Bakı Təşəbbüs Qrupu və 14 hərəkatın Yeni Kaledoniyaya dəstəyi

post-img

Bakı Təşəbbüs Qrupu və Fransanın son koloniyaları olan Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası, Martinika, Qvadelupa və Korsikada müstəqillik uğrunda mübarizə aparan 14 siyasi hərəkat birgə bəyanat yayıb.

Bəyanatda Fransa hökumətinin Yeni Kaledoniyada seçki kütləsinin genişləndirilməsinin lehinə qanunsuz dəyişikliyin zorla tətbiq edilməsi pislənilib, müstəqillik uğrunda ədalətli mübarizəsində kanak xalqına tam dəstək ifadə olunub.

Sənəddə Yeni Kaledoniyanın bu gün od-alov içərisində olması, o cümlədən son günlər ərzində 150-yə yaxın insanın həbs edilməsinin və 3 nəfərin qətlə yetirilməsinə görə məsuliyyətin Fransa hökumətinin üzərində olduğu vurğulanır.

Eyni zamanda, Fransaya müstəmləkə siyasətini dayandırmaq və Kanak xalqına öz taleyini sərbəst həll etmək, beynəlxalq ictimaiyyətə isə kanak xalqının azlığa çevrilməsinə aparan bu iyrənc müstəmləkəçilik təcrübəsinə göz yummamaq üçün çağırış edilir.

Bəyanata qoşulanlar həyəcan təbili çalaraq BMT Təhlükəsizlik Şurasının toplaşaraq Fransa tərəfindən beynəlxalq hüququn pozulmasının pislənilməsini tələb ediblər.

Siyasət