Noyabrın 23-26-da Bakıda ilk dəfə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçiriləcək. Forumun rəsmi açılışı noyabrın 24-də Gülüstan Sarayında olacaq.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən AZƏRTAC-a bildiriblər ki, forum çərçivəsində “Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü”, “WUF13-ə doğru - Türk dünyasında ilk” adlı panel müzakirələri təşkil olunacaq.
Toplantıda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 300-ə yaxın QHT təmsilçisi iştirak edəcək.
Tədbir çərçivəsində Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu da təşkil olunacaq.
Forum Bakıdan sonra işini Naxçıvan Muxtar Respublikasında davam etdirəcək. Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatına Üzv Dövlətlərin QHT-lərinin Platformasının təsis olunması da gözlənilir. Bu Platformada 8 ölkədən QHT-lər birləşəcək.
Qeyd edək ki, bu ilin aprelində Bakıda dünyanın 3/2 hissəsini əhatə edən bölgədən olan vətəndaş cəmiyyəti təsisatlarının iştirakı ilə Qlobal Cənub QHT Platforması da təsis olunub. Bu il, həmçinin dünya müsəlmanlarının 60 faizinin yaşadığı, “İslam Səkkizliyi” adlanan D8 ölkələrinin QHT-lərinin ilk görüşü də Azərbaycanda təşkil olunub. Oktyabrın 20-də Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu çərçivəsində “Dünyaya açılmış Azərbaycan QHT-ləri: təklənməyə qarşı birləşmə texnikası” adlı panel müzakirəsində xüsusi vurğulanıb ki, son iki ildə Azərbaycan QHT-lərinin ən böyük uğuru dünyaya açılmalarıdır. Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin QHT-lərinin Platformasının təsis olunması bu istiqamətdə prosesin mühüm tərkib hissəsidir.

