Fransanın imperialist iddiaları həddini aşır

post-img

Fransa problemlərinin günahkalarını kənarda axtarır. Yalnış siyasət yürütdüyünü etiraf etmək əvəzinə rəsmi Paris Bakıya qarşı absurd iddialar irəli sürür. Belə ki, daxili işlər naziri Jerar Darmanin “France 2” telekanalına müsahibəsində Azərbaycanı Yeni Kaledoniyada iğtişaşlara “müdaxilə etməkdə” və ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edir. Təbii ki, Azərbaycanın cavabı özünü gecikdirmədi. Xarici İşlər Nazirliyi Fransanın bütün bu ittihamlarını qətiyyətlə pisləyərək, Parisin ölkəmizə qarşı apardığı qarayaxma kampaniyasını dayandırmağı tələb etdi.

Dünya sürətlə dəyişir, amma bəzi ölkələr var ki, bu dəyişikliklərə uyğunlaşmaq istəmirlər. Belə ölkələrdən biri də Fransadır. Dünya müstəmləkə dövrünün geridə qaldığını düşünməyə başladığı bir vaxtda fransızlar bütün güclərini müstəmləkələrinin saxlanılmasına yönəldirlər. Özünü demokratiyanın beşiyi hesab edən Fransa bu gün ən çox müstəmləkəyə sahibdir. Böyük kəşflər dövründə Fransa xaricdəki ərazilərin öyrənilməsi və müstəmləkəçiliyi ilə məşğul olan üçüncü Avropa ölkəsi (Portuqaliya və İspaniyadan sonra) olmuşdu. Formal olaraq Fransa 1960-cı illərdə müstəmləkələrini azad etmişdi, lakin Paris onların iqtisadiyyatına və inkişafına mənfi təsir göstərməkdə davam edir. Fransız siyasətçiləri elə bir iqtisadi və sosial şərait yaradıblar ki, keçmiş müstəmləkələri Parisi lazımi resurslarla təmin etməyə borclu qalsınlar. Üstəlik, koloniyalara bu münasibət istənilən ideoloji yönümlü siyasətçilər üçün xarakterikdir. Hazırkı prezident Emmanuel Makron da istisna deyil.

Rəsmi Paris uzun müddət keçmiş müstəmləkələri ilə “Fransafrika” adlanan qeyri-rəsmi qəyyumluq və himayəçilik sistemi əsasında əlaqələr qururdu. Onun yaradıcısı siyasətçi və diplomat Jak Fokkarr hesab olunur. Həmkarları və jurnalistlər onu “Cənab Afrika” adlandırırdılar ki, bu da onun qitə ilə qarşılıqlı əlaqədəki rolunu yaxşı göstərir. “Fransafrika” razılaşmalarına əsasən, Fransa bölgədə və yerli bazarlarda təbii ehtiyatların çıxarılması üçün müstəsna hüquqlar əldə etmişdi. Üstəlik, bu sömürücü sistem Fokkar və onun həmkarlarının Afrika dövlətlərinin liderləri ilə şəxsi əlaqələrinə əsaslanırdı. Müqavilələr rüşvətxorluq, korrupsiya və digər qanunsuz əməliyyatlardan istifadə olunmadan bağlanırdı. Bu səbəbdən sistem beynəlxalq ictimaiyyət tərəfindən mütəmadi olaraq tənqid olunurdu.

Amma bütün haqlı ittihamlar Fransa hökumətini narahat etmir. Sadəcə, Emmanuel Makron müstəmləkə ölkələrindən bəzi “kosmetik üzrxahlıq” etməsilə “fərqləndi”. Məsələn, o,1994-cü ildə Ruandada Tutsi soyqırımı zamanı fransız əsgərlərinin qəddarlığına və cinayətlərinə görə üzrxahlığını bildirdi. Makron, həmçinin 1954-1962-ci illər müharibəsi zamanı Fransa tərəfində vuruşan, münaqişə bitdikdən sonra ölkədən təxliyə edilə bilməyən əlcəzairlilərdən üzr istədi. Lakin bu cür jestlər Yelisey sarayının ümumi xəttini dəyişmir. Əksinə, onların gələcəkdə regionda Fransa hegemonluğuna dəstək verməyə hazır olan yeni loyal qruplar əldə etməyə yönəldiyini hamı bilir. 

Lakin son zamanlar keçmiş müstəmləkə ölkələri Fransaya qapını göstərirlər. Belə ölkələrin sayı gündən-günə artır. Eyni sözləri Yeni Kaledoniya barədə də demək olar. Ada sakinləri artıq Fransadan müstəqillik tələb edirlər. Lakin digər etnik qruplara azadlıq tələb edən Paris Yeni Kaledoniya sakinlərinə fərqli münasibət bəsləyir. Azad yaşamaq istəyən yerli sakinlərinə qarşı repressiya siyasəti aparır. Təbii ki, Makron hökumətinin belə zalım siyasəti adada ciddi narazılıqla qarşılanır. Son günlər Fransanın işğalı altında olan bu ərazidə ciddi etiraz aksiyaları keçirilir. Son məlumatlara görə, hüquq-mühafizə orqanları ilə toqquşmalarda ölən və yaralananlar da var. Yerli sakinlərin narazılığını yatırmaq üçün Paris adaya qoşun yeridib. Belə görünür, Paris Əlcəzairdə, Ruandada və digər müstəmləkələrində törətdiyi cinayətləri Yeni Kaledoniyada da təkrarlamaq istəyir.

Bəs yerli xalqı qəzəbləndirən nədir?  Xatırladaq ki, etirazlar mayın 15-də Parisdə qanunvericilər tərəfindən qəbul edilən və 10 ildir Yeni Kaledoniyada yaşayan fransızlara əyalət seçkilərində səs verməyə icazə verən yeni qanun layihəsi ilə bağlı yaranıb. Yerli liderlər bu addımın kanakların seçki mövqeyini zəiflədəcəyini bildirirlər. Əslində, kanakilər haqlıdırlar, çünki uzun illərdir ki, Fransa Yeni Kaledoniyanı müstəmləkəsi kimi əsarətində saxlamaq, habelə adanın yerli sakinləri olan kanakları assimiliasiya etmək üçün kənardan minlərlə miqrantı qanunsuz yolla adaya yerləşdirir. Müstəqillik tərəfdarı olan kanakları azlığa çevirmək və miqrantların hesabına Fransa işğalını davam etdirmək üçün Makron hökuməti Yeni Kaledoniya Konqresinin və xalqının iradəsinə zidd olaraq bu ölkənin seçki qanunvericiliyini dəyişmək qərarına gəlib. Fransa hökuməti miqrantlara səs hüququ verməklə ölkənin əsarətdə saxlanılmasına dair referendumda üstünlük qazanmağa çalışır. 

Öncə qeyd etməyə zəruridir ki, yeni xalq mərkəzi hökumət ilə problemi dialoq yolu ilə həll etməyə çalışırdı. Müstəqillik tərəfdarları Parisi seçki sayının qanunsuz genişləndirilməsinə dair qanun layihəsinin gündəmdən götürməyə çağırırdı. Ancaq bütün bu çağırışları Paris qulaqardına vurdu. Halbuki müstəqillik tərəfdarları xəbərdarlıq edirdilər ki, sözügedən qanun layihəsinin məcburi şəkildə qəbul edilməsi pis nəticələnə bilər. Belə görünür, fransızları adada dəyişən siyasi ab-havanı duymağa imperializm dikbaşlığı mane oldu, Paris vətəndaşlarının narazılıqlarını dinləmək əvəzinə adaya qoşun yeritməyə üstünlük verdi. Bunun nəticəsində də 10-a yaxın qurbanın və 200-ə yaxın yaralının olduğu bildirilir. Görəsən qoşunlarını Kaledoniyaya göndərən Fransa hansı məqsədi güdür?  Nüvə silahına malik olması ilə qürrələnən, BMT TŞ-nin üzvü olan Fransa adaya qoşun göndərməklə silahsız və əliyalın kanaklardan özünü qorumaq istəyir?

İndi Fransa ordunun Yeni Kaledoniyada törətdiyi vəhşilikləri dünya ictimaiyyətindən gizlətməyə çalışır. Bunun üçün TikTok sosial şəbəkəsinə çıxışı bloklayıb. “Azad fransız mediası” küçədə güllənənən kanakları göstərməkdən, yerli əhaliyə qarşı törədilən vəhşilikləri işıqlandırmaqdan imtina edir. Yeni Kaledoniya xalqı  informasiya blokadası tətbiq etmək üçün bütün internetin kəsilə biləcəyindən, ordunun həmin an adada törədə biləcəyi vəhşiliklərdən narahatdır. Ancaq Fransa öz əməllərini gizlədə bilməyib. Belə ki, BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin ildə bir dəfə təşkil edilən regional tədbirində hazırda iştirak edən Yeni Kaledoniyanın BMT-dəki nümayəndəsi Paris tərəfindən ölkəsində törədilən qırğınlar barədə BMT-nin üzv ölkələrini məlumatlandırıb. Qətlə yetirilənlər arasında gənclərin olduğunu qeyd edib. 

Əlbəttə ki, bütün bu destruktiv siyasət beynəlxalq ictimaiyyəti də narahat etməlidir. Artıq Bakı Təşəbbüs Qrupu və Fransanın son koloniyaları olan Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası, Martinik, Qvadelupa və Korsikadakı müstəqillik uğrunda mübarizə aparan 14 siyasi hərəkat birgə Bəyanat yayıb. Bəyanatda Fransa hökumətinin Kanaki-Yeni Kaledoniyada seçki kütləsinin genişləndirilməsi lehinə qanunsuz dəyişikliyin zorla tətbiq edilməsi pislənilir, müstəqillik uğrunda ədalətli mübarizəsində Kanak xalqına tam dəstək ifadə olunur. Sənəddə Kanakinin bu gün alov içində olması, o cümlədən son günlər ərzində 150-yə yaxın insanın həbs edilməsi və 3 nəfərin qətlə yetirilməsinin məsuliyyətinin Fransa hökumətində olduğu qeyd olunur: “Kanak xalqının öz müqəddəratını təyinetmə hüququnu tapdalayan “insan hüquqları ölkəsi” adlanan Fransa dövlətinin Kanak xalqını öz torpağında azlıqda qoymaq üçün seçki elektoratını genişləndirmək məsələsindəki məqsədli istəyi mövcud vəziyyətin pisləşməsinə səbəb olur”.

Amma olayların çərçivədən çıxaraq genişlənməsinə adekvat reaksiya verməyən Paris adada baş verən hadisələrdə Azərbaycanı günahlandırmağa çalışır. Fransa rəsmiləri, xüsusən də daxili işlər və dənizaşırı ərazilər naziri Jerard Darmanin rəhbərlik etdiyi Fransa jandarmalarının Yeni Kaledoniyada törətdiyi vəhşiliklərə haqq qazandıraraq, toqquşmaların səbəbi kimi xarici qüvvələri, o cümlədən Azərbaycanı göstərib. Adanın əsl sahibi olan kanakların fikirlərini dinləmək, onların istəklərinə hörmət etmək, ən əsası kolonial siyasətdən əl çəkmək əvəzinə başqa dövlətləri ittiham etmək riyakarlıqdır. Təbii ki, Azərbaycan Parisin ittihamlarına tutarlı cavab verib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Azərbaycana qarşı səsləndirilən iddialara dair şərhində bildirib ki, rəsmi Bakı ilk növbədə Fransa tərəfinin Azərbaycana qarşı təhqiramiz ifadələrini bir daha qətiyyətlə pisləyir və ermənilərin kütləvi şəkildə qətlə yetirilməsi kimi qəbuledilməz ittihamlarla Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasını dayandırmağı tələb edir. 

A.Hacızadə vurğulayıb ki, Fransa daxili işlər nazirinin öz ölkəsinin uzun illər həyata keçirdiyi müstəmləkəçilik siyasətinin tərkib hissəsi kimi yerli xalqlara qarşı insanlıq əleyhinə cinayətlər törətməsini, milyonlarla günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi tarixini xatırlaması daha münasib olardı. XİN sözçüsü vurğulayıb ki, Fransanın daxili işlər naziri Azərbaycanı Yeni Kaledoniyada müstəqillik tərəfdarı etirazları dəstəkləməkdə ittiham etmək əvəzinə, ölkəsinin bu cür etirazlara səbəb olan dənizaşırı bölgələri ilə bağlı uğursuz siyasətinə diqqət yönəltməlidir. 

Fransa hər zaman özünü başqalarına nümunə ölkə göstərməyə çalışır. Olmayan qondarma erməni soyqırımına görə Türkiyəni “öz keçmişilə barışmağa və soyqırımı tanımağa” çağırır. Halbuki arxiv sənədləri belə bir soyqırımın olmadığını təsdiqləyir və hamı da bilir ki, uydurma erməni soyqırımı böyük güclərin Türkiyəyə qarşı geosiyasi təzyiq alətinə çevrilib. Amma Fransanın heç də uzaq olmayan illərdə bir sıra xalqlara qarşı soyqırımı həyata keçirməsi dünyaya məlumdur. İndi fransızlar keçmişilə barışmağa, əsrlərdir əsarətdə saxladığı xalqlarlar normal və sivil münasibətlər qurmağa çalışmaq əvəzinə, yenə də kobud hərbi gücə üstünlük verir, siyasətində buraxdığı ciddi yalnışlıqlara görə baş qaldıran problemlərdə xarici qüvvələri, o cümlədən Azərbaycanı günahlandırmağa can atır. Azərbaycanın XİN-nin sözçüsünün də qeyd etdiyi kimi, Fransanın daxili işlər naziri Azərbaycanı Yeni Kaledoniyada müstəqillik tərəfdarı etirazlarını dəstəkləməkdə ittiham etmək əvəzinə, ölkəsinin bu cür etirazlara səbəb olan dənizaşırı bölgələri ilə bağlı uğursuz siyasətinə diqqət yönəltməlidir.

S.ELAY 
XQ

 

Siyasət