Paşinyan daha bir sınaqdan çıxmış kimi görünür

post-img

Ermənistan–Azərbaycan şərti sərhədinin Qazax–İcevan hissəsində iki ölkənin dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyalarının aprelin 19-da keçirilən səkkizinci iclasında rəsmi İrəvanın 4 qeyri-eksklav kəndin ölkəmizə qaytarılmasına razılıq verməsi səbəbindən Hayastanda başlanan etirazlar davam edir. Ancaq onlar nə qədər çalışsalar da, aksiyalarda kütləviliyi təmin edə bilmirlər. Mayın 4-də Tavuş vilayətindən paytaxta yürüş edən və mayın 9-da paytaxta çatan etiraçıların indiyədək cəmi bir dəfə böyük mitinqi keçirməyə müvəffəq olublar. Erməni mənbələrinin məlumatına görə, mayın 9-da İrəvanın Respublika meydanında keçirilən etiraz aksiyasında 20-30 min nəfər iştirak edib.

Özü sülhə qarşı olsa da, mitinq iştirakçıları qarşısına sülhün rəngi olan ağ libasda çıxan erməni apostol kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan baş nazir Nikol Paşinyan hökumətini ölkənin təhlükəsizlik sistemini məhv etməkdə, siyasi uğursuzluqda və kilsəni hədəfə almaqda suçlayıb. O, istefa verməsi üçün Paşinyana bir saat vaxt verib. Vaxt bitib, amma Paşinyan istefa verməyib.

Yeri gəlmişkən, qeyd edək ki, mitinqin keçirildiyi saatlarda bir çox hökumət üzvləri, o cümlədən baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan sosial media hesablarında  N.Paşinyanın fotosunu paylaşaraq, onun xalqın seçdiyi lider olduğunu yazıblar. Paşinyanın mitinqin gedişi zamanı istefa vermədiyini görən arxiyepiskop növbəti məqsədlərinin parlamentdə etimadsızlıq səsverməsi ilə baş naziri vəzifəsindən azad etmək olduğunu bildirib. O, mitinqdən sonra bu məsələ ilə bağlı iki müxalif qüvvə – sabiq prezident Robert Koçaryanın “Hayastan” fraksiyasının və digər sabiq prezident Serj Sarkisyanın qurucusu, Artur Vanetsyanın isə lideri olduğu “Şərəfim var” fraksiyasının üzvləri ilə görüşüb. Hazırda parlamentdədəki 107 yerdən yalnız 35-i müxalifət bloklarına aiddir və etimadsızlıq səsverməsi təqdim etmək üçün onlara bir səs lazımdır. Baqrat mayın 12-də keçirilən mitinqdə Qalstanyan Koçaryan və Sarkisyan dövründə müxtəlif vəzifələrdə çalışmış bitərəf deputat İşxan Zakaryanla görüşdüyünü bildirib. Deyib ki, Zakaryan Paşinyana etimadsızlıq səsverməsində iştirak etməyə hazırdır. Amma etimadsızlıq səsverməsinin parlamentdən keçməsi üçün 54 deputatın səsi lazımdır. Bu isə parlamentdəki hazırkı qüvvələr nisbətində qeyri-mümkündür.

Buna baxmayaraq, arxiyepiskop hələ də hansısa nəticə qazanacağına ümid edir. Mayın 16-da etiraz aksiyası zamanı jurnalistlərə açıqlama verən Baqrat tezliklə bütün siyasi palitranın böyük toplantısının olacağını və hamının orada olmasını istədiyini bildirib. Deyib ki, kimin hansı ideologiyaya sahib olmasının fərqi yoxdur: “Eyni zamanda, biz müəyyən ixtisas sahibləri, peşəkar icmalarla da görüşürük. İki gündən sonra tibb ictimaiyyəti ilə görüş olacaq. Ümid edirəm ki, biz tezliklə zabitlər icması, keçmiş zabitlərimiz, eləcə də mədəniyyət xadimləri, hüquqşünaslar, iqtisadçılar, vəkillərlə görüşəcəyik”.

Ancaq Qalstanyanın nə deməsindən, kiminlə, kimlərlə görüşməsindən asılı olmayaraq, görünən odur ki, hayların böyük əksəriyyəti etiraz aksiyalarına qatılmır. Bunun mühüm səbəbi ölkəni 20 il ərzində talan etmiş Koçaryan–Sarkisyan rejiminin yenidən hakimiyyətə gələ biləcəyidir. Koçaryan və Sarkisyanın hakimiyyətə qayıdışı yeni müharibənin anonsudur. Erməni xalqı isə yeni müharibə istəmir. Onlar başa düşürlər ki, müharibə olacağı təqdirdə ona nə Robertin oğlanları Levon və Sedrak, nə də Sarkisyanın yaxın qohumlarından kimsə qatılacaq. Ona görə də cəmiyyətin təmkinli davranışı diqqət çəkir. Hiss olunur ki, haylar İkinci Qarabağ müharibəsindən nəticə çıxarıblar və istənilən təxribatın nə ilə nəticələnəcəyini yaxşı bilirlər.

Bu gün Ermənistanda Qalstanyanın təşəbbüsü ilə başlanan “Vətən üçün Tavuş” hərəkatını yalnız ən radikal fiqurlar dəstəkləyir. Etirazlara qatılanlar arasında 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirən “Erməni soyqırımı ədalət komandoları” adlı terror təşkilatının üzvü Hampiq Sasunyan, 1981-ci ildə Türkiyənin Parisdəki baş konsulluğuna hücum həyata keçirən ASALA mənsubu Baqrat Şişliyan da var idi.

Rusiyayönlü əvvəlki rejim tərəfindən dəstəklənən hərəkata digər bir radikal qrupun – Milli Demokratik Alyansın (MDA) qoşulması isə çoxlarını təəccübləndirdi. Çünki MDA, adətən, Qərbyönlü kimi tanınır və Ermənistanda tez-tez anti-Rusiya etirazları təşkil edir. Üstəlik, MDA ilə keçmiş rejim arasında müəyyən düşmənçilik mövcuddur.

Meydanlara çıxanlar arasında Birinci Qarabağ müharibəsinin iştirakçısı, ultramillətçi “Sasna Tsrer”in lideri olan Livan əsilli Jirair Səfilyan da olub. Səfilyan 2016-cı ildə silahlı üsyan yolu ilə hökuməti devirməyi planlaşdırdığı səbəbindən həbs edilmişdi. Onun silahlı qruplaşma tərəfdarları İrəvanda regional polis idarəsini mühasirəyə almışdılar. Silahlı qrup prezident S.Sarkisyanın istefasını tələb etmiş və Səfilyanın həbsdən azad edilməsi üçün danışıqlar aparmağa çalışmışdı. Girov böhranı üç polis əməkdaşının ölümü ilə nəticələnmişdi. Səfilyan yalnız Paşinyan hakimiyyətə gəldikdən sonra azadlığa buraxılmış və Ermənistan vətəndaşlığı almışdı. Lakin İkinci Qarabağ müharibəsindən sonra həm MDA, həm də vaxtilə Paşinyanı dəstəkləyən Səfilyan indi müxalifət sırasındadır.

Mitinqlərdə diqqəti cəlb edən həm də əlinə mikrofon alaraq çıxış edən şəxslərin sərhədyanı kəndlərdəki vəziyyəti, insanların narahatlığını dilə gətirməməsidir. Ümumiyyətlə, məsələlərə maksimalist yanaşan bu şəxslər açıq şəkildə bildirirlər ki, onların məqsədi hakimiyyətdən yaxa qurtarmaq, Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması prosesini dayandırmaqdır.

Ancaq erməni xalqı Paşinyanın siyasətindən razı olmasa da, əvvəlki rejimin geri dönməsinə də həvəsli deyil. Arxiyepiskopun ictimaiyyətə vəd etdiyi xaos, anarxiya, Azərbaycanla müharibə və daxili siyasətdə qeyri-müəyyənlikdir. Görünən odur ki, bu etiraz da Koçaryan, Sarkisyan və “Daşnaksütyun” tərəfdarlarının 2022-ci ildə təşkil etdiyi etirazlar kimi uğursuzluğa məhkumdur.

Paşinyan isə daha bir sınaqdan çıxmış kimi görünür. Amma Nikol 2026-cı ildə keçiriləcək parlament seçkilərində istədiyini nəticəni əldə etməyə də bilər. Ona görə də Paşinyan vaxt itirmədən qonşuları ilə münasibətləri normallaşdırmaq üçün daha cəsarətli addımlar atmalı, regional əməkdaşlığın və sərhədlərin müəyyənləşdirilməsinin Ermənistanın xeyrinə olduğunu sübut etməlidir.

Mövzu üzrə “XQ”yə açıqlama verən “Qafqaz Strateji Araşdırmalar Mərkəzi”nin sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy bildirdi ki, hazırda Ermənistanda baş verən proseslərə baxdığımız üç məqam diqqəti cəlb edir. Bunlardan birincisi, Paşinyanın 6 il öncəki metodunun təkrarlanmasıdır. Belə ki, B.Qalstanyan da bölgədən başlayaraq, paytaxta doğru hərəkət etdi. İkincisi, revanşist qüvvələr adlandırılan ənənəvi müxalifətin indiki aksiyalarla məsafə saxlamasıdır. Üçüncüsü isə kilsənin öz mövqeyini aktiv şəkildə ortaya qoymasıdır. Kilsə təkcə aktiv şəkildə mövqe ortaya qoymur, onun bir nümayəndəsi, yəni Qalstanyan prosesin liderliyinə iddia edir.

N.Cəfərsoy etiraz aksiyalarının hansısa nəticəsinin olub-olmayacağı məsələsinə də üç fərqli istiqamətdən baxmağın tərəfdarıdır. Birincisi, Ermənistan cəmiyyətinin proseslərə reaksiyasıdır. İkincisi, hakim təbəqənin, dövlət strukturlarının mövqeyidir. Üçüncüsi isə geosiyasi faktorun roludur: “Bu üç istiqamətdən baxdığımız zaman görərik ki, erməni xalqının müəyyən təbəqəsi prosesə maraq göstərir. Ancaq mitinqlərə qatılanlar əsasən ötən il Qarabağdan gedən erməniləridir. Hazırda onlar ənənəvi erməni təfəkkürünün təmsilçiləri kimi çıxış edirlər. Erməni xalqının böyük hissəsi isə proseslərə daha təmkinli, daha məsafəli və ayıq yanaşır. Bu, həm yorulmaqdan, usanmaqdan, həm də meydana çıxanların ortaya aydın həll modeli qoymamasından irəli gələ bilər. “Tavuş bizim vətənimizdir, onu verməyək, yaxud Paşinyan satqındır” kimi ritorika insanlar üçün inandırıcı deyil. Baş verənlər erməni xalqının iqtidara dəstəyinin, hakimiyyətin dayaqlarının hələ də yetərincə güclü olduğunu göstərir. Ancaq xalq dəstəyi anlayışı dəyişkəndir. Bəzən, proseslərin sürətli inkişafı zamanı xalq dəstəyi hakimiyyətin arxasından qaça bilər və meydandakı aktiv qüvvə sayca az olsa da, prosesləri fərqli istiqamətə apara bilər”.

Politoloq bildirdi ki, proses zamanı hakimiyyətinin monolitliyi, dövlətin, əlaqədar strukturların mövqeyi də diqqəti çəkir. Burada da ilk ağla gələn hüquq-mühafizə orqanları, təhlükəsizlik xidməti və ordu olur: “Görünən odur ki, polis Paşinyanın aktiv dəstəkçisidir. Polis proseslərdə tam olaraq Paşinyanın tərəfdarı kimi çıxış edir. Bu, hakimiyyət üçün önəmli faktordur. Təhlükəsizlik xidməti də baş nazirə sadiqlik nümayiş etdirir. Ermənistan ordusu isə yeni müharibəyə nə psixoloji, nə də texniki baxımdan hazırdır. Onlar başa düşürlər ki, yeni müharibə yeni məğlubiyyət deməkdir”.

N.Cəfərsoy geosiyasi güc mərkəzlərindən heç birinin etiraz aksiyalarını dəstəkləmədiyini də vurğuladı. Qeyd etdi ki, onlar daha balanslı siyasət yürütməyə çalışırlar. Onun sözlərinə görə, bu isə etirazçıların şanslarını azaldan amillərdəndir.

Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz isə bildirdi ki, revanşist qüvvələrin müxtəlif təxribatlara əl atacaqları gözlənilən idi. Onun sözlərinə görə, Xocalı soyqırımını törədənlərin, işğal edilmiş əraziləri viran qoyan şəxslərin mövcud durumla barışması mümkün deyil. Çünki onların əlindən böyük bir mənfəət çıxıb. İndi isə onlar mühakimə olunacaqlarından qorxurlar: “Revanşistlərin təxribatlarının arxasında Azərbaycanla sülh əldə olunmasını istəməyən Qərbdəki müəyyən qüvvələr dayanır. Onları cəsarətləndirən məhz həmin qüvvələrdir. Türk diplomatlarına sui-qəsd edənlər, Xocalıda soyqırımı törədənlər, savaşmaq əvəzinə cəbhədən qaçanlar bu aksiyalarda öndədirlər”.

Y.Karauz qeyd etdi ki, erməni xalqı isə Azərbaycanla, Türkiyə ilə müharibə istəmir. Əksinə, iki ölkə ilə barışmaq istəyir. Çünki erməni xalqı Azərbaycanla sülh müqaviləsinin imzalanmayacağı təqdirdə dövlətçiliyinin böyük itkilərə məruz qalacağını anlayır. Digər tərəfdən erməni xalqı “ikinci Ukrayna” olmaqdan qorxur. Bu xalq 200 ildir başqalarının maşası olub, öz həyatını yaşamayıb.

Sabiq hərbi attaşenin fikrincə, yeganə çıxış yolu bölgənin sülh, sabitlik məkanı olmasındadır. Azərbaycan və Türkiyə ilə qonşu olan Ermənistanın, əslində, başqa şansı da yoxdur. Revanşistlərin uğur qazanmaları yalnız Ermənistanın dövlət kimi məhv olması sürətləndirə bilər. 

Səxavət HƏMİD 
XQ

 





Siyasət