Qarabağ və Şərqi Zəngəzurun “yaşıl dünya”sı genişlənir

post-img

Azərbaycanın işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpaolunan enerji istehsalı üçün geniş imkanlar var. Mütəxəssislərin son hesablamalarına görə, sözügedən ərazilərdə 10 qiqavat həcmində  günəş və külək enerjisi potensialı mövcuddur. Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin məlumatına görə, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonları texniki potensialı 7200 meqavatdan çox olan günəş enerjisindən istifadə üçün əlverişli şəraitə malikdir. Bununla yanaşı, ilkin proqnozlara görə, Laçın və Kəlbəcər rayonlarının dağlıq ərazilərində külək enerjisinin texniki potensialı 2 min meqavat həcmində qiymətləndirilir. Kəlbəcər və Şuşa rayonlarında isə geotermal enerji mənbələrindən “yaşıl enerji” kimi istifadə olunması imkanları daha çox diqqət çəkir.

Belə bir zənginliyi nəzərə alan ölkə Prezidenti İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun 10 min kvadratkilometrlik ərazisini “yaşıl enerji” zonası elan edib. Dövlət başçısı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” 2021-ci il 3 may tarixli Sərəncam imzalayıb. Sənədə əsasən, Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022–2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. 

Ötən müddətdə işğaldan azad edilən ərazilərdə bir neçə su elektrik stansiyası inşa edilərək istismara verilib. Hökumətin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı hazırladığı konsepsiyaya əsasən, həmin ərazilərdə istehlak edilən elektrik enerjisinin yalnız bərpaolunan enerji mənbələrindən alınacağı nəzərdə tutulub. 

Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının hidroenerji potensialının yenidən tədqiqi barədə tapşırığına əsasən, ­“AzərEnerji" ASC tərəfindən işğal dövründə dağıdılan su elektrik stansiyalarından əlavə, ekoloji normalar daxilində yenilərinin tikintisi barədə hesabat hazırlanıb. Həmin hesabata əsasən, bölgədə ümumi gücü 467 MVt olan 72 kiçik su elektrik stansiyasının yaradılacağı nəzərdə tutulub. 

“Azərenerji”nin Texniki İstehsalat İdarəsinin rəis müavini Muxtar Mahmudov mediaya açıqlamasında bildirib ki, Qarabağ və Şərqi Zəngəzurun dayanıqlı elektrik təchizatı infrastrukturunun yaradılması, həmçinin hidroenerji ehtiyatlarından səmərəli istifadə edilməsi istiqamətində tapşırıqlara əsaslanılaraq, regionun sərt, keçilməz iqlim və relyef şəraitinə rəğmən, 3 ildən az bir müddətdə ümumi gücü 226 MVt olan 28 su elektrik stansiyası (SES) yenidən qurulub və ya yeni tikilib.

Ümumi gücü 44 MVt olan 4 SES-də isə hazırda avadanlıqların quraşdırılması və sazlama işləri icra edilir. Nəticədə bütün region üzrə dayanıqlı elektrik təchizatı sxemi yaradılır və COP29 tədbirinin keçiriləcəyi, “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmiş 2024-cü ilin birinci yarısında ümumi gücü 270 MVt olan 32 SES-in istismara veriləcəyi nəzərdə tutulur. Bu stansiyalarda il ərzində 600 milyon kilovat/saatdan çox “yaşıl enerji”nin istehsal ediləcəyi planlaşdırılır. Bu da 160 milyon kubmetrdən artıq təbii qaza qənaət edilməsi, atmosferə atılan karbon qazının həcminin isə 330 min tondan çox azalması deməkdir. Bundan əlavə, ümumi gücü 37,5 MVt olan 6 kiçik su elektrik stansiyasının (KSES) 2025-ci ilin birinci yarısında istismara verilməsi gözlənilir.

Ölkənin enerji sistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionlarının elektrik enerjisi tələbatı 100 faiz “yaşıl enerji” hesabına təmin edilir və tələbatdan artıq qalan həcm ölkə enerji sisteminə ötürülür. Perspektiv layihələr də nəzərə alınarsa, işğaldan azad olunan rayonların ərazisində icra edilmiş və icrası gözlənilən “yaşıl enerji” layihələri, ümumilikdə, 1100 MVt  təşkil edir ki, bu da regionun mövcud enerji tələbatından 12-15 dəfə çoxdur. Bölgənin 2040-cı il üçün ümumi güc tələbatı 1000 MVt proqnozlaşdırılır ki, bu da icra olunacaq “yaşıl enerji” layihələrinin həcmi nəzərə alınmaqla 20 il sonra Qarabağ və Şərqi Zəngəzurun  tam olaraq “yaşıl enerji” ilə təmin ediləcəyi deməkdir.

Hesabatda daha sonra “Zabux” KSES-nin  2,8 MVt, “Qarıqışlaq” KSES-nin isə 4 MVt gücündə olduğu, il ərzində müvafiq olaraq 8-9 milyon,  11-12 milyon kilovat/saat “yaşıl enerji” istehsal ediləcəyi bildirilib. Qeyd edilib ki, həmin stansiyaların enerji sistemə inteqrasiyası üçün yeni yarımstansiyalar tikilib, 35 kV-luq yeni elektrik verilişi xətti çəkilib. Yeni optik kabel xətti çəkilməklə stansiyalar ölkə enerji sisteminin mərkəzləşmiş SCADA sisteminə inteqrasiya edilib. Nəticədə rəqəmsal qaydada açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və təhlil aparılması reallaşdırılmaqla   yanaşı, stansiyalara Bakıdan nəzarətin əlçatanlığı təmin edilib. 

Həkəri çayının sağ qolu olan Zabux çayı üzərində tikilən “Zabux” KSES vahid ölkə enerji sisteminə inteqrasiya olunub və burada istehsal edilən ­elektrik enerjisi həm Laçın rayonunda enerji tələbatına istifadə olunacaq, artıq qalan enerji isə ölkə enerji sisteminə ötürüləcək. 

“Qarıqışlaq” KSES də adıçəkilən çay üzərində inşa edilib. Bu stansiya da ölkə enerji sisteminə inteqrasiya olunub. Həm “Zabux”, həm də “Qarıqışlaq”   stansiyalarında quraşdırılan  ekoturbinlər hesabına çayda, ümumilikdə, 1,4 dəfə daha artıq ekoloji axımın saxlanılmasına şərait yaradılıb. Çay səviyyəsinin azalması halında isə avtomatik dayanması reallaşdırılıb. Sözügedən stansiyaların tikintisi prosesində yeni balıqötürücü, həmçinin liltutucu qurğular inşa edilməklə  ekoloji təsirlər minimuma endirilib. Daşqınlar zamanı baş verə biləcək fəsadların qarşısı alınıb.

Sonda qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar dağ-mədən layihələrinin icrasına başlanılıb.   Ağdam rayonunda Şahbulaq daş karxanası layihəsinə investisiya qoyuluşu məqsədilə Azərbaycan İnvestisiya Şirkəti  (AİŞ) tərəfindən “Star Mining” MMC ilə birgə “Shahbulag Mining” MMC şirkəti təsis edilib və hazırda layihəyə 160-dan çox işçi cəlb olunub. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi və ölkəmizin bərpaolunan enerji potensialının inkişafı məqsədi ilə AİŞ, SOCAR və bp şirkətləri ilə Cəbrayıl rayonunda 240 MVt gücündə günəş paneli stansiyasının tikintisini nəzərdə tutan, AİŞ-in “Şəfəq” (“Sunrise”) layihəsinə daxil olmaq niyyətini əks etdirən Qoşulma Sazişi imzalanıb. Layihədən əsas məqsəd “Səngəçal” terminalında qazdan alınan enerjini günəş enerjisi ilə əvəz etmək olub.

Naxçıvan Muxtar Respublikası isə əlverişli günəş radiasiyasına və yüksək bərpaolunan enerji potensialına malikdir. Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin şöbə müdiri Fəqan Abdurəhmanovun  sözlərinə görə, burada  ümumi gücü 39 MVt olan günəş ­elektrik stansiyaları fəaliyyət göstərir. 

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na  əsasən, Naxçıvanda  “Yaşıl enerji zonası”nın yaradılması  nəzərdə tutulub. Eyni zamanda muxtar respublikada  külək və günəş enerjisi üzrə 1500 MVt-lıq istehsal güclərinin xarici investisiya hesabına yaradılması və onun, təqribən, 1000 MVt-nın Türkiyə və Avropa istiqamətində ixracı qərara alınıb. 

Vaqif BAYRAMOV 
XQ

 

İqtisadiyyat