Milli mətbuatımız dövlətçilik tariximizdə müstəsna rol oynayıb

post-img

Güclü media milli maraqların mənəvi dəstəyidir

Müsahibimiz Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məciddir

– Qarşıdan milli mətbuatımızın 150 illik yubileyi gəlir. Sizcə, ötən əsryarımda Azərbaycan jurnalistikası hansı keyfiyyət göstəriciləri əldə edib? Ümumən, keçilmiş yolu necə dəyərləndirərdiniz?

– Mətbuatın, ümumən, jurnalistikanın böyük ölçüdə əsas missiyası mənsub olduğu cəmiyyət, dövlət və xalq naminə fəaliyyət göstərməkdir. Əlbəttə, işi tələblər çərçivəsində qurmaq da önəmlidir. Azərbaycan jurnalistikası ötən 150 ildə üzərinə düşən missiyanı layiqincə yerinə yetirib. Onun ən önəmli keyfiyyət göstəricisi budur.

Əlbəttə, ötən müddəti təhlil etsək, fərqli quruluşların bir-birini əvəzləmələri, mürəkkəb siyasi təbəddülatların mətbuata, bütövlükdə, jurnalistikaya təsirləri üzərində dayanmalıyıq. Əslində, Həsən bəy Zərdabi 1875-ci ildə “Əkinçi”ni yaşadığı dövrün mənfi təsirləri şəraitində, çox çətin durumda yaratmışdı. Maneələri aşıb məqsədinə çatmaq Həsən bəyin parlaq obrazını yaratmış, əsl vətənpərvərliyini nümayiş etdirmişdi. O, milli mətbuatda ilk cığır açmışdı.

Həsən bəyin bu keyfiyyətləri “Əkinçi”dən sonrakı milli nəşrlərimizin xarakterini müəyyənləşdirmişdi. İstər “Ziya” və “Ziyayi-Qafqaziyyə” olsun, istər “Kəşkül”, istərsə də “Kaspi”, “Həyat”, “İrşad” qəzetləri, “Füyuzat”, “Molla Nəsrəddin” jurnalları və digər mətbuat orqanları – hamısı xalq naminə mübarizliyə köklənmişdi. Buna görə belə qənaətdəyəm ki, ötən 150 ilin jurnalistikamızın tarixi baxımından ikinci xarakterik keyfiyyət göstəricisi mübarizlik və dönməzlikdir.

Həsən bəy təbiətşünas alim idi. Sonrakı dövrdə, məsələn, Əlimərdan bəy Topçubaşov hüquqşünas, Üzeyir Hacıbəyov musiqiçi idi. Eləcə də digər sənət sahibləri meydana çıxdılar ki, onlar öz sahələrində öncül mövqe tutmaqla yanaşı, jurnalist kimi də fəaliyyət göstərdilər. Yəni bu adamlar qəzetin, jurnalın xalq üçün vacibliyini, əhalini maarifləndirməsinin əhəmiyyətini dərk edir və insanlara xitab etməyi özləri üçün müqəddəs borc sayırdılar.

Çətinliklərə, ideoloji buxovlara baxmayaraq, Sovetlər Birliyi dönəmində də ənənələr qorunub saxlanmışdı. Mətbuat həmin dövrdə ana dilimizin və mədəniyyətimizin yaşadılmasında böyük xidmətlər göstərmişdi. Bu baxımdan, “Kommunist”, “Azərbaycan gəncləri”, “Bakı” və “Baku” qəzetləri fərqlənmişdi. “Azərbaycan”, “Qobustan” dərgisinin, milli özünüdərk proseslərində xüsusi rolu olmuşdu. Bu nəşrlər dəyərli ədiblərimizin və fikir dühalarımızın xalqla ünsiyyət platforması kimi populyarlaşmışdı. Mətbuat onları xalqa milli ziyalı kimi tanıtmışdı. Bu gün də mediamızın ictimai mühitə qazandırdığı ziyalılar, kifayət qədər, çoxdur. Yəni ötən 150 ildə mətbuat və jurnalistikamız ziyalı tribunası olaraq oturuşmağı bacarmışdı. Bu, milli mətbuatımızın daha bir başlıca keyfiyyət göstəricisidir.

Tam əminliklə demək olar ki, mətbuat və jurnalistika milli dövlətçiliyimizin yenidən təşəkkülündə müstəsna rol oynayıb. Dünyanın bir çox ölkələrində qəzetçiliyin yüksəlişi hansısa iqtisadi prosesin nəticəsi olmuşdusa, məsələn, insanları yeniliklər barədə məlumatlandırmaq zərurəti duyulmuşdusa, Azərbaycanda belə maarifçilik xətti, eyni zamanda, milli düşüncənin aşılanması ilə çulğalanmışdı. Maarifçilik həm mövhümata və geriliyə qarşı mübarizəyə köklənmişdi, həm də dövlətçilik ideyalarının təbliğini rəhbər tutmuşdu.

Əslində, sovet dövrü Azərbaycan jurnalistikası da mahiyyətcə eyni kursu davam etdirmişdi. Nəzərə alaq ki, dil və mədəniyyət uğrunda mücadilə həm də milli özünüdərk proseslərinin başlanması üçün çıxış nöqtəsi idi. Mətbuat ötən əsrin 80-ci illərinin sonlarında vüsət almış milli azadlıq mücadiləsinin ön sıralarında dayanmışdı. Ümumiləşdirmə aparsaq, mətbuatımız istər 1918-ci ilədək, istərsə də 1991-ci ilədək milli varlığımıza işıq salmışdı. Mediamız bu fəaliyyəti ilə itirilmiş dövlətçilik ənənələrimizin bərpası üçün zəmin hazırlamışdı. Bu, son dərəcə böyük missiya idi.

Müstəqillik illərində də jurnalistikamız ənənələrinə sadiq qalmış, müstəqil dövlət quruculuğu xəttinin gerçəkləşməsinə misilsiz töhfələr vermişdir. Onun həqiqətlərimizin beynəlxalq müstəvidə təbliği istiqamətindəki fəaliyyəti də dövlətçilik xəttimizin inkişaf trayektoriyasına əməli dəstək baxımından nümunəvidir.

– Rəşad müəllim, mətbuat dedikdə, ilk növbədə onun peşəkarlığı məsələsi yada düşür. Ötən 150 il və jurnalist peşəkarlığı baxımından hansı seçilən dəyərləri vurğulaya bilərsiniz?

– Hazırda jurnalistika texnoloji yeniliklərin təsirinə məruz qalıb və bu amil özü ayrıca standartlar gətirib. Ancaq təməl prinsiplərin dəyişməzliyi qənaətindəyəm. Həmin prinsiplər çıxış nöqtəsidir. Onlara riayət peşəkarlıq deməkdir. Peşəkar olmaq dəqiqlik və obyektivlikdir. Obyektivsənsə – qərəzli deyilsən, tərəf saxlamırsan, vicdanlı davranırsan. Dəqiqliyə riayət isə həssaslıq deməkdir. XIX əsrin sonu – XX əsrin əvvəlləri, bütövlükdə, XX əsr mətbuatı həssas idi ki, bu cəhət onu həm də peşəkar kimi qiymətləndirməyə əsas verir.

Əlbəttə, dövrün və zamanın dəyişməsi ilə tamam fərqli stereotiplər, habelə baxışlar, yeni jurnalistika standartları meydana çıxıb. Çeviklik, başqa sözlə desək, operativlik rəqabət meyarına çevrilib. Üstəlik, mətbuatın, jurnalistikanın başlıca aləti olan informasiyanın özü siyasətin tərkib hissəsidir. Bu cür qarışıqlıqda, habelə media konvengersiyası mühitində peşəkarlığın çərçivələrini qorumaq çətinləşir. Bir halda ki, dezinformasiya kimi bilərəkdən yalan bilgi yayıcılığı var, deməli, jurnalist peşəkarlığına yanaşmalar da fərqlidir. Tam mümkündür ki, məqsəd və məramdan asılı olaraq, kimlərsə peşəkarlığı dəqiqlik və obyektivliklə yox, sırf dezinformasiya yaymaq bacarığı ilə ölçsün.

Sovet dövrü Azərbaycan mətbuatına gəlincə, onu birmənalı şəkildə qeyri-peşəkar adlandıranlar da var. Belələri bildirirlər ki, peşəkarlığı şərtləndirən dəqiqlik və oyektivlikdirsə, totalitar quruluşa xidmət peşəkarlıq ola bilməz. Bütün baxışlara hörmətlə yanaşıram: hər birində müəyyən həqiqət payı var. Ancaq mütləq münasibətin tərəfdarı deyiləm. Düşüncəmə görə, yaradıcılıq ön planda olmalıdır. Yaradıcı şəxs obyektivlik barədə düşünürsə, vicdanlıdırsa, bir qədər böyük miqyasda götürsək, xalqını və millətini fikirləşirsə, onda o üzləşdiyi vəziyyətdən asılı olmayaraq, yaradıcılığın sərhədlərini geniş götürməyi, hətta tabulara və qadağalara qarşı da sinə gərməyi bacaracaq.

Məcbur deyil ki, o, hansısa məqaləsi ilə özünü dövrün qəddar xarakterinin qurbanına, ancaq xatirələrdə yaşayacaq qəhrəmana çevirsin. Əsas məsələ ayaqda qalmağı bacarmaq, imkan, şərait formalaşdırmaqdır. Ona görə hesab edirəm, sovet dövrü jurnalistikasının başlıca fəaliyyət üstünlüyü qadağalar və məhrumiyyətlər şəraitində söz deyə bilmək bacarığında idi. Fikrincə, bu, azad və sərbəst mühitdə səmərəli işləməkdən daha böyük peşəkarlıq göstəricisidir.

Bilavasitə müstəqillik dövrü Azərbaycan jurnalistikasından danışırıqsa, ümumən, mediamızı peşəkar saymaq olar. Hərçənd, dövrün, zamanın təsiri ilə meydana çıxmış bəzi xoşagəlməz tendensiyaların da pozitiv saydığımız mənzərəyə xələl gətirdiyini deməliyik. Elə mənfi cəhətlər var ki, onlar danıla bilməz. Ancaq bir qədər geniş yanaşsaq. Hazırda jurnalistikamızdakı xoşagəlməzliklər ancaq peşə müstəvisindəki çatışmazlıqlardan deyil, bütövlükdə, cəmiyyətdən qaynaqlanır.

Müstəqillik dövründə Azərbaycan jurnalistikasının, media orqanları təmsilçilərinin peşəkar davranmalarının, cəmiyyətin maraq və mənafelərinə adekvat fəaliyyət göstərmələrinin qürur səhnələrinə şahidlik etmişik. Müxtəlif misallar çəkə bilərik. Fikrimcə, onlardan ən dolğunu mediamızın İkinci Qarabağ müharibəsi günlərində gördüyü işdir. Bu missiya istər sırf peşəkarlıq nöqteyi-nəzərdən, istərsə də ideoloji baxımdan yüksək səviyyədə idi. Onu da fəxrlə vurğulaya bilərik ki, hazırda Azərbaycan mediası yaşadığımız Cənubi Qafqaz coğrafiyası üçün dünyanın başlıca istinad mənbəyi rolunda çıxış edir. Bu, gələcəyə nikbin baxmağa əsas verir.

– 150 yaşını haqlamış Azərbaycan mətbuatının, bütövlükdə, jurnalistikasının inkişaf səviyyəsini necə qiymətləndirirsiniz? Hansı hədəflər var ki, onlara nail olunub, sizcə, hansılara çatmaq reallığa çevrilməyib?

– Peşəkarlıqla bağlı vurğuladığım sonuncu məqam inkişafın göstəricisidir. Dünya kifayət qədər mürəkkəb və ziddiyyətli region sayılan Cənubi Qafqazla bağlı məlumatların əldə edilməsində Azərbaycan mediasına istinad edirsə, bu inamın qazanılması inkişafdan qaynaqlanır. Onu da bildirməliyəm ki, hazırkı səviyyəyə heç də tez bir zamanda çatılmayıb.

Müstəqilliyimizin ilk illərindəki durum hər kəsin yaxşı xatirindədir. Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyə başlamasından sonra bütün sahələrdə olduğu kimi, jurnalistikada da pozitiv mənzərə nəzərə çarpdı, ardınca konkret irəliləyişlərə şahidlik etdik.

Onu da deməliyəm ki, Heydər Əliyev şəxsiyyəti dövlət idarəçiliyində mətbuatın gücündən istifadənin örnəyi kimi də tariximizdə qalacaq. O həm buna görə, həm də mətbuatımızın ictimai fikir tariximizdəki roluna yüksək qiymət verdiyindən, habelə cəmiyyətdə söz azadlığı və plüralizmin dərinləşməsinin vacibliyinə həssas yanaşdığından, mediaya dövlət dəstəyini gücləndirdi. Daha doğrusu, dəstəyi dövlət siyasətinin tərkib hissəsi elan etdi. Heydər Əliyev respublikamıza ikinci rəhbərliyi zamanı mətbuata və jurnalistikaya təşkilati və mənəvi dəstək tədbirləri reallaşdırdı. İlk növbədə, 1998-ci ildə senzuranın ləğvi vurğulanmalıdır. Müharibə şəraitində olan ölkə üçün belə bir qərarın verilməsi böyük cəsarət nümunəsi idi.

Ümummilli lider, bütövlükdə, mətbuatın qanunvericilik bazasının formalaşdırılması istiqamətində müstəsna tədbirlər reallaşdırdı, fərman və sərəncamlar imzaladı ki, bunlar mətbuata dövlət dəstəyinin institsionallığını təmin etdi. Digər tərəfdən, müstəqillik illərində milli mətbuatımızın yubileylərinin keçirilməsi ənənəsinin əsasını qoyan məhz Prezident Heydər Əliyev olmuşdu. Ulu öndərin mətbuat azadlığının təminatı baxımından həyata keçirdiyi ən böyük tədbirlərdən biri də Mətbuat və İnformasiya Nazirliyinin ləğvi idi. Bunun özü də tamamilə yeni mərhələnin – belə demək mümkünsə, mətbuatın dövlətsizləşdirilməsi yolunun başlanğıcıdır.

Yaxşı yadımdadır ki, Heydər Əliyev jurnalistlərlə görüşlər keçirir, onların problem və çətinlikləri ilə maraqlanırdı. Təşkilati dəstəkdən söz düşmüşkən, bildirim ki, o dönəm qəzetlərin Azərbaycan Nəşriyyatına olan boclarının dondurulması bu baxımdan əhəmiyyətli olmuşdu.

Ulu öndər, eyni zamanda, media sahəsindəki qabaqcıl təcrübənin tətbiqi ilə bağlı jurnalist cameəsi tərəfindən irəli sürülmüş fikirləri də dinləyir, dəstəyini göstərirdi. 2003-cü ildə bütövlükdə postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda medianın özünütənzimləmə modeli kimi Mətbuat Şurasının yaradılması da bu dəstəyin sayəsində gerçəyə çevrilmişdi.

İlham Əliyevin Prezidentliyi dönəmi, bir çox sahələrdə olduğu kimi, media sahəsində də xəyalların gerçəkləşməsi dövrüdür. Dövlətimizin başçısı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş mediaya dövlət dəstəyi ənənəsini daha da dolğunlaşdırdı. Müstəqillik illərində ilk dəfə milli mətbuatımızın 130 illik yubileyində qələm sahibləri dövlət təltiflərinə layiq görüldülər. Bu baxımdan “Əməkdar jurnalist” fəxri adının bərpası xüsusi vurğulanmalıdır. Ümumən, milli mətbuatımızın 135, 140, 145 illik yubileylərinin təntənəli şəkildə qeyd edildiyinin şahidiyik. İnanırıq ki, 150 illik yubiley də əvvəlkilər kimi böyük coğşu, qürur və sevinc səhnələri ilə yadda qalacaq.

Onu da bildirim ki, Prezident İlham Əliyevin yeritdiyi siyasət həm redaksiyaların maddi-texniki bazasının gücləndirilməsini, həm medianın rəqabətə davamlılığının, iqtisadi potensialının artırılmasını, həm jurnalistlərin sosial-məişət şəraitinin yüksəldilməsini rəhbər tutur. Ümumən, fundamental səciyyə daşıyan mediaya dəstək siyasəti jurnalistikanın potensialının xalq, dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət daşıyan məsələlərə səfərbərliyinin təminatına yönəlmiş mütərəqqi hadisədir.

Prezident İlham Əliyev istər jurnalistlərlə görüşlərində, istərsə də ayrı-ayrı çıxışlarında Azərbaycan mediasının qlobal gündəmini müəyyənləşdirən fikirlər də səsləndirib. Bu onu deməyə əsas verir ki, hazırkı dövrdə başlıca vəzifə dünyanın media orqanları sırasında yer tutmaqdır. Çünki müasir Azərbaycan beynəlxalq aləmin hesablaşdığı mühüm regional aktordur. Mövcud amplua həm üstünlükdür, həm də risk və təhdid yaradır.

Media nə qədər güclü olsa, risklər bir o qədər minimallaşar, təhdidlər əhəmiyyətini itirər. Nəzərə alaq ki, informasiya əsrində yaşayırıq və indiki dövrdə informasiya təhlükəsizliyi dövlət təhlükəsizliyinin mühüm komponentidir. Deməli, medianın adekvat fəaliyyəti, jurnalistlərimizin hazırlıq səviyyəsinin yüksəkliyi, xüsusən, Prezident İlham Əliyevin vurğuladığı kimi, xarici dil biliklərinə yiyələnmələri son dərəcə vacibdir. Nəinki vacib, hətta günümüzün təxirəsalınmaz tələbidir.

– Risk və təhdidlərdən söz düşmüşkən, Rəşad müəllim, əslində, bu barədə bəhs etdiniz. İstərdik ki, məsələnin üzərində bir qədər geniş dayanaq. Ölkəmizin beynəlxalq aləmdə oynadığı rolun, mühüm aktorluq missiyasının dünyada qısqanclıqla qarşılandığını görürük. Sizcə, əlamətdar yubileyini qeyd edən Azərbaycan mediasının bu mənfi tendensiyanın informasiya təzahürlərinə qarşı səfərbərliyi nə dərəcədə qənaətbəxşdir?

– Bəribaşdan deyim ki, Prezident İlham Əliyev ölkəmizə qarşı yönəlmiş media təhdidlərinə qarşı mübarizənin ən böyük örnəyidir. Dövlətimizin başçısının Vətən müharibəsi günlərində dünyanın otuzdan çox media orqanına verdiyi müsahibələr zəfərimizin informasiya təminatı baxımından misilsiz rol oynadı. Prezident media cəbhəsində sanki təkbaşına mübarizə apararaq təhdidləri nəinki neytrallaşdırdı, hətta tamamilə zərərsizləşdirdi.

44 günlük müharibə başlayanda dünyanın bəzi media orqanları elə rəy formalaşdırmışdılar ki, guya işğalçı Azərbaycandır, təcavüzə məruz qalan Ermənistan. Bəzən ədalətsizliyin, qərəzin özünü göstərmə səviyyəsindən heyrətə gəlirdik. Hərdən isə elə təəssürat da var idi ki, beynəlxalq təzyiqlər Azərbaycanın haqq davasını dayandıracaq. Prezident İlham Əliyev müsahibələri, xalqa müraciətləri ilə, habelə, həmin müsahibə və müraciətlərdəki bədən dili, mimika və jestikulyasiyaları ilə insanlarımızda əminlik və nikbinlik, qələbəyə dərin inam hissi aşıladı.

Ən başlıcasi isə ölkəmizin liderinin hər fikri Azərbaycan mediası üçün fakt bazası oldu. Yəni, cənab İlham Əliev düşüncə və mükalimələri ilə dünya mediasındakı ədalətsizliklərə qarşı media müstəvisindəki mübarizənin forma və üsullarını göstərirdi. Hesab edirəm ki, dövlət başçımızın Vətən müharibəsi günlərində xarici mediaya müsahibələri ayrıca kurs kimi öyrənilməlidir. Bu, təkcə mənim fikrim deyil, çoxsaylı sahə ekspertlərinin yekdil qənaətidir.

Digər tərəfdən, informasiya təhdidləri yalnız dövlət siyasətinə qarşı yönələn mahiyyət daşımır. Bütövlükdə cəmiyyətimizin alt qatlarına təsir göstərmək, ənənələrimizə, adətlərimizə, dəyərlərimizə, düşüncə sistemimizə təcavüz niyyətləri də var. Fikrimcə, 44 günlük müharibə günlərində jurnalistlərimizin topladığı təcrübə belə hallara qarşı da səfərbərlik üçün immunitet formalaşdırıb.

Əlbəttə, dünya sürətlə dəyişir. İnformasiya təhdidlərinin forma və üsulları da həmçinin. Onların öyrənilməsi və belə hallara qarşı zamanında reaksiya verilməsi mütləqdir ki, cəmiyyət yanlış yönlənməsin. Şübhəsiz, “Media haqqında” Qanundakı media savadlılığı anlayışından irəli gələn məqsəd və vəzifələrin həlli bu baxımdan əhəmiyyətli rol oynayacaq.

Onu da fəxrlə bildirməliyəm ki, Azərbaycan media fəaliyyətinin bütün müasir aspektlərinə nəzər yetirilməsi baxımından mühüm platformaya çevrilib. Medianın İnkişafı Agentliyinin artıq ikinci ildir düzənlədiyi Şuşa Qlobal Media Forumları bu baxımdan xüsusi vurğulanmalıdır. Çoxsaylı nüfuzlu beynəlxalq ekspertlərin, tanınmış müstəqil jurnalistlərin, media orqanları təmsilçilərinin qatıldıqları forumda dünyanın media gündəmi detallı müzakirə olunur. O cümlədən, dezinformasiya meyilləri, feyk xəbər yayıcılığı və digər manipulyativ hallar ətrafında da fikir mübadilələri aparılır. Bütün bunlar informasiya təhdidləri ilə mübarizə, ümumən informasiya təhlükəsizliyinin təminatı baxımından önəmlidir.

– Bir qayda olaraq, hər yubileydə Mətbuat Şurasının da üzərinə, sözün yaxşı mənasında, yük düşür. Bilmək istərdik, Şuranın milli mətbuatımızın 150 illiyi ilə bağlı hansı planları var?

– Milli mətbuatımızın 150 illiyi ilə bağlı tədbirlər planını Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclasında müzakirəyə çıxaracağıq. Hələlik detallara varmaq istəməzdim. Yalnız onu deyim ki, plan əlamətdar tarixə dəyər baxımından əhatəli olacaq. Ötən illərə nəzərən deyə bilərəm ki, Mətbuat Şurasının milli mətbuatımızın yubileyləri ilə bağlı dövlətimiz tərəfindən müəyyənləşdirilmiş xəttə dəstək ənənəsi də var. Şura bu istiqamətdəki fəaliyyətə, üzərinə düşən vəzifələrin icrasına tam hazırdır.

Onu da bildirim ki, mətbuatımızın yubileyləri, bütövlükdə, cəmiyyətimiz üçün əlamətdar hadisədir. 150 illiyə dəyəri ifadə edən hazırkı fəaliyyət baxımından MEDİA Agentliyinin təşəbbüsü ilə milli mətbuatımızın yubiley medalının təsis edilməsini yüksək qiymətləndirirəm. Əminəm ki, haqqı çatan hər bir həmkarım bu medalla təltif olunacaq.

Əlbəttə, yubiley ilindən gözləntilər də olmalıdır. Ötən il Türkiyənin Elazığ vilayətinə səfərim çərçivəsində bölgənin Harput qəsəbəsindəki Mətbuat Muzeyinə baş çəkdim. Bu sənət məbədində qardaş ölkənin mətbuat tarixi ilə bağlı zəngin eksponatlar toplanıb. Harput Mətbuat Muzeyi Türkiyədə sayca 6-cı belə məkandır. Ölkəmizdə də indiyədək mətbuat muzeyinin formalaşdırılması ilə bağlı müxtəlif təşəbbüslər irəli sürülüb. Mətbuat Şurasının İdarə Heyətinin üzvü, dəyərli həmkarımız Akif Aşırlı rəhbərlik etdiyi “Şərq” qəzeti redaksiyasında bu istiqamətdə addım atılıb, bir çox tarixi eksponatlar, əlyazmalar toplayıb. Ancaq yaxşı olar ki, mətbuat muzeyi məsələsinə daha geniş aspektdən yanaşılsın. Bunun üçün dövlət dəstəyi vacibdir.

Arzu edərdik ki, Azərbaycanın ilk mətbuat muzeyi mədəniyyət və incəsənət xəzinəmiz sayılan Şuşada, yaxud Xankəndi şəhərində fəaliyyət göstərsin. Fikrimcə, təşəbbüsümüzün, daha doğrusu, arzumuzun reallaşması milli mətbuatımızın 150 illik yubileyinə layiqli töhfə olardı.

Söhbəti apardı:
R.AMİN

XQ



Müsahibə