Asiya İnkişaf Bankı ilə əməkdaşlığın yeni hədəfləri

post-img

Bu maliyyə qurumu Azərbaycanın modern infrastrukturuna yatırımı artırır

Prezident İlham Əliyevin Asiya İnkişaf Bankının prezidenti Masato Kandanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü Azərbaycanın beynəlxalq maliyyə qurumları ilə tərəfdaşlığında yeni mərhələ kimi qiymətləndirilə bilər.

Görüş zamanı vurğulandı ki, artıq 25 ilə yaxındır Azərbaycanla Bank arasında formalaşmış əməkdaşlıq strateji inkişaf xətti kimi çıxış edir. Bu illər ərzində AİB nəqliyyat, enerji, su təchizatı, təhsil, səhiyyə və digər sahələri əhatə edən 145 layihə üzrə ölkəyə ümumilikdə 5,5 milyard dollardan çox investisiya yönəldib.

Nümayəndə heyətinin qəbulu əməkdaşlığın konturlarını da müəyyənləşdirdi. Dəmir yolu infrastrukturunun yenilənməsi, Bakı metrosunun genişləndirilməsi, eləcə də su təchizatı sistemlərinin təkmilləşdirilməsi üzrə yeni layihələrin nəzərdən keçirildiyi bildirildi. Bu istiqamətlər qarşıdakı illərdə Azərbaycan–AİB tərəfdaşlığının əsas inkişaf xəttini təşkil edəcək.

Xatırladaq ki, 1999-cu ildə AİB-ə üzv olduqdan bəri Azərbaycan və Asiya İnkişaf Bankı birgə əməkdaşlığı genişləndirib. Bu investisiyaların böyük hissəsi energetika, nəqliyyat və dövlət sektorunun idarə edilməsi sahələrinə yönəlib. Hazırda AİB-in ölkədəki portfelində əsasən nəqliyyat infrastrukturu istiqamətində 3 kredit xətti və 6 texniki yardım layihəsi fəaliyyət göstərir. Ümumilikdə, AİB və Azərbaycan strategiya xarakterli əməkdaşlıq aparır. Bank “Ölkənin Şaxələndirilməsi və İnkişafı” strategiyasına uyğun olaraq özəl sektorun inkişafını, fiskal və maliyyə idarəetməsini gücləndirməyi, eləcə də infrastruktur və insan kapitalının inkişafını prioritetlərində saxlayır.

2019–2024-cü illərdə AİB-in Azərbaycandakı layihələri funksionallığı ilə seçilir. 2024-cü ildə ölkənin əsas dəmir yolu marşrutu – Bakı–Sumqayıt–Yalama xətti – çərçivəsində 166 km rels ikili xəttin yenidən qurulması üçün 131,5 milyon ABŞ dolları ayrılıb. Eyni zamanda 2024-cü ilin payızında Azərbaycan Dəmir Yollarının rəqəmsal transformasiyası (əsas idarəetmə proseslərinin müasir İT texnologiyaları ilə təkmilləşdirilməsi) layihəsi üçün 47 milyon dollar kredit təsdiq edilib. Bu təşəbbüslər respublikanın Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizində təhlükəsizliyin, etibarlılığın və səmərəliliyin yüksəldilməsinə yönəlib.

Kənd təsərrüfatı və özəl sektorun dəstəyi də burada önəmli yer tutur. AİB son illərdə kiçik fermerlərə və kənd təsərrüfatı sahibkarlığına çıxışı asanlaşdırmaq məqsədilə maliyyə resursları ayırıb. 2021-ci ildə isə Aqrar Kredit və İnkişaf Agentliyi (“Avrora” şirkəti) vasitəsilə kənd təsərrüfatı məhsullarının bazara çıxışını təkmilləşdirən 5,9 milyon dollarlıq kredit layihəsi həyata keçirilib. Bu təşəbbüslər özəl sektorun innovativ layihələrinə dəstək verir.

Bununla yanaşı, dövlət sektorunun effektivliyi və sosial proqramlarda da Asiya İnkişaf Bankının adını görmək mümkündür. 2021-ci ildə COVID-19 pandemiyasının təsirini azaltmaq üçün Azərbaycan hökumətinin bərpa planına dəstək məqsədilə 250 milyon dollar həcmində strateji kredit verilib. Bu kredit pandemiya dövründə sosial müdafiə tədbirlərinin gücləndirilməsinə, aztəminatlı əhaliyə kömək göstərilməsinə və iqtisadi bərpanın təmin olunmasına yönəlib. Bununla yanaşı, ərzaq təhlükəsizliyi və yoxsulluğun azaldılması üçün vacib olan yeni texnologiyaların tətbiqinə texniki yardımlar da ayrılıb.

ADB–Azərbaycan əməkdaşlığı gələcəkdə daha da genişlənəcək. 2025–2029-cu illəri əhatə edən yeni Ölkə Tərəfdaşlıq Strategiyasında ADB əsasən iqtisadiyyatın “yaşıl” və şaxələndirilmiş modellərini, aşağı-karbonlu infrastrukturun qurulmasını və inklüziv inkişafa yönəlmiş layihələri prioritetləşdirir. Yeni strategiya innovasiya, yüksək əlavə dəyərli məhsul və xidmətlərin inkişafı, eləcə də peşəkar insan kapitalının artırılması kimi sahələri də nəzərdə tutur. Banl nəticələri təkcə ÜDM artımı ilə ölçmək əvəzinə, əhalinin rifahı, ətraf mühitin qorunması, gender bərabərliyi və rəqəmsal transformasiya baxımından da qiymətləndirəcək. Beləliklə, bank Azərbaycana davamlı inkişaf, iqlim dəyişikliyi ilə mübarizə və regionda inteqrasiyanın gücləndirilməsində səylərini artırmaq niyyətindədir.

Nurlan ABDALOV
XQ

İqtisadiyyat