyer, Mikelon, Polineziya, Uollis, Futuna, Mayotta, Yeni Qebrid və haqqında söz açdığımız Yeni Kaledoniyada Fransanın əsarəti saxlanılır.

***

Sonda bir daha Edip kompleksi barədə. Bəli, prezident E.Makronun mənəvi dünyasındakı “zənginliyin” Fransanın idarəçilik sisteminə təsiri bu kompleksin olmazları çeynəmək ritorikasını dövlət siyasəti halına gətirib. Ona görə də Parisin qlobal məkana yanaşması quldarlıq və feodalizm dövrlərinin təzahürü kimi özünü göstərməkdədir. Belə bir durumda nəinki Fransanın, elə Avropanın özünün də Makron edipşünaslığından qurtulması vacibdir. “Köhnə qitə” haqqında söz açdığımız zərurəti dəyərləndirəcəkmi, yaxud necə dəyərləndirəcək, bunu əlahəzrət zaman göstərəcək. 

Ə.RÜSTƏMOV
XQ

 

Siyasət