Bakı Mühəndislik Universitetinin (BMU) kompüter elmləri ixtisasının IV kurs tələbəsi Emil Hüseynov Qazaxıstanın Aktau şəhərində keçirilən “TurkicSkills 2025 - Peşə Bacarıqları Müsabiqəsi”ndə türk ölkələrinin ən yaxşı gənc mütəxəssisləri sırasında yer alıb.
Bu barədə XQ-yə BMU-dan bildirilib.
Azərbaycanı müsabiqədə layiqincə təmsil edən BMU tələbəsi “Veb-proqramlaşdırma” sahəsi üzrə III yeri tutub və bu nəticə ilə həm universitet, həm də ölkəmiz üçün mühüm nailiyyətə imza atıb.
“TurkicSkills” Türk Dövlətləri Təşkilatına üzv ölkələrin gənclərini bir araya gətirən, onların texniki və yaradıcılıq bacarıqlarını beynəlxalq standartlar səviyyəsində qiymətləndirən nüfuzlu yarışmadır. Mühəndislik, informasiya texnologiyaları, istehsal, robot texnikası və xidmət sahələrini əhatə edən yarışda iştirakçılar bir neçə gün ərzində real vaxtda proqramlaşdırma tapşırıqlarını yerinə yetirərək bilik, çeviklik və innovativ düşünmə qabiliyyətlərini sərgiləyiblər.
Qeyd edək ki, Emil Hüseynov daha əvvəl “WorldSkills Azerbaijan” müsabiqəsində “Veb-proqramlaşdırma” üzrə birinci yerin qalibi olub və bir sıra regional, eləcə də beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanıb.