“AGAS Group” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Parkının rezidenti statusu verilib. Bununla da, sənaye parkının rezidentlərinin sayı 12-yə çatıb.
Yeni rezident tərəfindən sənaye parkına 1,4 milyon manatdan çox investisiya yatırılacaq. Şirkət parkın ərazisində 2,5 meqavatlıq günəş elektrik stansiyasının qurulması planlaşdırılır. Layihənin həyata keçirilməsi ilə Hacıqabul Sənaye Parkının enerji təminatının bir hissəsi alternativ və bərpa olunan enerji mənbələrinin hesabına ödəniləcək
Xatırladaq ki, ötən ilin avqust ayında İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Azərbaycanda alternativ enerji stansiyalarının qurulması ilə ixtisaslaşan “AGAS Group” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Həmin razılaşmanın nəticəsi olan günəş elektrik stansiyasının qurulması layihəsi çərçivəsində 5 nəfər daimi işlə təmin ediləcək.
Yeri gəlmişkən, Hacıqabul Sənaye Parkı Prezident İlham Əliyevin 12 iyun 2024-cü il tarixli fərmanı ilə keçmiş Hacıqabul Sənaye Məhəlləsinin əsasında yaradılıb. Parkın təşkilində məqsəd ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun daha da artırılmasından ibarətdir.
60 hektar ərazini əhatə edən Hacıqabul Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədi ilə istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən istahsalat sahəsidir. Sənaye parkının rezidentləri minik avtomobillərinin, tikinti materiallarının, müxtəlif növ polad şurupların, taxta məhsullarının, plastik qabların və taraların istehsalı və s. sahələr üzrə ixtisaslaşıb.