Bahar Muradova Vladanka Andreeva ilə görüşüb

post-img

Noyabrın 13-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rezident əlaqələndiricisi Vladanka Andreeva ilə görüşüb.

XQ xəbər verir ki, qonaqları salamlayan Dövlət Komitəsinin sədri müxtəlif formatlarda birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən bir sıra layihə və proqramların uğurlu nəticələrindən məmnunluğunu ifadə edib. O, Azərbaycanda iqlim dəyişiklikləri və iqtisadi inkişaf sahəsində davamlı fəaliyyətə, eləcə də bu proseslərdə qadınların fəal iştirakına xüsusi önəm verildiyini vurğulayıb. Dünyada baş verən mürəkkəb proseslər və təhlükəsizlik problemlərinə baxmayaraq, Azərbaycandakı sabitliyin və sosial rifahın qorunmasının mühüm amil olduğunu diqqətə çatdırıb.

Komitə sədri, həmçinin işğaldan azad olunmuş ərazilərdə yaradılan şərait və görülən bərpa işlərinin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bahar Muradova qadınların iqtisadi səlahiyyətləndirilməsi sahəsində BMT-nin aidiyyəti qurumları ilə həyata keçirilən birgə layihələrin nəticələrindən məmnunluğunu ifadə edərək, bu təşəbbüslərin qadınların inkişafına, prioritetlərin dəqiqləşdirilməsinə və yeni imkanların müəyyənləşdirilməsinə töhfə verdiyini bildirib. O, həmçinin qadın sahibkarlar təşkilatları ilə əməkdaşlığın hazırda genişləndirildiyini, bu təşkilatların ölkə daxilində, eləcə də türk və islam ölkələri çərçivəsində şəbəkələrinin formalaşmasının əhəmiyyətini vurğulayıb.

Komitə sədri qeyd edib ki, qarşıdakı dövrdə 25 Noyabr - Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü ilə bağlı “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində həyata keçiriləcək tədbirlərdə BMT qurumları ilə birgə fəaliyyətin davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir. 

Səmimi qəbula görə təşəkkürünü bildirən BMT-nin Azərbaycandakı nümayəndəliyinin rezident əlaqələndiricisi Vladanka Andreeva Dövlət Komitəsinin  BMT ilə fəal əməkdaşlığından məmnunluğunu ifadə edib. 

Azərbaycan Respublikası Hökuməti və BMT arasında imzalanan 2026-2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinə diqqət çəkən BMT rəsmisi sənədin qarşıdakı beş il üçün Azərbaycan və BMT arasında tərəfdaşlığın strateji istiqamətlərini müəyyən etdiyini qeyd edib. O, Çərçivə Sənədinin icrası çərçivəsində ailə, qadın və uşaq hüquqları sahəsində Dövlət Komitəsi ilə əməkdaşlığın xüsusi önəm daşıdığını vurğulayıb. 

“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində görüləcək işlərdən bəhs edən V. Andreeva bu istiqamətdə Dövlət Komitəsi ilə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayaraq, birgə fəaliyyətin məişət zorakılığı ilə mübarizə sahəsinə mühüm töhfə verəcəyini bildirib.

Görüş zamanı tərəflər Çərçivə Sənədindən irəli gələn prioritetlər, qadınların səlahiyyətləndirilməsi, habelə onların dayanıqlı inkişaf, iqtisadi artım, sülh və təhlükəsizlik məsələləri və digər sahələrdəki önəmli rolu barədə danışıblar.

Görüş ikitərəfli əməkdaşlığın perspektivləri, həmçinin qarşıdakı dövr üçün mühüm istiqamətlər haqqında faydalı fikir mübadiləsi ilə davam edib.





Sosial həyat