Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Dünya Bankının maliyyə dəstəyi ilə icra etdiyi “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində “Sosial cəhətdən həssas şəxslər üçün əlavə iş yerlərinin yaradılması” pilot layihəsinə başlayır.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir ki, pilot layihə işsiz və ya işaxtaran şəxslərin istehsal və xidmət sahələri üzrə məşğulluq imkanlarını artırmaq, o cümlədən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində özünüməşğulluğunu təmin etmiş şəxslərin bizneslərini inkişaf etdirmələrinə dəstək məqsədi daşıyır.
Layihə ilkin mərhələdə Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz və Lənkəran-Astara iqtisadi rayonlarını əhatə edəcək.
Layihədə iştirak üçün proqram iştirakçılarına dair tələblər aşağıdakılardır:
Özünüməşğulluq proqramı çərçivəsində qurduğu təsərrüfatı son bir il ərzində fəaliyyətdə olan;
Müraciət tarixinə Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan (bununla bağlı müvafiq vergi orqanından alınmış arayış müraciətə əlavə edilməlidir).
Qeyd edilən meyarlara cavab verən 50 benefisiar seçiləcək və onların işə qəbul etdikləri işçilərin əməkhaqqı və ona bağlı icbari ödənişlərinin ilk 3 ayda tam məbləği, növbəti 3 ayda isə 50 faizi “Məşğulluğa Dəstək Layihəsi” tərəfindən ödəniləcək.
Layihədə iştirak etmək istəyən şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər. https://survey.sosial.gov.az/index.php/617546?lang=az Son müraciət tarixi 24 oktyabr 2025-ci ildir. Əlavə məlumat almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Regional Məşğulluq filiallarına və DOST Mərkəzlərinə müraciət edə bilərsiniz.
XQ