Məlumdur ki, ailələr dağıldığı zaman bir çox mübahisəli məsələlər ortaya çıxır. Onlardan biri ər-arvad ayrıldıqdan sonra daşınmaz və daşınar əmlakın kimin sərəncamında qalmasıdır. Bununla bağlı tanınmış vəkil Hicrət Hüseynzadə aşağıdakıları bildirdi:
– “Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi həm nikah dövründə, həm də nikah pozulduqdan sonra aparıla bilər. Ümumi əmlakda onların payları bərabər hesab edilir.
Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və ya ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.
Bundan başqa, ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verə bilər.
Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Boşanma zamanı vərəsəliklə əldə edilmiş ev bölünməyəcək, lakin ipoteka ilə alınan ev birgə nikah dövrü ərzində alınmışsa, o ev bölünəcək.
Hüquqşünas sonda dedi:
– Əgər mülkiyyət birgə yaşayış vaxtı alınıbsa, boşanma zamanı tərəflər arasında yarı bölünür. Həmçinin, əgər qadın evləndikdən sonra həyat yoldaşının yaxud qayınata və qayınanasının evində qeydiyyata düşübsə, bu zaman ona həmin evdə yaşamaq hüququ verilir. Lakin ər buna etiraz etdikdə və qadın da həmin evdə yaşamaq istəmirsə, bu zaman ona kompensasiya verilir.
Hazırladı:
P.ƏFƏNDİYEV
XQ