KOBİA-nın uğur modeli

post-img

Ölkənin biznes xəritəsini dəyişən önəmli keçid

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Avropa İttifaqının dəstəyi ilə hazırlanan “EU Business Climate Report: Azerbaijan 2024” hesabatında bütün dövlət qurumları arasında səmərəlilik üzrə birinci sırada yer alıb. Bu nəticə Azərbaycan iqtisadiyyatında KOB sektoruna yönəlmiş son illərin ardıcıl siyasətinin kağız üzərində yox, həyatda gerçəkləşməsinin mühüm göstəricisidir. İstər sahibkarlıq mühitinin modernləşdirilməsi, istər institusional xidmətlərin çevikləşdirilməsi, istərsə də regionlarda biznesin dəstəklənməsi baxımından KOBİA artıq ölkədə yeni idarəetmə mədəniyyətinin formalaşmasına rəhbərlik edən aparıcı qüvvə kimi çıxış edir.

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi barədə dönüş son illərdə KOBİA-nın hədəfli fəaliyyəti nəticəsində real göstəricilərə çevrilməyə başlayıb. Agentliyin tətbiq etdiyi mexanizmlər biznesə yalnız formal dəstək deyil, həm də praktik üstünlüklər gətirir. Xidmətlər daha operativ və şəffafdır, sahibkarın dövriyyəsinə, məşğulluğuna, investisiya marağına birbaşa təsir edən proqramlar genişlənir, regionlarda iqtisadi aktivlik yüksəlir, startap mühiti əvvəlki illərlə müqayisədə daha canlıdır və daha çox gənc məhz KOBİA-nın dəstəyi ilə biznes mühitinə daxil olur.

İqtisadi göstəricilər də bu ahəngdar keçidi təsdiqləyir. KOB-ların qeyri-neft sektorunun ümumi strukturunda payının artması, regionlarda biznes qeydiyyatında canlanma və bir sıra sahələrdə yerli istehsalın genişlənməsi KOBİA-nın fəaliyyətinin təsadüfi təsir deyil, sistemli nəticə olduğunu göstərir.

Təsadüfi deyil ki, bu ilin yanvar–oktyabr aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz artaraq 3 milyard ABŞ dolları təşkil edib. Son 1 ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 19,8 faiz artaraq 962,1 milyon ABŞ dolları olub. Bundan başqa, hesabat dövründə şəkərin ixrac dəyəri 49,6 faiz, meyvə-tərəvəzin ixrac dəyəri 30 faiz, kimya sənayesi məhsullarının ixrac dəyəri 22,8 faiz, pambıq ipliyin ixrac dəyəri 8,8 faiz, alüminium və onlardan hazırlanan məmulatların ixrac dəyəri isə 3,8 faiz artıb.

İl ərzində aqrar məhsulların ixrac dəyəri 27,5 faiz artaraq 769,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixrac dəyəri 260 milyon ABŞ dolları, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 19,1 faiz artaraq 1,03 milyard ABŞ dolları təşkil edib.

Digər tərəfdən, Avropa İttifaqının KOB evləri modelini innovativ təşəbbüs kimi qiymətləndirməsi tam haqlıdır. Çünki bu model sahibkarın vaxtına qənaət edən, bürokratik yükü azaldan, biznes proseslərini sürətləndirən iqtisadi dəstək platforması kimi formalaşıb. Bu gün KOB evləri sənədləşmədən konsultasiyaya, təlimlərdən vergi və icazə məsələlərinə qədər bir çox xidməti eyni məkanda operativ şəkildə təqdim edir.

Hesabatda ən çox diqqətçəkən məqamlardan biri isə KOB dostu şəbəkəsinin roludur. Bu komanda kabinetdə oturan struktur deyil; əksinə, sahibkarla gündəlik təmasda olan, problemi yerində dinləyən, həll yolu axtaran, real sahədə çalışan dövlət xidmətinin yeni modelidir. 6 il əvvəl yaradılan bu şəbəkə qısa müddətdə regionlarda biznesin yükünü azaldan, gənc sahibkarları prosesə cəlb edən, dövlət-biznes əlaqələrini şəffaflaşdıran, sahibkarlığın inkişafına real təsir göstərən böyük bir institut kimi formalaşıb.

Regionlarda çoxsaylı sahibkar KOB dostu sadəcə məsləhət xidməti kimi yox, dayaq nöqtəsi kimi müraciət edir. Bu model dövlət xidmətinə ənənəvi yanaşmanı dəyişdirir və bizneslə əlaqələrdə daha dinamik, çevik və insan yönümlü mədəniyyəti ortaya qoyur.

Eldəniz ƏMİROV,
iqtisadçı

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Avropa İttifaqının (Aİ) dəstəyi ilə hazırlanan “EU Business Climate Report: Azerbaijan 2024” hesabatında effektivlik baxımından bütün dövlət qurumları arasında birinci sırada qərarlaşdı.

İllərdir davam edən modern xidmət konsepsiyası, sahə ilə canlı işləmək prinsipi, regionlarda dayanıqlı iqtisadi aktivlik yaratmaq strategiyası bu gün öz nəticəsini ortaya qoyur. KOBİA artıq sadəcə bir agentlik deyil – ölkənin iqtisadi modernizasiyasının aparıcı simalarından biridir və bu liderlik Azərbaycanın qeyri-neft iqtisadiyyatının gələcək inkişaf xəritəsini müəyyənləşdirən əsas rol kimi qiymətləndirilir.

Azərbaycanda KOB sektoruna yönəlmiş və KOBİA tərəfindən icra edilən institusional siyasətin artıq ölçülə bilən real təsir yaratdığını və bunun beynəlxalq səviyyədə tanındığını göstərir. Son illər KOBİA tərəfindən sahibkarlıq mühitinin sadələşdirilməsi, xidmətlərin modernləşməsi və biznes-dövlət əlaqələrinin çevikləşməsi istiqamətində atılan addımlar öz praktiki nəticəsini verir.

Xüsusilə, KOB evləri modelinin Aİ tərəfindən innovativ təşəbbüs kimi tanınması təsadüfi deyil. Bu model sahibkarlara “tək pəncərə” rahatlığı ilə xidmət göstərir, bürokratik yükü azaldır, biznesin gündəlik ehtiyaclarına real cavab vermək üçün yaradılıb. Fikrimcə, hesabatın nəticələrində ən çox diqqət çəkən amillərdən biri KOB dostu şəbəkəsinin roludur. Çünki paytaxtda və regionlarda real sahədə bizneslə birbaşa təmasda olan, sahibkarın problemini dinləyən, həll yolları axtaran və həqiqətən də “dost” funksiyasını yerinə yetirən məhz bu komandadır. KOB dostu illərdir bölgələrdə gənc və peşəkar dövlət xidmətinin yeni modelini formalaşdırır.

Uzun müddətdir fəaliyyət göstərən bu KOB dostu şəbəkəsi dövlət xidmətinə ənənəvi yanaşmanı tamamilə dəyişdirərək regionlarda sahibkarlar üçün dayaq nöqtəsinə çevrilib. Bu gün əldə olunan yüksək beynəlxalq qiymətləndirmə də məhz həmin uzunmüddətli əməyin, davamlı fəaliyyətin və sahə ilə canlı iş prinsipinin məntiqi nəticəsidir.

N.ABDALOV
XQ



İqtisadiyyat