“Retro Azad”ın avtomobil muzeyi...

post-img

Hitlerin sifarişi ilə istehsal edilən, Stalinin sevdiyi, Hüsnü Mübarəkin qarajından gələn maşınlar

“Lap uşaq yaşlarımdan məndə texnikaya, xüsusilə avtomobillərə qarşı böyük maraq olub. Zaman keçdikcə, yaşa dolduqca həmin maraq hissi də böyüyüb. Oyuncaq maşınlarla başlanan maraq böyüdükcə belə bir qarajın və kolleksiyanın yaranmasına səbəb olub”, – deyə Bakının Novxanı qəsəbəsindəki şəxsi evində retro maşınlardan ibarət ikimərtəbəli qarajın sahibi Azad Kərimov özünün yaratdığı bu nadir avtomobil muzeyi haqqında məlumat verir.

Hamısı işlək vəziyyətdə olan bu avtomobillər arasında hansı model yoxdur: 1931-ci ildə istehsal olunmuş “Ford Model A”, 1941-ci ildə buraxılmış “Cadillac Fleetwood”, “Willys MB”, 1947-ci il tarixli “Chevrolet”...

Onların arasında Hitlerin çertyoju ilə istehsal ediləni də var, Stalinin ən çox sevdiyi də, Misirdən Hüsnü Mübarəkin qarajından gələni də... 1982-ci ildə istehsal edilən və SSRİ xarici işlər nazirinin istifadə etdiyi ZİM də bu qarajdadır.

Ən yaxşısı Azadın özünü dinləməkdir: “Avstriya istehsalı olan “Steyr-daimler”i Nabranda istifadəsiz vəziyyətdə bir həyətdə gördüm. Avtomobilin içərisinə torpaq töküb gül əkmişdilər, tamam bərbad və yararsız vəziyyətdə idi. Sahibi ilə danışıb onu əldə etdim, Bakıya gətirib yığdıraraq ikinci həyat verdim. Avtomobili mənə bağışlayan adam yığılandan sonra onu görəndə gözlərinə inanmadı”.

Azad Kərimovun sözlərinə görə, vaxtilə Avstriyada buraxılan həmin maşınlardan dünyada çox az sayda qalıb, 1939-cu ilin istehsalıdır. 1957-ci ilin istehsalı olan “Pobeda-Sport”dan isə indi dünyada cəmi 6-sı qalıb...

Azada bu cür retro avtomobil və ehtiyat hissələri hədiyyə edənlər də olub, özünün pulla aldığı da. Məsələn, 1967-ci il istehsalı olan “Volkswagen Beetle” markalı avtomobilə 400 manat ödəyib. Maşını təzələyərək qızının 18 yaşında ona bağışlayıb. 1981-ci ildə isə “Zaporojest” markalı maşını yığdıraraq qardaşına hədiyyə verib.

Avtomobil həvəskarı deyir ki, vaxtilə küçələrin yaraşığı olan QAZ-21 markalı “Volqa”nın isə üç modeli buraxılıb. Şəxsi minik avtomobili olmaqla yanaşı, sovet vaxtı ən çox ondan taksi kimi istifadə edilib. Təkərinin diskində “T” hərfi yazılan, qabaq şüşəsində sərnişinsiz olduğunu müştərilərə bildirən yaşıl işıq yanan həmin nəqliyyat vasitəsi kolleksiyanın ən maraqlı nümunələrindəndir. Onlara verilən adlar da maraq doğurur: “Ulduz”, “Köpək balığının ağzı”, “Balinanın bığı” ...

Hər birinin spesifik özəlliyi olan həmin maşınlar təkcə zahiri görkəmi, yaraşığı və dizaynı ilə deyil, mühərriki, orijinal siqnal səsi və digər xüsusiyyətləri ilə də fərqlənir. Məsələn, 1952-ci ildə istehsal edilən və məmurların istifadəsindən ötrü nəzərdə tutulan ZİM avtomobilində cangüdənlər üçün ayrıca oturacaq var. Zahirən mini-avtobusu xatırladan avtomobillərdən biri isə əsl səfər maşınıdır: içərisində yataq yeri, qaz plitəsi, qab-qacaq yumaq üçün yeri, soyuducusu, kondisioneri və tualeti var. Burada göldə sürmək üçün istifadə edilən, həm ayaqla idarə edilən, həm də mühərriklə işləyən nəqliyyat vasitəsinə də rast gəlmək mümkündür. Ötən əsrin 80-ci illərinin istehsalı olan motosiklet də öz unikallığı ilə diqqəti cəlb edir. Onun soyuducusu, kondisioneri, maqnitofonu, sənəd və yük yığmaq üçün xüsusi yeri var.

Qarajda “Cadillac”, “Packard”, “Pobeda”, “Lincoln Town Car”, hətta İkinci Dünya müharibəsindən sonra müharibə əlillərinə verilən və camaat arasında “invalidka” adlandırılan avtomobil də var.

Azad deyir: “Boş vaxtlarımda, şənbə və bazar günləri bu maşınların sükanı arxasına keçir və onları idarə etməkdən zövq alıram. Ümumiyyətlə, təxminən 40 il ərzində ərsəyə gələn bu qarajda dincəlir, yorğunluqdan xilas oluram. Onları izləmək və hərdən sükanı arxasında oturmaq mənim üçün ən böyük istirahətdir”.

Onun qarajındakı az və limitli sayda istifadə edilən müxtəlif ölkələrə məxsus avtomobillərdən reklam, fotosessiya, klip və film çəkilişləri üçün istifadə edənlər də olur. Hər il onlar Bakıda keçirilən klassik avtomobillərin sərgisində nümayiş etdirilir.

Kolleksiyaçı avtomobillərlə yanaşı qarajda ötən illərin yadıgarı olan, indi istifadədən çıxmış və ya istifadə edilməyən çoxlu əşyalar da toplayıb: qədim tərəzi, cəhrə, çəllək, telefon aparatları, taksofon, sualtı dəniz gəmisində istifadə olunan telefon, uşaqlar üçün oyuncaq maşınlar, küçədə istifadə olunan su aparatları, ağ-qara televizor, radioqəbuledici, fotoaparatlar, paltartikən maşın, kino nümayiş etdirən aparat, müxtəlif çamadanlar, yazı makinası, musiqi qutusu, motosikletlər, XİX əsrə aid pianino və s.  

Hətta Azadın ixtisasca stomatoloq olan nənəsindən yadigar qalan 1875-ci ilə məxsus pasiyentlər üçün oturacaq da onların arasındadır. Görünür, elə bu marağına görə də onu “Retro Azad” adlandırırlar.

Süleyman QARADAĞLI

 





Dünya