Ermənistan Mərkəzi Bankının pul siyasəti idarəsinin rəisi Ayk Avetisyan jurnalistlərə bildirib ki, 2024-cü ilin birinci rübündə fiziki şəxslərin Rusiyadan pul köçürmələrinin xalis axını 656,6 milyon dollar təşkil edib. 2023-cü ilin birinci rübü ilə müqayisədə bu göstərici 40% azalıb. Bu barədə "İnterfaks" xəbər verir.
Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan izah edib ki, bu, hesablaşma və ödəniş sisteminin fəaliyyəti, həmçinin geosiyasi və iqtisadi amillərlə bağlı ola bilər. Onun sözlərinə görə, bu, həm də ondan irəli gəlir ki, Rusiyadan getdikcə daha çox insan öz vətənlərinə işləmək üçün qayıdır, çünki maaşlardakı fərq on il əvvəlki fərqlə müqayisədə xeyli azalıb.
2023-cü ilin birinci rübündə Rusiyadan Ermənistana (respublikanın bank sistemi vasitəsilə) fiziki şəxslərə təqribən 1,2 milyard dollar köçürülüb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə (239 milyon dollar) beş dəfə çoxdur. Yanvar-mart aylarında Rusiyadan köçürmələr bütün daxilolmaların 77,1%-ni təşkil edib. Həmin dövrdə Ermənistandan Rusiyaya fiziki şəxslərə 140 milyon dollar köçürülüb.
Rusiya FSB sərhəd xidmətinin məlumatına görə, 2023-cü ildə 616,6 min Ermənistan vətəndaşı Rusiyaya daxil olub. 2020-2021-ci illər üzrə məlumatlara görə, Rusiyada milliyyətcə özünü erməni hesab edən 950 minə yaxın insan daimi yaşayır.
S.ELAY
XQ