Baş prokuror Düşənbədə işgüzar səfərdə

post-img

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Tacikistan Respublikasının Baş prokuroru Yusuf Raxmonun dəvətilə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin baş prokurorlarının 5-ci iclasında iştirak etmək məqsədilə Düşənbə şəhərində işgüzar səfərədir. 

Səfər çərçivəsində nümayəndə heyətlərinin rəhbərləri Tacikistan Prezidenti Emomali Raxmon tərəfindən qəbul ediliblər.

Sonra İƏT-ə üzv dövlətlərin baş prokurorlarının 5-ci iclası keçirilib. Tacikistanın Baş prokuroru Yusuf Raxmon qonaqları salamlayaraq tədbirin əhəmiyyətini və beynəlxalq əməkdaşlığın mahiyyətini qeyd edib. 

Baş prokuror Kamran Əliyev çıxışında Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində aparılan köklü islahatlar barədə danışaraq terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə mövzusunda çıxış edib. Ölkəmizin terrorçuluğa qarşı mübarizə üzrə mövcud 12 beynəlxalq konvensiyaya qoşulduğunu, həmçinin milli qanunvericiliyin mövcud beynəlxalq standartlara uyğunlaşdırldığını bildirib. 

Eyni zamanda, Kamran Əliyev cari ilin sentyabr ayında ölkəmizin Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağına, noyabr ayında isə dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcəyini bildirib.

Yüksək səviyyəli iclasda İƏT-in Baş katibi, Türkiyə, Özbəkistan, İran, Qazaxıstan, Tacikistan, Pakistan, Qırğızıstan, Türkmənistan və qonaq qismində dəvət olunmuş Səudiyyə Ərəbistanı Krallığının prokurorluq orqanlarının rəhbərləri iştirak ediblər.

Son xəbərlər