Noyabrın 10-dan başlayaraq Tacikistanın paytaxtı Düşənbədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Avropa Komissiyasının Dabaq üzrə ofisinin birgə təşkilatçılığı ilə “İqtisadi Əməkdaşlıq Təşkilatı/Qərbi Avrasiya ölkələri üçün xırdabuynuzlu heyvanların taun xəstəliyinə dair planın məsləhətləşməsi və dabaq üzrə Yol Xəritəsi” mövzusunda beynəlxalq tədbir keçirilir.
Tədbirdə ölkəmizi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri Qalib Əbdüləliyev və Heyvan sağlamlığı üzrə risklərin və böhran vəziyyətlərinin idarə edilməsi sektorunun baş məsləhətçisi Natiq Cavadov təmsil edirlər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən XQ-yə verilən məlumata görə, xırdabuynuzlu heyvanların taun və dabaq xəstəliklərinə qarşı birgə mübarizə, peyvəndləmə strategiyalarının təkmilləşdirilməsi, laborator və nəzarət sistemlərinin gücləndirilməsi, eləcə də transsərhəd əməkdaşlıq və regional strategiyaların uyğunlaşdırılması məsələləri tədbirin müzakirə mövzularındandır.
Qeyd edək ki, həmin təşəbbüs 2030-cu ilədək xırdabuynuzlu heyvanlarda taunun tam ləğvi və dabaq xəstəliyinə nəzarətin gücləndirilməsi üzrə qlobal hədəflərə nail olmaq məqsədi daşıyır.

