Kazan forumuna 85 ölkədən 18 min nümayəndə gəlib
Mayın 14-dən 19-dək davam edəcək nüfuzlu beynəlxalq tədbirin Təşkilat Komitəsinin yaydığı məlumatda qeyd olunur ki, Tatarıstan paytaxtı Kazanda keçirilən Forumun devizi “Rusiya–İslam dünyası: İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri ilə Rusiya Federasiyasının regionları arasında əlaqələrin gücləndirilməsi”dir. Tədbirdə İslam dünyasının aparıcı mütəxəssisləri iqtisadiyyat, təhsil, sosial və mədəniyyət sahələrində əməkdaşlığın perspektivlərini müzakirə edirlər.
Kazan Forumunun əsas məqsədi beynəlxalq layihə və proqramlara diqqət yetirməklə Rusiyada və İslam dünyasında maliyyə institutlarının inkişafına kömək etməkdir. Plenar iclası mayın 17-nə nəzərdə tutulan tədbirdə yerli və xarici ekspertlər Rusiya ilə İƏT ölkələri arasında müxtəlif sahələrdə qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə edəcək və forumun nəticələrini ümumiləşdirəcəklər.
Forum çərçivəsində təşkil olunan Rusiya Halal Sərgisində dünyanın hər yerindən 4500 çeşiddə halal sertifikatlı məhsullar, o cümlədən qida, xidmət, investisiya imkanları və infrastruktur layihələri nümayiş etdirilir.
Forumun “Etimad və əməkdaşlıq” adlanan geniş işgüzar proqramı ilə yanaşı, mədəni tədbirlər, o cümlədən moda nümayişləri, gənc aşpazlar üçün müsabiqələr, ekskursiyalar da nəzərdə tutulub. Kazan Forumunda, həmçinin Afrika, Mərkəzi və Şərqi Asiyadan olan memarlar, investorlar, maliyyə institutları və şirkətlər iştirak edirlər.
Forumun saytında yer alan xəbərə görə, iştirakçılar turizm, biznes, texnologiya, İslam maliyyəsi, investisiyalar və digər mövzuları müzakirə edəcəklər. Tədbirin Təşkilat Komitəsinin üzvü, Kazan şəhərinin meri İlsur Metşinin sözlərinə görə, hazırlıq işləri yüksək səviyyədə aparılıb: “Bu, İslam dünyası ilə dialoq üçün mühüm platformadır. Ümid edirik ki, bu platforma və forum şəhərimizin daha geniş coğrafiyada tanınmasına və siyasi çəkisinin artmasına töhfə verəcək”.
İ.HƏSƏNQALA
XQ