Azərbaycan–Belarus münasibətlərində yeni mərhələ

post-img

Dünya birliyinin layiqli üzvünə çevrilən Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası getdikcə dərinləşir, inkişaf etmiş ölkələrlə müxtəlif sahələrdə əməkdaşlıq genişlənir. Respublikamızda  həyata keçirilən qlobal enerji layihələri, eləcə də ölkəmizin beynəlxalq nəqliyyat qovşaqlarının mərkəzinə çevrilməsi bu prosesi daha da sürətləndirir.

Son illər iqtisadi sahədə əldə olunmuş yüksək göstəricilər, enerji layihələrinin uğurla həyata keçirilməsi Azərbaycanı dünyanın inkişaf etmiş ən nüfuzlu dövlətləri üçün etibarlı tərəfdaşa çevirib. Bunun nəticəsidir ki, artıq Cənubi Qafqaz regionunun ən sabit və davamlı inkişaf edən bir ölkəsi kimi tanınan Azərbaycanla hərtərəfli əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirməyə xüsusi maraq göstərən dövlətlərin sırası genişlənib.

Əlverişli geosiyasi mövqeyi ilə fərqlənən Azərbaycan Respublikasının bu gün beynəlxalq enerji və nəqliyyat infrastrukturu layihələrinin mərkəzinə çevrilməsi ölkəmizə marağı artırır. Son illər Azərbaycanın postsovet məkanına daxil olan dost ölkələrlə də əlaqələrinin səviyyəsi yüksələn xətlə inkişaf edir. Bu baxımdan Azərbaycanın Belarusla mövcud əməkdaşlıq əlaqələri diqqəti daha çox çəkir.  Respublikamızla adı çəkilən ölkə arasında mədəniyyət və humanitar sahələrlə yanaşı, ticarət və iqtisadi əməkdaşlıq istiqamətində də ildən-ilə irəliləyişlər nəzərə çarpır. 

Onu da deyək ki, rəqabət, antiinhisar siyasəti, dövlət satınalmaları və istehlakçı hüquqlarının müdafiəsi sahələrində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinə, eləcə də müvafiq istiqamətlər üzrə qarşılıqlı təcrübə mübadiləsi imkanlarına xüsusi önəm verilib. Bu il iyulun 1-dən respublikamızda qüvvəyə minəcək Rəqabət Məcəlləsi, o cümlədən ilin əvvəlindən etibarən tətbiqinə başlanılan “Dövlət satınalmaları haqqında” yeni Qanun və  rəqabət sahəsində xidmətlərin rəqəmsallaşdırılması istiqamətində atılan addımlar nəticəsində dost ölkə ilə iqtisadi əməkdaşlıq sürətlənib.  

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun respublikamıza dövlət səfəri çərçivəsində bu ölkənin nümayəndə heyəti ilə Azərbaycan rəsmilərinin görüşləri də səmərəliliyi ilə diqqət çəkib, həlli vacib olan bir sıra məsələlər geniş müzakirə olunub.  Qarşılıqlı fəaliyyətin perspektivləri barədə söhbət açılarkən böyük potensiala malik əmtəə dövriyyəsinin artırılması, sənaye kooperasiyası və kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsi zəruriliyi xüsusi vurğulanıb. Azərbaycanın azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin, müəssisələrinin fəal  iştirakı arzulanıb.  

Belarus ilə Azərbaycan arasında geniş əməkdaşlıq əlaqələri var. Respublikamız dost ölkəyə keyfiyyətli meyvə-tərəvəz və zeytun yağı ixrac edir və bu məhsullar əhali tərəfindən rəğbətlə qarşılanır. 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərində Belarusun kənd təsərrüfatının bütün sahələrini təmsil edən 42 şirkətin iştirakı da bunun bariz ifadəsidir. 

Belarusun Baş nazirinin müavini İqor Petroşenko həmin sərgilərinin açılış mərasimində bununla bağlı deyib: “Bunlar bitkiçilik, heyvandarlıq, baytarlıq, kənd təsərrüfatı texnikaları istehsal edən şirkətlərdir. Belarus Azərbaycana kənd təsərrüfatında geniş tətbiq olunan traktorlar ixrac edir. Azərbaycanın kənd təsərrüfatında istifadə etdiyi traktorların 70 faizi Belarus istehsalıdır. Belarus Azərbaycana daha çox ət və ət məhsulları, süd və süd məhsulları ixrac edir. Bakıda Belarus brendi ilə 6 mağaza fəaliyyət göstərir. Bu mağazalarda satılan ət və süd məhsulları yerli əhali tərəfindən məmnuniyyətlə alınır. Yaxın gələcəkdə Azərbaycanın regionlarında da Belarus mağazalarının açılması istiqamətində Azərbaycanın müvafiq qurumları ilə razılaşma əldə etmişik”. Baş nazirin müavini yeni mağazaların açılışında iştirak etmək üçün bir daha Bakıya gələcəyini də vurğulayıb.

Emin BAĞIROV, 
iqtisadi şərhçi

Bu gün Belarus şirkətlərinin ölkəmizin sənaye müəssisələri ilə sıx əməkdaşlığı mövcuddur. Məsələn, “Naftan” ASC Belarusun iri neft-kimya sahəsində istehsal prosesi ilə məşğul olan şirkətlərdən biridir və Azərbaycanın “Tech oil” şirkəti, Sumqayıt Sənaye Parkı ilə 10 ilə yaxındır ki, əməkdaşlıq münasibətindədir.  “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində  “Naftan” şirkətinin marketinqin idarə edilməsi üzrə rəis müavini Anton İvanov  bildirib ki, şirkət Azərbaycana ildə 1000 tondan çox mühərrik, sənaye və hidravlik yağlar ixrac edir. Bu məhsullar kənd təsərrüfatında istifadə edilən avtomobil, müxtəlif profilli traktor, kombayn və digər maşın və mexanizmlər üçün işlədilir.

A.İvanov, eyni zamanda,  qeyd edib ki, Azərbaycanın SOCAR şirkəti ilə də sıx əməkdaşlıq əlaqələri var: “Biz şirkətdən (SOCAR) propilen, polietilen və digər neft-kimya məhsullarını alırıq. Bundan başqa, Belarusun 2 böyük neft emalı zavodu (NEZ) var. Bunlardan biri Novopolsk NEZ, digəri isə Mozirsk NEZ-dir. Hər iki zavod Rusiya ilə yanaşı, Azərbaycandan da neft alır. Həmçinin SOCAR-ın “Belneftkimya” şirkəti ilə də əməkdaşlığı var”.

A.İvanov nəzərə çatdırıb ki, “Naftan” ASC 1965-ci ildə dövlət müəssisəsi kimi yaradılıb. SSRİ dağıldıqdan sonra isə açıq səhmdar cəmiyyətə (ASC) çevrilib və bu gün yeni texnologiyaların tətbiqi ilə ildə 15 min tondan çox müxtəlif təyinatlı yağlar istehsal edir və ixraca yönəldir. ASC daxili bazarda da böyük paya malikdir.

“Naftan” ASC Azərbaycanda hazırda akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu ilə əməkdaşlıq əlaqələrini davam etdirir. Bu səhmdar cəmiyyətin elmi laboratoriyalarında çalışan alimlər respublikamızdakı həmkarları ilə əlaqələr yaradaraq birgə elmi-tədqiqatlar aparır, müxtəlif elmi simpozium və konfranslarda neft-kimya sahəsindəki araşdırmaların nəticələrini müzakirə edirlər.  

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun respublikamıza dövlət səfəri  zamanı imzalanan mühüm sənədlərin ikitərəfli münasibətlərin inkişafına güclü təkan verəcəyi də şəksizdir. Ölkələrimiz arasındakı hüquqi bazanın daha da genişlənməsinə xidmət edən həmin sənədlər malların mənşəyinin sertifikatlaşdırılmasında elektron sisteminin qarşılıqlı tətbiqinə, rəqabət siyasəti, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və reklam fəaliyyəti sahələrində əməkdaşlıq əlaqələrinin  möhkəmlənməsinə təkan verəcəkdir. Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin perspektivləri barədə danışan Prezident İlham Əliyev geniş tərkibdəki görüşdə deyib: “Bir çox məsələlər – ikitərəfli gündəlik, regional və beynəlxalq məsələlər üzrə ətraflı danışdıq. Münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etdik. Ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk. Bu münasibətlər zamanın sınağından çıxıb və zənnimcə, Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur. Bu, dövlətlərarası münasibətlərimizin əsasıdır, çünki yalnız qarşılıqlı etimad şəraitində həmişə bütün vəziyyətlərdə ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür”.

Dövlətimizin başçısı sözlərinə əlavə edərək qeyd edib ki, qarşılıqlı fəaliyyətimizin perspektivlərinə baxdıqda böyük potensialı, əmtəə dövriyyəsinin artmasını və sənaye kooperasiyasında, kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsini görürük. Əlbəttə, biz azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin, müəssisələrinin iştirakına da şad olardıq...    

İqtisadi sahədə əlaqələrin genişləndirilməsində birbaşa əmtəə ticarəti ilə yanaşı, qarşılıqlı faydalı birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi də getdikcə mühüm əhəmiyyət kəsb edir. Belarus maşınqayıranları ilə Gəncə Avtomobil Zavodu arasında əməkdaşlıq sənaye kooperasiyası sahəsində səmərəli qarşılıqlı fəaliyyətin gözəl nümunəsi kimi ölkələrimiz üçün əlamətdar layihəyə çevrilib. Uzun illik birgə iş dövründə zavod bazasında 12 mindən çox Belarus traktoru, eləcə də 4 minə yaxın digər texnika (MAZ, MZKT, AMKODOR) yığılıb. Belarus tərəfi birgə istehsal olunan texnikanın, o cümlədən yüksək ekoloji standartlara cavab verən kombaynların və müasir minik avtomobillərinin (elektrobuslar) çeşidinin genişləndirilməsi istiqamətində birgə işi davam etdirmək əzmindədir.

Belarus digər texnikaların – tikinti, kommunal, dəmir yolu, qəza-xilasetmə və müxtəlif növ xüsusi texnikanın Azərbaycana tədarükünün təşkilində perspektiv görür. Döst ölkə Azərbaycana lift tədarükünün artırılmasında, eləcə də müvafiq istehlak həcmləri üçün onların yığılması istehsalının yaradılmasında maraqlıdır.

Bundan başqa, Azərbaycanda aqrar sektorun, o cümlədən heyvandarlığın inkişafı proqramlarının birgə həyata keçirilməsində ciddi potensial görünür.   Heyvandarlıq komplekslərinin yaradılması, həmçinin damazlıq tələbatının ödənilməsi sahəsində zəngin qabaqcıl təcrübəmizi tətbiqi, Azərbaycan ərazisində baytarlıq preparatlarının birgə istehsalının yaradılması layihəsi yüksək aktuallıq kəsb edir.

Beləliklə, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Respublikasına dövlət səfəri ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində yeni mərhələnin başlanğıcını qoymaqla yanaşı, illik ticarət dövriyyəsinin həcminin də əhəmiyyətli dərəcədə artırılmasına imkan yaradacaqdır.

Vaqif BAYRAMOV 
XQ

 



İqtisadiyyat