Milli Məclisin Sədri Cenevrədə

post-img

Mayın 16-da Parlamentlərarası İttifaqın İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil-qərargahında Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclası işə başlayıb.

Milli Məclisin Sədri Sahibə Qafarova iclasda çıxış edib. O deyib ki, bundan əvvəl keçirilmiş 5 konfransda beynəlxalq əməkdaşlığın  parlament ölçüsünün gücləndirilməsi əsas müzakirə mövzularından biri olub. Hazırda  parlament diplomatiyasının və əməkdaşlığının əvvəlki illərlə müqayisədə miqyasını genişləndirdiyini bildirən spiker parlamentlərin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlarda əməkdaşlıq etdiklərini və yeni mexanizmlər yaratdığını diqqətə çatdırıb. Bu mənada Parlamentlərarası İttifaqın çox mühüm və birləşdirici platforma olduğu qeyd edilib.

Parlamentlərarası İttifaqın, xüsusilə, BMT ilə əməkdaşlığının hazırda parlament əməkdaşlığının nə qədər əhəmiyyətli səviyyəyə gəlib çatdığının bariz göstəricisi olduğunu deyən Spiker növbəti konfransda BMT ilə Parlamentlərarası İttifaq arasında praktiki əməkdaşlığın necə gücləndiriləcəyi ilə bağlı məsələlərin nəzərdən keçiriləcəyinə əminliyini bildirib. O deyib ki, bu çərçivədə əməkdaşlığın daha sistemli, institusional və praktiki olması diqqətə alınmalıdır. Bu, təbii ki, ümumi çağırışlarla mübarizədə parlamentlərin iştirak səviyyəsini artıracaq.

BMT-də islahatların aparılmasının vacibliyini vurğulayan S.Qafarova deyib ki, dünyamızın üzləşdiyi çağırışları nəzərə alsaq, çoxtərəfli mexanizmlər birgə səylərin, həllərin irəli sürülməsində mühüm rol oynayır. Lakin biz hamımız etiraf edirik ki, bu mexanizmlər, həmçinin çoxtərəfli sistem daha güclü, daha effektiv və inklüziv olmalıdır. Təəssüf ki, bugünkü vəziyyət tələblərimizə tam cavab vermir. 

İclas digər parlament sədrlərinin çıxışları ilə davam edib.

Ə.BƏDƏLOV 
XQ

 

Son xəbərlər