Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunan mühüm məsələlərdən biri də Naxçıvan Dövlət Universitetinin nəzdində ingilisdilli orta məktəbin fəaliyyətə başlaması olub. Bu istiqamətdə görülən işlərin davamı olaraq noyabrın 13-də NDU-nun Beynəlxalq Kembric Məktəbinin müəllim və şagirdlərinə universitet rəhbərliyi tərəfindən planşetlər təqdim olunub.
NDU-nun mətbuat və ictimaiyyətə əlaqələr şöbəsindən XQ-ə verilən məlumata görə, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev şagirdlərlə görüşü zamanı bildirib ki, Dövlət Proqramı çərçivəsində universitetin beynəlxalq təhsil sisteminə inteqrasiyası və müasir tədris imkanlarının genişlənməsi daim diqqət mərkəzindədir. Bu proqramın bir hissəsi olaraq yaradılan bu məktəb Kembric Beynəlxalq Təhsil Sistemi ilə işləyir və təhsilin keyfiyyətinin artırılmasına xidmət edir.
Rektor çıxışında vurğulayıb ki, Beynəlxalq Kembric Məktəbində standartlara cavab verən tədris laboratoriyaları, kitabxana, idman meydançaları və imtahan mərkəzinin olması şagirdlərin təhsildə akademik keyfiyyətlərinin artırılması ilə yanaşı, həm də fərdi inkişafları üçün faydalıdır.
Qeyd olunub ki, şagirdlər məktəbin özünün təmin etdiyi elektron resurslardan istifadə edirlər. Belə ki, bu elektron resurslar şagirdlər üçün nəzərdə tutulub və onlara təqdim olunan xüsusi planşetlər vasitəsilə təhsil prosesi daha əlçatan və mərkəzləşmiş olacaq.
S.Həsənov
XQ




